Müasir dünyada dövlətlərarası münasibətlər artıq sadəcə quru diplomatik protokollar və imzalanan sazişlərlə ölçülmür. Bu günün beynəlxalq münasibətlər sistemində həqiqi tərəfdaşlıq xalqlar arasındakı etimad, çətin anlarda nümayiş etdirilən humanitar həmrəylik və qarşılıqlı maraqlara söykənən praqmatik addımlarla formalaşır. Məhz bu prizmadan yanaşdıqda, Azərbaycan ilə Ukrayna arasındakı əlaqələr son illərdə özünün keyfiyyətcə yeni daha sistemli və strateji məzmun kəsb edən mərhələsinə qədəm qoyub. Bu münasibətlərin təməlində dayanan ən mühüm prinsip hər iki dövlətin bir-birinin suverenliyinə və ərazi bütövlüyünə olan sarsılmaz hörmətidir. Prezident Volodimir Zelenskinin Azərbaycana reallaşdırdığı səfər, Bakı və Kiyev arasındakı münasibətlərin sadəcə diplomatik bir təmas deyil, hər iki dövlət üçün həyati əhəmiyyət kəsb edən strateji bir dönüş nöqtəsi olduğunu bir daha təsdiq etdi. Bu səfəri müasir dövrün mürəkkəb geosiyasi şəraitində dostluq və praqmatizmin növbəti nümayişi kimi xarakterizə etmək olar.
Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov “İki sahil”ə açıqlamasında bildirib.
K.Bayramov qeyd edib ki, aprelin 25-də Qəbələdə baş tutan yüksək səviyyəli görüş, Azərbaycan və Ukrayna arasındakı strateji tərəfdaşlığın sarsılmazlığını və yeni prioritetlərini bütün dünyaya nümayiş etdirdi. İki ölkə arasındakı münasibətlərin suverenliyə hörmət və ərazi bütövlüyünün tanınması kimi fundamental prinsiplər üzərində qurulması, bugünkü mürəkkəb geosiyasi şəraitdə xüsusi əhəmiyyət kəsb edir. Qəbələ görüşü sadəcə diplomatik bir təmas deyil, həm də iqtisadi-siyasi və humanitar sahələrdə gələcək birgə addımların koordinasiyası üçün mühüm platformadır. Prezident İlham Əliyev mətbuata bəyanatında dövlətlərarası dialoqun intensivliyini və əldə olunan etimad mühitini yüksək qiymətləndirərək bildirmişdir: “Son dörd il ərzində prezidentlər səviyyəsində yeddi görüşün keçirilməsi, - sonuncu görüş iki ay bundan əvvəl Münxen şəhərində olmuşdur, - gözəl göstəricidir. Bu, əlaqələrimizin nə qədər dinamik olmasından xəbər verir. Biz bu gün qarşılıqlı hörmətdən, qarşılıqlı maraqların təmin edilməsindən danışırıq. Əminəm ki, bugünkü səfər Azərbaycan-Ukrayna dostluq əlaqələrinin inkişafına növbəti mühüm töhfə olacaqdır.”
Bu fikirlər bir daha təsdiq edir ki, Bakı və Kiyev arasındakı əlaqələr müvəqqəti konyunkturaya deyil, dərin tarixi köklərə və gələcəyə hesablanmış strateji hesablamalara söykənir. Xüsusilə son illərdə artan təmaslar iki ölkənin həm regional, həm də beynəlxalq müstəvidə bir-birinə olan ehtiyacını və dəstəyini vizuallaşdırır. Qəbələdə keçirilən ali səviyyəli görüşdə dövlət başçılarının mətbuata bəyanatları ölkələrimiz arasındakı dostluğun sadəcə siyasi bəyanatlardan ibarət olmadığını, həm də dərin mənəvi və humanitar əsaslara söykəndiyini bir daha nümayiş etdirdi. Ukrayna Prezidenti Volodimir Zelenski çıxışında Azərbaycanın çətin günlərdə nümayiş etdirdiyi qardaşlıq addımlarını və göstərilən sistemli dəstəyi xüsusi vurğulayaraq demişdir: “Cox ağır bir dövrdə biz Azərbaycandan 11 yardım paketini almışıq. Biz bu yardıma görə öz təşəkkürümüzü bildiririk. Biz bu haqda xeyli söhbət etdik. Biz, həmçinin, cənab Prezident, xüsusi olaraq Sizə təşəkkürümüzü bildiririk ki, bizim uşaqlarımıza kömək edirsiniz. O uşaqlar, övladlarımız cəbhəyanı bölgələrdən gəlirlər. Onlar əzab-əziyyətlərlə üzləşiblər, müharibədən əziyyət çəkiblər. Dəstəyinizə görə təşəkkür edirik. Beş yüzdən artıq ukraynalı uşaq buradadır və bu humanitar dəstəyə görə Sizə minnətdarıq.”
Bu səmimi minnətdarlıq ifadələri Azərbaycanın beynəlxalq müstəvidə həyata keçirdiyi humanitar siyasətin və xalqlar arasında qurulan mənəvi körpülərin bariz nümunəsidir. Ukraynalı uşaqların reabilitasiyası və ölkənin enerji-infrastruktur sisteminə verilən dəstək, Bakının strateji tərəfdaşlıq fəlsəfəsinin sadiqliyini və humanizm prinsiplərinə verdiyi ali önəmi təsdiqləyir.
Deputat diqqətə çatdırıb ki, Azərbaycanın Ukraynaya göstərdiyi dəstək təkcə diplomatik müstəvidə deyil, həm də həyati əhəmiyyət kəsb edən enerji infrastrukturunun bərpası istiqamətində özünü qabarıq büruzə verir. Müharibənin gətirdiyi dağıntılar nəticəsində sosial obyektlərin fəaliyyətinin iflic olduğu bir şəraitdə, rəsmi Bakının göndərdiyi generatorlar və digər texniki avadanlıqlar mühüm bir xilasedici rolunu oynayır. Bu addım sırf humanitar missiya daşıyaraq, xəstəxana, məktəb və körpələr evi kimi kritik binaların işıqsız və istiliksiz qalmasının qarşısını alır, minlərlə insanın gündəlik həyat şəraitini qoruyur.
İki ölkə arasındakı münasibətlərin sarsılmaz sütunlarından birini isə cəmiyyətlərarası təmaslar təşkil edir. Ukraynadakı Azərbaycan diasporu bu gün sadəcə bir icma deyil, ölkənin iqtisadi, mədəni və ictimai həyatına inteqrasiya olunmuş fəal bir qüvvədir. Soydaşlarımızın yerli mühitdəki aktivliyi xalqlar arasında qarşılıqlı etimadı gücləndirən ən etibarlı faktorlardandır. Diaspor təşkilatları həm biznes əlaqələrinin şaxələnməsində, həm də mədəni dəyərlərin təbliğində strateji bir körpü funksiyasını uğurla yerinə yetirir.Beləliklə, istər dövlət səviyyəsindəki texniki dəstək, istərsə də xalqlar arasındakı mənəvi bağlar Azərbaycan-Ukrayna tərəfdaşlığının sarsılmaz və çoxtərəfli olduğunu bir daha sübut edir.
K.Bayramov əlavə edib ki, İki ölkə arasında əməkdaşlığın ən perspektivli istiqamətlərindən biri də mina təhlükəsizliyi sahəsidir. İşğaldan azad edilmiş torpaqlarda həyata keçirilən genişmiqyaslı minatəmizləmə əməliyyatları Azərbaycanda bu istiqamətdə nadir institusional təcrübənin yaranmasına zəmin yaradıb. Müasir texnoloji həllər, pilotsuz uçuş aparatları vasitəsilə minalanmış sahələrin müəyyənləşdirilməsi və təkmil xəritələşdirmə metodları gələcəkdə Ukrayna üçün də əvəzsiz bir təcrübə bazası ola bilər. Siyasi müstəvidə isə Azərbaycanın mövqeyi dəyişməzdir: rəsmi Bakı xarici siyasətini milli maraqlara söykənən müstəqil və balanslaşdırılmış kurs üzərində qurur. Ölkəmiz bütün dövlətlərin suverenliyini və ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyir, Ukrayna-Rusiya münaqişəsinin isə yalnız beynəlxalq hüquq normaları çərçivəsində, siyasi dialoq yolu ilə həllinin tərəfdarı kimi çıxış edir. Bu yanaşma Azərbaycanın prinsipial və şəffaf xarici siyasətinin aydın təzahürüdür. Yekun olaraq qeyd etmək lazımdır ki, Azərbaycan-Ukrayna münasibətləri emosional amillərdən daha çox, strateji praqmatizm və real maraqlar üzərində yüksəlir. Humanitar dəstək, iqtisadi tərəfdaşlıq, siyasi tarazlıq və beynəlxalq hüquqa sadiqlik bu əlaqələri gələcəyə daşıyan əsas sütunlardır.
Azərbaycan Prezidenti: “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülmək böyük şərəfdir
Prezident İlham Əliyev: Azərbaycan xalqı sülhün və barışığın dəyərini çox yaxşı anlayır