Almaniya kansleri Fridrix Mertsin hərtərəfli razılaşma əldə olunacağı təqdirdə İrana qarşı sanksiyaların mərhələli şəkildə yumşaldılmasına icazə vermək təklifi belə addımları erkən hesab edən Avropa İttifaqı (Aİ) liderləri tərəfindən birmənalı qarşılanmayıb.
“İki sahil” xəbər verir ki, bu barədə Merts Nikosiyada Aİ liderlərinin sammitinin yekunlarına dair brifinqdə bildirib.
O qeyd edib ki, əgər İran regionda deeskalasiya və təhlükəsizlik zəmanətləri də daxil olmaqla güzəştlərə gedərsə, məhdudiyyətlərin yumşaldılmasına diplomatik prosesin bir hissəsi kimi baxmaq olar.
"Əgər hərtərəfli razılaşma əldə olunarsa, biz sanksiyaları mərhələli şəkildə yumşaltmağa hazırıq", - o deyib.
Bununla yanaşı o vurğulayıb ki, həmin məqam hələ gəlib çatmayıb. Kansler İrana qarşı sanksiyaların mümkün yumşaldılmasını üç əsas şərtin yerinə yetirilməsi ilə əlaqələndirib: Hörmüz boğazında gəmiçilik azadlığının təmin edilməsi, İranın nüvə proqramının tam və qəti şəkildə dayandırılması, eləcə də İsrailə və qonşu ölkələrə qarşı təhdidlərə son qoyulması.
Lakin Brüsseldə bildirilib ki, belə bir imkan yaxın perspektivdə real görünmür.
Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Nikosiyada sammitin yekun mətbuat konfransında vurğulayıb ki, Tehranın davranışını nəzərə alaraq, sanksiyaların yumşaldılması barədə danışmaq hələ tezdir.
"Hər hansı sanksiyaların yumşaldılması barədə danışmaq üçün hələ çox tezdir... Biz rejimin mahiyyətini və öz xalqına qarşı zorakılığı diqqətdən kənarda qoya bilmərik", - o bildirib.
O əlavə edib ki, nüvə proqramı, ballistik raketlər və proksi qruplara dəstək məsələləri əsas olaraq qalır.
Avropa İttifaqı Şurasının sədri Antonio Koşta da sanksiyaların mümkün ləğvini sərt şərtlərlə əlaqələndirib.
"Sanksiyaların yumşaldılması deeskalasiyadan və daxili repressiv siyasətdəki dəyişikliklərdən asılı olmalıdır", - o deyib.
Onun sözlərinə görə, Aİ vahid cəbhədən çıxış edir və İran tərəfindən real addımlar atılmadan təzyiqi zəiflətməyə hazır deyil.