22 aprel 2026 14:39
166

Maliyyə icarəsi fəaliyyəti Mərkəzi Bankın nəzarətinə veriləcək

“Maliyyə icarəsi haqqında” yeni qanun layihəsində əsas məsələlərdən biri Mülki Məcəllə və Vergi Məcəlləsi arasında ziddiyyətli məqamlardan biri olan maliyyə icarəsi alan (icarəçi) şəxslərin dairəsinin dəqiqləşdirilməsi ilə bağlıdır. Qanun layihəsinə əsasən, icarəçi kimi yalnız fərdi sahibkarlar və hüquqi şəxslər çıxış edə biləcəklər. Bu yanaşma maliyyə icarəsinin sahibkarlıq fəaliyyəti ilə əlaqəli olması xüsusiyyətinə, eləcə də Vergi Məcəlləsində təsbit edilmiş yanaşmaya uyğundur.

“İki sahil” xəbər verir ki, bu məsələ parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin aprelin 22-də keçirilən iclasında müzakirəyə çıxarılıb.

Qanun layihəsi ilə maliyyə icarəsi verənlərin fəaliyyətinin prudensial tənzimlənməsi və onların fəaliyyətinə nəzarətlə bağlı tənzimləmə çərçivəsi formalaşdırılır. Layihənin qəbul edilməsi ilə maliyyə bazarlarında tənzimləmənin xüsusiyyətləri nəzərə alınmaqla, maliyyə icarəsi fəaliyyəti ilə (maliyyə icarəsi verən qismində) yalnız hüquqi şəxslər məşğul ola biləcək və bunun üçün Mərkəzi Bank tərəfindən yaradılacaq maliyyə icarəsi verənlərin reyestrinə daxil edilmə əsas şərt hesab ediləcək. Bu məqsədlə bu fəaliyyətlə məşğul olmaq istəyən şəxslər tələb edilən sənəd və məlumatları Mərkəzi Banka təqdim edəcək.

Layihədə icarəyə verənlər üçün minimum nizamnamə kapitalına və öz vəsaitlərinə (xarici hüquqi şəxsin yerli filialı həmin vəsaitlərə bərabər tutulmuş vəsaitlərə) malik olma tələbi müəyyən edilmiş və bu vəsaitlərin minimum məbləği, formalaşdırılması, hesablanması qaydası, strukturu və tərkibi ilə bağlı tələblərin Mərkəzi Bank tərəfindən müəyyənləşdirilməsi təsbit edilib.