22 aprel 2026 14:04
238

Vüqar Rəhimzadə: Belçika və Niderland parlamentlərinin qərəzli qətnamələri sülh prosesinə zərbə vurmaq məqsədi daşıyır 

Dövlət başçısı İlham Əliyevin “İşğala, etnik təmizləməyə və soyqırımına məruz qalmış, suverenliyini, ərazi bütövlüyünü və ləyaqətini güc tətbiqi ilə bərpa etmiş, daha sonra isə o zaman məğlub olmuş düşmənə sülh təklif etmiş ölkə olmağımız - hesab edirəm ki, bu, beynəlxalq ictimaiyyətlə paylaşa biləcəyimiz nadir bir təcrübədir. Mən dəfələrlə demişəm ki, biz Ermənistanla sülhü yalnız kağız üzərində əldə etməmişik, sülh sazişi yeddi ay əvvəl paraflandı və birgə bəyanat qəbul olundu. Lakin biz artıq real həyatda sülhü təmin etmişik. Sərhədimizdə sakit vəziyyət hökm sürür, atəş açılmır, artıq heç bir qurban və itki yoxdur” fikirləri bu günlərdə Belçika və Niderland  parlamentləri Nümayəndələr palatalarının qəbul etdikləri, Azərbaycan-Ermənistan sülh prosesinə, hər iki ölkənin birgə səyləri ilə regionda təhlükəsizlik  və əməkdaşlıq mühitinin formalaşmasına yönəlmiş addımlarına zərbə vurmaq məqsədi daşıyan qətnamələrin nə qədər əsassız, sülhə qarşı yönəlmiş  təxribat olduğunu bir daha təsdiqləyir.

 Azərbaycana qarşı  zaman-zaman belə qərəzli qətnamələr qəbul edilsə də reallıqlarımız onların adi kağız parçasından başqa bir şey olmadığını həm həmin sənədlərin müəlliflərinə, həm də ümumilikdə Azərbaycanın uğurlarını, müstəqil siyasətini, regionda və dünyada yerinin, nüfuzunun möhkəmlənməsini həzm edə bilməyən dövlətlərə əsaslı şəkildə nümayiş etdirib. Belə heç bir reallığa söykənməyən sənədlər Azərbaycanın ədalətə və beynəlxalq hüquqa söykənən siyasətinə təsir etmək imkanında deyil və edə də bilməz. Hazırda Azərbaycanın dünyaya təqdim etdiyi sülh təcrübəsi, modeli beynəlxalq arenada  yüksək səviyyədə təqdir edilir, yeni əməkdaşlıq modellərinin yaradılması fonunda ölkələr, xalqlar daha da yaxınlaşır, sülhün, təhlükəsizliyin, qarşılıqlı etimad mühitinin mövcudluğunun dövlətlər arasında əlaqələrin inkişafında əhəmiyyətli rolu bir daha açıqlanır. Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin  nüfuzlu Şeyx Zayed Fondu tərəfindən layiq görüldüyü “Zayed İnsan Qardaşlığı Mükafatı”  diplomatik uğurla yanaşı, eyni zamanda,  Azərbaycanın sülh gündəliyinin dünya tərəfindən qəbul edilməsinin təsdiqidir.  

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Milli Məclisin deputatı qeyd edib ki, Belçika və Niderland  parlamentləri Nümayəndələr palatalarının qətnamələrində  Azərbaycan ilə Ermənistan arasında mövcud olmuş münaqişənin tarixi,  nəticələri təhrif edilir, beynəlxalq hüququn norma və prinsipləri  kobud şəkildə pozulur. Artıq tarixin arxivinə atılmış Qarabağ münaqişəsinin mahiyyətindən, 30 illik işğal dövrünün reallıqlarından, 44 günlük Vətən müharibəsini şərtləndirən amillərdən, tarixi Zəfərimizin və suverenliyimizin bərpasının yaratdığı yeni reallıqlardan xəbərsiz olan həmin qətnamələrin “müəllifləri”  erməni faşizminə  sevgilərini nümayiş etdirmədən öncə gerçəklikləri öyrənmək barədə düşünsəydilər daha yaxşı olardı. Onların qəbul etdikləri bu sənədlər qeyri-sağlam və irqçi təxəyyülün məhsuludur. Azərbaycan atdığı hər bir addımında ədalətə və beynəlxalq hüquqa söykənir. Azərbaycan qalib dövlət olmasına baxmayaraq, regionda dayanıqlı sülhün, təhlükəsizliyin təmin edilməsi üçün qarşı tərəfə sülh təklifini etməklə  dünya tarixində ilkə imza atdı. Hər zaman vurğulandığı kimi, bu, tarixi Zəfərimizə qədərki dövrün reallıqlarını, Azərbaycanın yaşadığı faciələri, soydaşlarımızın qaçqın və məcburi köçkün düşmələrini, şəhidlərimizi unutmağımız anlamına gələ bilməz. Sadəcə regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi zamanın tələbidir. Bu baxımdan  Belçika və Niderland parlamentariləri çirkin niyyətlərini, məqsədlərini erməni sevgisi adı altında ört-basdır etməyə çalışanda qeyd etdiyimiz reallıqları unutmamalı idilər. Dövlət başçısı İlham Əliyev çıxışlarında qeyd etdiyi kimi, biz uzunmüddətli deyil, əbədi sülhə sadiqik. Bu, bizim strategiyamız və siyasətimizdir və bir daha onu nümayiş etdirir ki, Azərbaycan sülhsevər ölkədir. İkinci Qarabağ müharibəsi və daha sonra antiterror əməliyyatı zamanı bizi ittiham edənlər ya uzaqgörən deyildilər, ya da qərəzli idilər. Çünki bizim gördüyümüz hər bir iş beynəlxalq hüquqa uyğun idi, biz gücdən istifadə edərək sülhə nail olduq və bu gün bunu nümayiş etdiririk.

Vüqar Rəhimzadə vurğulayıb ki, Belçika və Niderland parlamentləri  Nümayəndələr palatalarının  aprelin 16-da qəbul etdikləri  heç bir əsasa söykənməyən, qərəzli qətnamələr Azərbaycan-Ermənistan sülh prosesinə, regionda sülh və əməkdaşlıq mühitinin formalaşmasına yönələn addımlara zərbə vurmaq məqsədi daşıyır. Ötən ilin avqustunda ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Ermənistanla Azərbaycan arasında tarixi sülh razılaşmasının əldə edilməsi  regionda yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilir. Həmin sülh gündəliyində beynəlxalq hüququn  beş əsas prinsipi öz əksini tapıb. Belçika və Niderland parlamentarilərinin sülh gündəliyində əksini tapmayan tələbləri gündəmə gətirmək cəhdləri sülh  prosesinə əngəl olmağa, regionda formalaşan həssas balansı pozmağa hədəflənir. Belə ki,  Niderland parlamentinin Nümayəndələr Palatası deputat Don Sederin təklifi ilə Azərbaycana və onun vətəndaşlarına qarşı cinayətlər törətməkdə təqsirli bilinərək həbs edilən erməni terrorçularının azad edilməsi və qondarma erməni soyqırımının tanınması haqqında sənədlə hökumətə müraciət edib. Belçika Parlamentinin Nümayəndələr Palatası isə deputat Mişel de Maqdanın hazırladığı oxşar məzmunlu sənəd qəbul edib. Sənəddə, həmçinin Azərbaycanı könüllü tərk etmiş Qarabağ ermənilərinin geri qaytarılması tələb olunur. Belçika və Niderlandın, iki Avropa ölkəsinin parlamentində bəzi dünya güclərinin  ikili standatlara əsaslanan siyasətini özündə ehtiva edən, heç bir araşdırma aparılmadan birtərəfli sənədin qəbul olunması müxtəlif sualların yaranmasına səbəb olmaya bilməz. Çünki  hər iki ölkə  beynəlxalq hüquq çərçivəsində Azərbaycanın ərazi bütövlüyünü tanıyır, ölkəmizin suverenliyini şübhə altına almır. Belə bir məqamda mövcud  reallıqla  ziddiyyət təşkil edən sözügedən kağız parçalarının  qəbul edilməsi diqqətdən kənarda qala bilməz. Bu qətnamələr Belçika və Niderland parlamentlərinin Azərbaycana qarşı ilk qərəzli addımları  deyil. Belə təşəbbüslər dəfələrlə olub və artıq sistemli xarakter alıb. Azərbaycanın xarici siyasətinin dəyişməz prinsipləri  beynəlxalq münasibətlər sistemində  yerinin və növqeyinin möhkəmlənməsində əhəmiyyətli rol oynayır. Dövlətimizin qəbul etdiyi qərarlar real addımları ilə eynilik təşkil edir. Bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı hörmət və maraqlar prinsipi əsasında əməkdaşlıq edən Azərbaycan üçün etimad mühitinin qorunması, ölkələrin daxili işlərinə müdaxilənin yolverilməzliyi prioritetdir.

Millət vəkili  bildirib ki, bəzi dünya dövlətlərinin “öz gözlərində tiri görməyib, başqasının gözündə çöp axtarmaq” prinsiplərinin daim dövlətlərarası münasibətlərdə inamın itməsinə, mübahisələrin, ciddi narazılıqların və narahatlıqların, həmçinin münaqişələrin yaranmasına səbəb olması günümüzün reallıqlarındandır. Bu gün Azərbaycana qarşı qərəzli addımlar atan, əsassız qətnamələri ilə  gündəmdə olan  Niderland və Belçika çox da uzaq olmayan ləkəli  keçmişlərinə nəzər salsalar başqa dövlətin daxili işinə məqsədli şəkildə müdaxilə etmək cəhdlərinin nə qədər yersiz olduğunu görərlər. Tarixləri utancverici məqamlarla zəngin olan  dövlətlərin beynəlxalq hüquqdan, qanunun aliliyindən danışmaları mümkünsüzdür. Bu baxımdan Niderlandın və Belçikanın   müstəmləkəçilik tarixini geniş təhlil etməyə ehtiyac yoxdur.

Vüqar Rəhimzadə belə bir ümumiləşdirmə aparıb ki, bu kimi qərəzli qətnamələr bəzi dünya dövlətlərinin ikili standartlara əsaslanan siyasətinin tərkib hissəsidir. Azərbaycanın müstəqil siyasətini, uğurlarını həzm edə bilməyən  dövlətlər bu gün tarixi Zəfərimizin, suverenliyimizin bərpasının  regionda və dünya siyasətində yaratdığı yenilikləri böyük qısqanclıq hissi ilə qarşılayırlar. Azərbaycanın dünyaya təqdim etdiyi dayanıqlı inkişaf modelini, sülh və əməkdaşlıq nümunəsini həzm etmək üçün ədalətin, beynəlxalq hüququn yanında olmaq lazımdır ki, bu da bəzi dövlətlərin maraqlarına uyğun deyil.  Bu baxımdan ölkəmizə qarşı qəbul edilən,   Azərbaycan  üçün sadəcə  kağız parçası olan qətnamələr  hüquqi deyil, siyasi motivlidir. Azərbaycan hər zaman tutduğu yola sadiqdir. Heç bir qüvvə Azərbaycanın siyasi iradəsinə təsir etmək imkanında deyil.