Ukrayna Ali Radasında daxili işlər naziri İqor Klimenkonun istefasını tələb edən sənəd hazırlanır.
“İki sahil” xəbər verir ki, bu barədə Ali Radanın hüquq-mühafizə fəaliyyəti üzrə komitəsinin üzvü, deputat Yuliya Yatsik bildirib.
O, bir qrup həmkarı ilə İ. Klimenkonun vəzifədən azad edilməsi ilə bağlı sənədi hazırlayaraq növbəti plenar iclasda müzakirələrə çıxaracaqlarını bildirib və bütün deputatları həmrəy olmağa, xalqın əksəriyyətinin tələbini eşitməyə çağırıb.
Nazirin istefa tələbinə səbəb, aprelin 17-də gündüz saatlarında Kiyevdə baş verən terror hadisəsi zamanı polisin məsuliyyətsizliyi, tədbir görməməsi və hadisə zamanı mülki insanları köməksiz qoyaraq qaçması göstərilir.
Qeyd edək ki hadisə ilə bağlı videolar yayılıb. Hazırda Ukrayna ictimaiyyətində polis, ümumiyyətlə Daxili İşlər Nazirliyinin rəhbərliyinin istefası tələb olunur. Ukrayna patrul polisinin komandanı artıq istefa verib.
Xatırladaq ki, Ukraynada hökümətin və üzvlərinin təyinat səlahiyyəti Ali Radaya məxsusdur.