20 aprel 2026 18:30
132

Niderland və Belçika parlamentarilərinin Azərbaycana qarşı növbəti qərəzi

Bir sıra Qərb ölkələri və bəzi beynəlxalq təşkilatlar Azərbaycana qarşı qərəzli münasibətlərini davam etdirirlər. Həmin ölkələr arasında Niderland və Belçikanın parlamentariləri də var.  Bu ölkələrin parlamentlərinin Nümayəndələr palataları yenə Azərbaycan əleyhinə qətnamələrlə gündəmə gəliblər. Belə ki, aprelin 16-da Niderland parlamentinin Nümayəndələr Palatası deputat Don Sederin təklifi ilə Azərbaycana və onun vətəndaşlarına qarşı cinayətlər törətməkdə təqsirli bilinərək həbs edilən erməni terrorçularının azad edilməsi və qondarma erməni soyqırımının tanınması haqqında sənədlə hökumətə müraciət edib. Belçika Parlamentinin Nümayəndələr Palatası isə deputat Mişel de Maqdanın hazırladığı oxşar məzmunlu sənəd qəbul edib. Sənəddə, həmçinin Azərbaycanı könüllü tərk etmiş Qarabağ ermənilərinin geri qaytarılması tələb olunur.

Qeyd edək ki, Niderland və Belçika parlamentləri tərəfindən  Azərbaycana qərəz ilk dəfə müşahidə olunmur. Şübhəsiz, bu məsələdə erməni diasporunun “əməyi” böyükdür. Görünür, erməni diasporu maliyyə imkanları hesabına adları çəkilən parlamentariləri yenidən ələ almağı bacarıb. Yoxsa onlar belə sayıqlamazdılar.

Tutarlı faktlar əsasında rəsmi Bakı minlərlə dinc insanların qətlinə əmr verməkdə, insanlıq əleyhinə ağlasığmaz cinayətlərin törədilməsində təqsirləndirilən və bunları açıq şəkildə etiraf edən şəxsləri cəzalandırıb. Özü də beynəlxalq hüquq normaları çərçivəsində... Elə bu səbəbdən onların bu şəkildə müdafiə olunması beynəlxalq hüquqa tamamilə  hörmətsizlikdir.

Bütün dünya da  etiraf edir ki, Azərbaycan nə Vətən müharibəsi, nə də bir günlük antiterror əməliyyatı zamanı heç bir etnik təmizləmə aparmayıb. Sadəcə, müzəffər ordumuzun keçirdiyi lokal antiterror tədbirindən sonra erməni əsilli şəxslər heç bir səbəb olmadan bölgəni tərk ediblər. Halbuki, rəsmi Bakı beynəlxalq hüquq və daxili qanunvericiliyə uyğun olaraq, əhalinin təhlükəsizliyi üçün bütün şəraiti yaratmışdı. Bunu beynəlxalq təşkilatlar da təsdiqləyiblər. Nədənsə Niderland və Belçika parlamentariləri 1987-1991-ci illərdə Qərbi Azərbaycanda, indiki Ermənistanda yaşayan 300 minə yaxın azərbaycanlının tarixi yurd-yuvalarından zorla qovulması, həmçinin onların qayıdış hüququ barədə bir kəlmə də olsun danışmırlar. Yeri gəlmişkən, haylar 1905-1907, 1918-1920, 1948-1953-cü illərdə də soydaşlarımızı soyqırımı ilə müşayiət olunan deportasiyalara məruz qoyublar. Haylar azərbaycanlıları yurdlarından didərgin salmaqla kifayətlənməyiblər, həm də onların bir etnos kimi izlərini o torpaqlardan silməyə cəhd ediblər. Bütün bu reallıqların fonunda “erməni soyqırımı” iddiasını dəstəkləyən heç bir fakt yoxdur.

Xatırladaq ki, ötən ilin avqustunda Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın ev sahibliyi ilə keçirilmiş Vaşinqton Zirvə Görüşündə Azərbaycan ilə Ermənistan arasında normallaşmada tarixi irəliləyiş əldə edilib. Hazırda iki ölkə  arasında de-fakto sülh bərqərar olub. Sərhədimizdə sakit vəziyyət hökm sürür, atəş açılmır, heç bir qurban yoxdur. Azərbaycan Prezidenti İlham Əliyevin BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının səksən ikinci sessiyasının iştirakçılarına müraciətində deyildiyi kimi, Azərbaycan ilə Ermənistan arasında ticarət münasibətləri başlamışdır və hazırda Azərbaycan Ermənistan üçün tranzit çıxışına şərait yaradır: “Vətəndaş cəmiyyəti nümayəndələrinin qarşılıqlı səfərləri etimadın qurulmasına töhfə verir”. Üstəlik, Azərbaycanın əsas hissəsi və Naxçıvan Muxtar Respublikası arasında maneəsiz əlaqəni təmin edəcək, eyni zamanda, ölkəmiz üzərindən keçən beynəlxalq nəqliyyat və tranzit marşrutlarının şaxələndirilməsinə xidmət göstərəcək “Beynəlxalq Sülh və Rifah Naminə Tramp Marşrutu”nun (TRIPP) – Zəngəzur dəhlizinin də əsası qoyulub.

Görünür, bütün bunlar, həmçinin Cənubi Qafqazda yaranmış digər reallıqlar Niderland və Belçika parlamentarilərini əsla maraqlandırmır. Maraqlandırsaydı, şübhəsiz, belə sayıqlamazdılar.

Yeri gəlmişkən, Belçika Krallığının Azərbaycandakı səfiri Julyen de Frepon və Niderland Krallığının Azərbaycandakı səfiri Marian de Yonq ayrı-ayrılıqda Xarici İşlər Nazirliyinə çağırılıblar. Görüşlər zamanı Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü, eləcə də Azərbaycanla Ermənistan arasında davam edən sülh prosesini sarsıtmaq məqsədi daşıyan növbəti məsuliyyətsiz cəhdlər olan sənədlərə qarşı kəskin etiraz bildirilib. Belçika və Niderland tərəfləri müvafiq parlamentlərində anti-Azərbaycan qruplarının ikitərəfli münasibətlərə zərər verməsinin qarşısını almaq üçün təsirli tədbirlər görməyə çağırılıblar.

Qvami Məhəbbətoğlu, “İki sahil”