18 aprel 2026 17:05
120

Şimali Makedoniya Prezidenti: Azərbaycanla müxtəlif sahələrdə hədəflərimiz var

Azərbaycanla hazırda enerji, informasiya texnologiyaları, turizm və mədəniyyət sahələrində əməkdaşlığımız prioritetlərimiz sırasındadı .

“İki sahil” xəbər verir ki, bunu Antalya Diplomatiya Forumunda iştirak edən Şimali Makedoniyanın Prezidenti Qordana Siljanovska-Davkova "Report"un Türkiyə bürosuna açıqlamasında bildirib.

O, deyib ki, Azərbaycanla Şimali Makedoniyanın münasibətləri çox yaxşıdır və bu münasibətlərin daha da inkişaf edəcəyinə inanır. Keçən il Azərbaycana səfər etdiyini deyən Prezident bildirib ki, bir sıra əməkdaşlıq məsələlərini müzakirə ediblər: "Azərbaycana səfərim çərçivəsində Prezident İlham Əliyevlə yanaşı, bir sıra nazirlərlə də geniş fikir mübadiləsi apardıq. Mən bir neçə dəfə İlham Əliyevlə görüşmüşəm və onun bilik səviyyəsindən, hazırlığından və qlobal əhəmiyyətli məsələlərdə, xüsusilə iqlim dəyişikliyi kimi mövzularda təşəbbüskar mövqeyindən çox məmnunam".

Prezident onu da qeyd edib ki, ölkəsinin Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə də əməkdaşlığı var: "Bu əməkdaşlıq olduqca uğurludur".

Bundan əlavə, Azərbaycanla gələcək əməkdaşlıq perspektivlərinin müzakirə olunduğunu deyən xanım Prezident qarşıda yeni imkanlar açıldığını qeyd edib: "Biz həmişə deyirik ki, azərbaycanlı tərəfdaşlarımıza açığıq. Bizim prinsipimiz budur: əməkdaşlığımız yalnız Avropa ilə məhdudlaşmamalı, daha geniş coğrafiyanı əhatə etməlidir. Bu istiqamətdə dialoqumuz davam edəcək".