17 aprel 2026 19:58
129

TDT turizm imkanlarını genişləndirmək niyyətindədir

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin strateji prioritetlərindən biri də turizm sektrorunun inkişaf etdirilməsi ilə bağlıdır. Bu fikri Ankarada keçirilən VII Beynəlxalq Səyahət və Turizm Dinamikası Konqresində iştirak edən Azərbaycan Turizm və Menecment Universitetinin strateji inkişaf üzrə prorektoru Araz Aslanlı “İki sahil”ə açıqlamasında bildirdi. Onun sözlərinə görə, bu gün turizm bütün dünyada ən gəlirli sahələrdən birinə çevrilməkdədir: “Elə ölkələr var ki, milli gəlirlərinin böyük hissəsini məhz turizmdən götürür. Məsələn, 2025-ci ilin sonuna qədər Türkiyəni 64 milyon turist ziyarət edib, turizm gəlirləri isə 65,2 milyard dollara çatıb”.

Müsahibimiz qeyd etdi ki, TDT-nin müvafiq qurumlarının rəhbərlərinin, o cümlədən Azərbaycan Dövlət Turizm Agentliyinin sədrinin də qatıldığı VII Beynəlxalq Səyahət və Turizm Dinamikası Konqresi Ankara şəhərinin 2026-cı il üçün “Türk dünyasının turizm paytaxtı” seçilməsinə həsr olunsa da, bu nüfuzlu beynəlxalq elmi tədbirdə turzimlə bağlı digər məsələlər də gündəmdədir: “Türkiyənin turizm sənayesinin zəngin təcrübəsinin olduğunu nəzərə alsaq, tədbirin digər türk dövlətlərində iqtisadi sektorun inkişafı üçün faydalı ola biləcəyini düşünürəm. Başqa sözlə desək, beynəlxalq miqyasda təşkil edilən bu konqresin turizm sahəsində yeni əməkdaşlıqların qurulmasına, elmi bilik mübadiləsinin genişləndirilməsinə və Türk dövlətləri arasında turizm strategiyalarının inkişafına mühüm töhfə verəcəyi şəksizdir.

Yeri gəlmişkən, Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy VII Beynəlxalq Səyahət və Turizm Dinamikası Konqresində çıxışı zamanı bildirib ki, ölkəsinin hakimiyyət orqanları TDT çərçivəsində, o cümlədən turizm sahəsində əməkdaşlığı dərinləşdirmək üçün birgə layihə və proqramlar həyata keçirməyə sadiqdir. Bir faktı da qeyd edim ki, əgər 2019-cu ildə ölkəmizə gələn turistlərin təxminən 14 faizi türkdilli dövlətlərin vətəndaşları idisə, ötən ilin sonuna qədər bu rəqəm 26 faizə çatıb. 2019-2025-ci illər arasında türkdilli dövlətlərə səyahət edən  Azərbaycan vətəndaşlarının sayı 38 faiz artıb”.

A.Aslanlının sözlərinə görə, ölkəmizdə turizm sektorunun inkişafı prioritetlər sırasındadır: “Bu, həm də qeyri-neft sektorunun inkişafı deməkdir. Ölkəmizdə iqtisadiyyatın ən gəlirli sahələrindən olan turizmin inkişafı son illərdə diqqət mərkəzindədir və bu sahədə böyük uğurlar əldə edilib. İndi, demək olar ki, respublikamızın hər bölgəsində bu sahə ilə əlaqədar müasir standartlara cavab verən müəssisələr açılıb. Şübhəsiz, bütün bunlar Prezident İlham Əliyevin adı ilə bağlıdır. Dövlətimizin başçısının səyləri nəticəsində Azərbaycan dünyanın cəlbedici turizm ölkələrindən birinə çevrilməkdədir”.

Müsahibimiz daha sonra bildirdi ki, illərlə işğal altında olan Qarabağ və Şərqi Zəngəzurda hazırda aparılan genişmiqyaslı yenidənqurma - beynəlxalq hava limanlarının, dəmir yolunun istifadəyə verilməsi, müasir avtomobil yolları, tunellər və logistika xətlərinin yaradılması fonunda turizm sahəsində görülən işlər təqdirəlayiqdir və bu, turizmin gələcək potensialı üçün möhkəm zəmin yaradır: “Onu da deyim ki, hazırda ölkəmizdə doqquz beynəlxalq hava limanı fəaliyyət göstərir ki, bunlardan üçü respublikanın işğaldan azad edilmiş ərazilərində inşa olunub. Şübhəsiz, bütün bunlar turizmin dayanıqlı inkişafı üçün əsas baza rolunu oynayır. Bu isə o deməkdir ki, Qarabağ və Şərqi Zəngəzur da qlobal turizm üçün strateji əhəmiyyətli mərkəzə çevrilmək üçün hər cür imkana malikdir. Yeri gəlmişkən, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev sözügedən tədbirdə bu barədə də ətraflı söz açdı. Bildirdi ki, ortaq mədəni irs və dəyərlər əsasında formalaşan layihələr zəngin təbiətə malik Qarabağı yalnız bir turizm məkanı deyil, eyni zamanda, Türk dünyasının ortaq mədəni platformasına çevirə bilər. Nəticə etibarilə Qarabağ və Şərqi Zəngəzur regionlarının turizmə açılması yalnız milli deyil, həm də regional miqyasda yeni bir inkişaf modelidir. Unutmayaq ki, bu gün gündəmdəki əsas mövzulardan biri də işğaldan azad olunmuş ərazilərimizdə turizmin inkişaf etdirilməsidir”.

Həmsöhbətimiz belə bir tədbirin Azərbaycanda keçirilməsinin də vacibliyini vurğuladı.

Qvami Məhəbbətoğlu, “İki sahil”