Səməd bəy Mehmandarov-170
Unutsaq unudularıq
Oçerk
Bu il Azərbaycanın şanlı hərb tarixinin öndə gedən görkəmli simalarından biri (bəlkə də birincisi), Çar Rusiyası ordusunda sıravi əsgərdən tam artilleriya generalı ali rütbəsinə yüksəlmiş, Rus-Yapon müharibəsi zamanı Port-Artur qalasının müdafiəsində, Birinci Dünya müharibəsində göstərdiyi misilsiz qəhrəmanlıqlara, digər heyrətamiz hərbi uğurlarına görə həmin dövlətin ikinci və üçüncü dərəcəli “Müqəddəs Stanislav”, ikinci dərəcəli “Müqəddəs Anna”, üçüncü dərəcəli “Müqəddəs Vladimir”, üçüncü və dördüncü dərəcəli “Müqəddəs Georgi”, “Ağ qartal”, “Aleksandr Nevski” və digər ordenlərinə, brilyantla bəzədilmiş qızıl qılıncla birlikdə sərkərdələrə məxsus “İgidliyə görə” medalına və başqa fəxri adlarına layiq görülmüş Səməd bəy Sadıq bəy oğlu Mehmandarovun anadan olmasından 170 il ötür. Nəinki keçmiş Çar Rusiyası və Azərbaycan, bütövlükdə dünya hərb elminə misilsiz töhfələr vermis görkəmli sərkərdənin 170 illik yubileyi ərəfəsində onun zəngin həyat yolunun qəhrəmanlıqlarla dolu səhifələrini vərəqləyərkən göz önündə sözün əsl mənasında heyrətamiz mənzərə açılır…
Proloq əvəzi
Və ya un çuvalına tay olmaq söhbəti
Qarabağın sayılıb-seçilən şəxsiyyətlərindən olan şuşalı Hüseyn bəyin oğlu Sadıq bəy dövrünün elmli, savadlı, geniş dünyagörüşünə malik adamlarından biri kimi tanınırdı. O, Peterburq Universitetinin Hüquq fakültəsini bitirmişdi. Sadıq bəy rus dilindən əlavə ingilis, fransız və alman dillərində sərbəst danışırdı. Çar Rusiyasının məmurlarından olan Sadıq bəy Mehmandarov əvvəlcə Muğanda pristav, Şamaxıda sahə iclasçısı, daha sonralar isə Lənkəranda quberniya katibi vəzifələrində çalışmışdı. Ailənin yeganə oğul payı Səməd də 1856-cı il oktyabrın 16-da o, Lənkəranda qulluq edərkən dünyaya gəlmişdi.
1871-ci ilin günəşli may günlərindən birində Sadıq bəy Bakıda oğlunun orta məktəbi bitirməsi münasibətilə xudmani bir məclis düzəltmişdi. Qarabağdan adlı-sanlı bəylərin, yaxın qohumlarının, Lənkərandan qulluq yoldaşlarının təşrif buyurduqları məclis gecədən xeyli keçənədək davam etdi. Yeyib-içib şənlənən qonaqlar deyə-gülə dağılışandan sonra yaxın qohumlar çay süfrəsi arxasında söhbətlərini davam etdirdilər. Söhbət əsnasında Sadıq bəyin Şuşadan gəlmiş əmisi oğlu Xanı bəy Səmədin gələcək planları ilə maraqlandı. Sadıq bəy cavabında dedi ki, oğlumu müəllim görmək istəyirəm. Əgər o, bu sənəti bəyənməsə həkim və ya mühəndis də ola bilər. Xanı bəyin təklifi ilə ailə üzvləri Səmədin şəxsi fikrini öyrənmək qərarına gəldilər. Qohumların qarşısında müntəzir dayanıb ədəb-ərkanla salam verən yeniyetmə Səməd doğmalarının “Hansı peşəni seçmək istəyirsən” sualına xeyli tərəddüddən sonra belə cavab verdi:
-Peterburq Hərbiyyə Məktəbinə getmək istəyirəm.
Sadıq bəy bu cavabı eşitcək bərk hirsləndi. Əlini masaya çırpıb: - Yava-yava danışma, mənim 15 oğlum yoxdur ki, birinin də başından keçib rusa verim - dedi. – Axı, sən gecə-gündüz Nizamini, Füzulini oxuyurdun, Vidadini, Vaqifi əzbərləyirdin, fars, türk dillərinin qrammatikasını öyrənirdin. Yox, qoymaram. Səni kimsə yoldan çıxarıb. Bəlkə yaranal (o dövrdə azərbaycanlılar generalı “yaranal” adlandırırdılar-Ə.Q.) olmaq iştahın var? Dəyiş qərarını!
Səməd əsl bəy oğluna məxsus təmkinlə: - Əziz ata, ilk dəfədir ki, sözündən çıxdığıma görə üzr istəyirəm. O ki qaldı, yaranal olmağa, yaranal qızlardan olmur, mənim kimi oğullardan olur - dedi.
İndiyədək ailədə və dostlar arasında bir sözü iki olmayan Sadıq bəyin sərt və amiranə səsi otağa yayıldı:
-Oğul, eşit və bil. Mənim də qərarım bundan ibarətdir ki, səni nə hərbiyyə məktəbinə, nə də başqa yerə göndərməyə bir qəpik də pulum yoxdur. Xoş gəldin, get otur evdə, un çuvalına tay ol.
-Ata, mən kor qız deyiləm ki, un çuvalına tay olum. Sizin yardımınızdan imtina edib Peterburq Hərbiyyə Məktəbinə gedəcəyəm.
Səməd bəy bu sözləri deyib evdən çıxdı…
O, getdi, özü də necə getdi…
Bəli, o, qoynunda ətə-qana dolub, boya-başa çatdığı doğma ata ocağını birdəfəlik tərk edib getdi... Gənc ürəyində yuva qurmuş arzularına qovuşmaq, hərb elminin sirlərinə yiyələnmək, bu vaxta qədər rus ictimai fikrində, xüsusilə Çar ordusunda “Aziat” adlandırılan millətimiz haqqında formalaşmış “vəhşi”, “bacarıqsız”, “hərbə yaramayan xalq” sindromunu birdəfəlik çilik-çilik etmək üçün... O, getdi... Həyatın bərki-boşu haqqında geniş təsəvvürə malik olmayan, yalnız arzuların qanadında uçan bir yeniyetmə kim getdi...
O, getdi və aradan 46 il keçəndən sonra uzun tarixi sınaqların nəticəsi olaraq müstəqilliyinə qovuşmuş Azərbaycana sıravi əsgərdən tam artilleriya generalı ali rütbəsinə yüksəlmiş, Çar Rusiyasının yuxarıda qeyd etdiyimiz ən yüksək mükafatlarına və fəxri adlarına layiq görülmüş yenilməz sərkərdə kimi qayıtdı. Kim bilir, bəlkə də 46 il əvvəl 15 illik həyatında ilk dəfə bir sözünü iki elədiyi atası Sadıq bəyin (bu ayrılıqdan sonra ata və oğul bir daha görüşmədilər) sözündən çıxanda, onun istehza ilə “Bəlkə yaranal olmaq iştahın var?” atmacasına “Yaranal qızlardan olmur, mənim kimi oğullardan olur” cavabını verəndə bir vaxtlar Azərbaycanın müstəqil dövlət olacağı, özünün isə hərb elminin və ordu quruculuğunun kamil mütəxəssisi kimi Xalq Cümhuriyyətinin Hərbiyyə Nazirliyinin başında duracağı barədə fikirləşirmiş…
Təbiətən coşqun, fədakar, cəsur, sözü bütöv, mübariz…
Müasirləri onu bax, belə xarakterizə edirdilər
Rus hərb tarixçisi P.Larenkonun 1906-cı ildə çapdan çıxmış “Port-Arturun əzablı günləri” kitabında Səməd bəy Mehmandarovun təkcə döyüş qabiliyyəti deyil, həm də şəxsiyyət kimi dönməzliyi, böyüklüyü şahidlərin dili ilə belə təsvir edilir: “Hələ avqust bombardmanı zamanı yaponlar hiss etdilər ki, hardansa, arxadakı fortlar xəttindən onları dəqiq atəşə tuturlar. Polkovnik Mehmandarovun komandası altında olan Yeddinci Sibir atıcı diviziyası həmləyə məruz qalmış istehkam xəttinin sağ cinahının arxasında örtülü mövqeləri tutaraq, müdafiəyə böyük kömək göstərirdi. Səməd bəy Mehmandarovun fədakar səhra artilleriyası ən güclü həmlələri belə dəf edərək yaxınlaşmaqda olan yapon batareyaları ilə son dərəcə müvəffəqiyyətlə vuruşurdu.”
Müəllif fikrinə davam edərək azərbaycanlı hərbçinin əsl döyüş və mənəvi keyfiyyətlərini açmağa çalışır: “Yaralı zabitlərlə apardığım söhbətlərdən polkovnik Mehmandarovun haqqında bəzi şeyləri öyrəndim. O, cəsur, özünü sevən, sözü bütöv, tabeliyində olanlara çox ciddiyyətlə yanaşan bir komandir idi. Onları məcbur edirdi ki, şəxsi mərdlikləri ilə hamıya nümunə olmağı bacarsınlar. Təbiətən coşqun, hərarətli olan bu adam sözünü çox kəskin deyirdi. Polkovnik Mehmandarov deyirdi ki, mən yalnız şücaət göstərməyi bacaran, ağıllı, özünü sevən adamları qiymətləndirirəm.”
Mehmandarovun bu keyfiyyətləri Port-Artur qalasının o vaxtlar əfsanəyə çevrilmiş 332 günlük müdafiəsinin hər anında tam qabarıqlığı ilə üzə çıxırdı. Həmin dövrdə Port-Arturda nəşr olunan “Novıy kray” qəzetinin xüsusi müxbiri E.Nojin onun bu keyfiyyətlərini belə təsvir edirdi: “Blindaja girdim. General Nadein həmişəki kimi sakitdir. Onun qərargah rəisi Stepanov yorğundur. Polkovnik Mehmandarov da buradadır. Biz həmişəki kimi çox səmimi görüşdük. Ətrafda mərmilər partlayırdı. Onlardan ikisi blindajın tavanına düşdü. Zabitlər qorxu hissi ilə ayağa qalxdılar. İgid polkovnik Mehmandarov isə heç tövrünü belə pozmadı. Onun iri, ağıllı gözlərində zərrə qədər də qorxu hissi yox idi.”
Mehmandarov niyə əsir düşdü?
Müharibənin özünəməxsus qanunları var. Burada bəzən hər hansı bir ordunun, diviziyanın igidliyi ümumi nəticəyə təsir göstərmək iqtidarında olmur. Port-Arturun müdafiəsi zamanı da bu qanunauyğunluq özünü göstərdi. Mehmandarovun qalanı müdafiə etməyin, yaponları geri oturtmağın mümkünlüyü barədə bütün səylərinə və arqumentlərinə baxmayaraq, əfəl və səriştəsiz komandan olan üzdəniraq general Fok və digər yüksək çinli rus zabitləri istehkamı düşmənə təslim etdilər. Lakin general-mayor Mehmandarov və onun zabit dostları qala təslim ediləndən sonra da hərbi anda sadiq qalaraq axırıncı güllələrinə qədər vuruşdular və bu qeyri-bərabər döyüşdə əsir düşdülər.
Yaponların şərtlərinə görə, əsgərlər hərbi əsir alınırdılar. Zabitlər isə bir daha Yaponiyaya qarşı müharibədə iştirak etməyəcəkləri barədə yazılı iltizam verəndən sonra Rusiyaya qayıda bilərdilər. Bir çox rus generalları və onların tabeliyində olan zabitlər bu şərtə əməl etdikləri halda, Mehmandarov zabit şərəfini təhqir edən belə bir alçaq sövdələşmədən boyun qaçırdı. Buna görə də əsir alınıb Yaponiyanın Naqoya şəhərinə aparıldı. O, yalnız 1905-ci il avqustun 23-də Portsmut sülh müqaviləsi bağlandıqdan sonra əsirlikdən azad edilib Rusiyaya qayıda bildi.
Rus generalları qazamata, azərbaycanlı sərkərdə isə...
Rus-Yapon müharibəsində Çar ordusunun biabırçı məğlubiyyəti son nəticədə imperiyada hərbi-siyasi böhranın, 300 ildən artıq hökmranlıq etmiş Romanovlar sülaləsinin axırıncı nümayəndəsi olan III Nikolay hökumətinin süqutunun əsasını qoydu.
Təbii ki, ağır məğlubiyyətin yaratdığı hərbi-siyasi böhrandan çıxmaq, imperiyanın parçalanmasının qarşısını almaq məqsədilə Çar hökuməti müəyyən qabaqlayıcı tədbirlər görməyə məcbur idi. 1907-ci il noyabrın 27-də başlayan və bir aydan artıq davam edən hərbi məhkəmə də belə bir məqsəd güdürdü. Həmin məhkəmədə Port-Arturu düşmənə təslim edən generallar və digər yüksək çinli zabitlər vətənə xəyanətdə ittiham olunaraq mühakimə edilirdilər. Səməd bəy Mehmandarov isə bu məhkəmədə müttəhim deyil, şahid kimi iştirak edən Çar ordusunun yeganə generalı idi. Məhkəmənin gedişində Səməd bəy Port-Arturu düşmənə təslim edən Stesseli, Foku, Reysi, Smirnovu və digər qorxaq, səriştəsiz rus generallarını əsaslı faktlarla ifşa etdi.
“Lodz əməliyyatı” Makenzenin sürətli işğal planlarını necə puça çıxardı?..
Səməd bəy Mehmandarovun yüksək sərkərdəlik istedadı Birinci Dünya müharibəsi illərində özünü daha qabarıq şəkildə göstərdi. Cahan savaşı başlayanda igid həmvətənimiz Vladiqafqazda yerləşən 21-ci piyada diviziyasının komandiri idi. Müharibənin ilk günlərindən ön cəbhəyə göndərilən generala korpuslar komandanı kimi olduqca yüksək, faktiki olaraq ordu başçısına bərabər bir vəzifə etibar edildi. Onun rəhbərlik etdiyi korpusda 6 diviziya birləşirdi. 1914-cü il sentyabrın 15-də onun komandanlığı ilə keçirilən “Lodz əməliyyatı” Mehmandarovun şöhrətini bütün Rusiyaya yaydı. General Makenzenin komandanlığı altında alman qoşunları İvanqorod şəhərini alıb sürətlə Lodz şəhərinə yaxınlaşırdılar. Güclü təzyiqlər qarşısında geri çəkilən rus qoşunları isə çox ağır vəziyyətə düşmüşdü.
Belə bir çıxılmaz məqamda Mehmandarovun diviziyaları gözlənilmədən düşmənə ağır zərbə vurub geri oturtdu. Üç günlük ağır döyüşlərdən sonra nəinki Lodzu gözləyən təhlükə sovuşdu, hətta almanların əlində olan İvanqorod bir həmlə ilə geri alındı. Birinci Dünya müharibəsi tarixində ən uğurlu əməliyyat sayılan bu hücumla Mehmandarov alman generalı Makenzenin sürətli işğal planlarını puça çıxardı. Ümumiyyətlə, Birinci Dünya müharibəsindəki böyük qələbələrinə görə igid azərbaycanlı sərkərdə tam artilleriya generalı rütbəsinə layiq görüldü.
Nuru Paşa: Əfəndim, biz gedirik…Bu ordunu siz yaratmalısınız
1917-ci ilin əvvəllərində Rusiyada baş verən siyasi hadisələr 46 il Çar ordusunda qüsursuz xidmət etmiş Səməd bəyi qəti qərara gəlməyə sövq edir. O, 1917-ci il martın 28-də tam artilleriya generalı rütbəsində istefa verərək bir müddət Vladiqafqaz şəhərində dinc həyat sürür. Burada bolşeviklərlə işləməkdən imtina edən Mehmandarov 1918-ci il avqustun 18-də Vladiqafqazı tərk edib hərbi Gürcüstan yolu ilə Bakıya gəlir. Noyabrın 6-da Azərbaycan Xalq Cümhuriyyəti (AXC) hökumətinin qərarı ilə Hərbi Nazirlik yaranır. Nazirliyi təşkil etmək iki məşhur generala - Səməd bəy Mehmandarova və Əliağa Şıxlinskiyə tapşırılır. Sonradan Mehmandarov AXC-nin ilk müdafiə naziri, Şıxlinski isə onun müavini təyin edilir.
Təsəvvür etmək belə çətindir ki, əgər Mehmandarov - Şıxlinski tandemi olmasaydı 1918-ci ildə müstəqilliyinə qovuşmuş Azərbaycanın sonrakı taleyi necə olardı? Azərbaycan Ordusu yaranardımı? Artıq Qarabağı və Azərbaycanın digər bölgələrini ələ keçirmiş, dinc əhaliyə qanlı divan tutan erməni-daşnak silahlı birləşmələrinin qarşısına çıxmaq olardımı? O dövrün reallıqları sübut edir ki, əgər bu iki məşhur sərkərdəmiz olmasaydı, bu suallara müsbət cavab vermək mümkünsüz idi. Bunu Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın öz qoşunları ilə Bakını tərk edərkən Mehmandarova dediyi aşağıdakı sözlər bir daha təsdiq edir: “Əfəndim, biz gedirik. Fəqət, Azərbaycan Ordusunu fəna vəziyyətdə qoyub gedirik. Bu müddətdə Azərbaycan Ordusunu yarada bilməməyimizdən çox üzüntülər duyuruq. Bu ordunu siz yaratmalısınız.”
“Denikin mənimlə vuruşmağa cəsarət etməz”
Səməd bəy Mehmandarov bu vəzifənin öhdəsindən layiqincə gəlmək, hər tərəfdən yağı düşmənlə əhatələnmiş gənc Cümhuriyyətin müdafiə qabiliyyətini artırmaq üçün sadiq dostu və məsləkdaşı Əliağa Şıxlinski ilə birlikdə ilk gündən əməli fəaliyyətə başlayır. Çox qısa müddətdə Tərtərdən Qazağa, Qubadan Qarabağa, Gəncədən Lənkərana kimi bütün əraziləri şəxsən özü gəzib 25 gün ərzində ordu hissələrində yoxlamalar aparır. Bundan sonra Nazirlər Kabinetinin sədrinə ordunun qurulması planı ilə bağlı iri həcmli hesabat təqdim edir.
Bu dövrün əsas diqqətçəkən məqamlarından biri də o idi ki, Səməd bəy təkcə hərbiyyə naziri deyil, həm də Ali Baş Komandan kimi fəaliyyət göstərirdi. Axı, Mehmandarovun başı üstündən ikinci bir şəxsin Ali Baş Komandan olması mümkün deyildi. Nəticədə çox qısa bir müddətdə, il yarım ərzində heç bir baza olmadan ölkədə 35 minlik qüdrətli nizami ordu yaradıldı. Bu ordu erməni işğalına son qoymaqla yanaşı, hətta Qars-Ərdəhandan gələn bolşevik əhval-ruhiyyəli rus alaylarının qarşısını Şəmkirlə Dəllər arasında kəsərək onları tamamilə tərksilah etdi.
Cümhuriyyət dövründə Azərbaycan hökumətinin əks-kəşfiyyat idarəsinin rəisi olmuş Nağı bəy Şeyxzamanlının xatirələrində oxuyuruq: “Ağqvardiyaçı general Denikin 1919-cu ildə sərhədlərimizə yaxınlaşaraq Cümhuriyyətimizə hədə-qorxu gəlirdi. Bir ziyafət vaxtı general Denikinin təhdidlərindən söz açılmışdı. Ziyafətdə olanların hamısı müdafiə naziri general Mehmandarlıya qulaq asırdılar. Möhkəm iradəli, 63 yaşlı qoca aslan ayağa qalxır. Ətrafına baxıb deyir: “Əziz övladlarım, general Denikinin təhdidlərinin nə mənası var, nə də qiyməti. Denikin məni rus millətindən, çardan və ordusundan yaxşı tanıyır və çox yaxşı bilir ki, mənim rəhbərlik etdiyim rus ordusu daim digər rus ordularından üstün olmuşdur. Övladlarım, mən bütün gəncliyimi, gücümü rus ordusuna sərf etdim. Nə xoşbəxt insanam ki, ixtiyar yaşımda, millətimin ordusunu yaratmaq mənə nəsib oldu. Mənim komandanlıq etdiyim orduya qarşı Denikin cəsarət edib vuruşmaz.”
Belə də oldu. Ümumiyyətlə, müdafiə naziri olduğu dövrdə əsgərlər qarşısında, parlamentdə və digər mərasimlərdəki çıxışları general Mehmandarovun vətənpərvərliyini, xalqını azad, müstəqil, çiçəklənən görmək arzularını təcəssüm etdirirdi. Heyif ki, onun bu arzuları tamamilə həyata keçmədi. 1920-ci ilin 28 aprel çevrilişi Azərbaycan xalqına, onun adlı-sanlı övladlarına misli görünməmiş faciələr, müsibətlər gətirdi.
Əgər Nərimanov olmasaydı...
Çox-çox sonralar görkəmli sərkərdənin yeganə övladı İqor Mehmandarov həmin günləri belə xatırlayırdı: “Atam aprelin 27-də parlamentin iclasından qayıdıb özümüzlə aparmaq üçün anamın hazırladığı çamadanları gördükdə dedi ki, bunları boşalt, heç yerə gedəsi deyilik. Anam: - Nə danışırsan? Necə yəni gedəsi deyilik? Bilirsənmi ki, səni güllələyəcəklər, - deyə təşvişlə sual etməyə başladı. Atam cavab verdi ki, parlamentin son iclasında “Hümmət” fraksiyasının lideri Əliheydər Qarayev mənə yaxınlaşıb əmin etdi ki, Səməd bəy, getmə, qal! Söz verirəm ki, başınızdan bir tük də əskik olmayacaq. Anam isə etiraz edib dedi: - Ola bilsin ki, sənə heç nə etməzlər, bəs oğlunun taleyi, mənim vəziyyətim? Atam qəti səslə: - Heç yerə getməyəcəyik - dedi. Anam inadla - Axı, qatar Biləcəridə gözləyir... Atam: - Bizsiz də gedərlər. Vətəndən ayrılmağa heç bir əsasım yoxdur – dedi.”
Amma quduzlaşmış bolşeviklər öz vədlərinə xilaf çıxaraq, hakimiyyəti ələ aldıqları günün səhəri müsavatçılara qarşı qanlı repressiyalara başladılar. Bu repressiyalar Azərbaycan Ordusunun qurucuları - tam artilleriya generalları Mehmandarov və Şıxlinskidən də yan keçmədi. 1920-ci il iyunun 4-də hər iki general həbs edildi. Şahidlərin söylədiklərinə görə, bolşeviklər Səməd bəyi həbs edərkən evində quldurlara xas olan üsullarla axtarış aparıblar. Nə qızıl qol saatını, nə digər qiymətli əşyalarını götürəndə, nə də kitabları ələk-vələk edəndə general qətiyyən tövrünü pozmayıb. Lakin ona Port-Arturda və Birinci Dünya müharibəsi dövründə bağışlanan “Kold” və “Braund” markalı tapançalar müsadirə ediləndə general dözməyib müqavimət göstərib.
Həmin o təlatümlü günlərdə Azərbaycanın hərbi-siyasi elitasını və ziyalılarını vəhşicəsinə qətlə yetirmək aksiyasının əsas icraçısı qan tökməkdə mahir olan bolşevik Semyon Pankratov idi. Ümumiyyətlə, Mikoyan – Sərkis - Orconikidze və digər bolşevik və daşnakların fitvası ilə belə qətllər törədən Pankratovun tökdüyü qanın həcmi Xəzər dənizi ilə müqayisə edilirdi. Ən dəhşətlisi o idi ki, bu qanlı aksiyalar Azərbaycan Xalq Komissarları Sovetinin (XKS) sədri Nəriman Nərimanovun xəbəri olmadan həyata keçirilirdi. Mehmandarov və Şıxlinski də Nərimanovun xəbəri olmadan həbs edilmişdilər. Məqsəd bir neçə gündən sonra onları güllələmək idi. Axı, bizim 12 generalımız, bir çox görkəmli ziyalılarımız, o cümlədən böyük maarifçi Firudin bəy Köçərli də Nərimanovdan xəbərsiz qətlə yetirilmişdilər.
Həyatda peşələri kimi, taleləri də bir olan bu iki görkəmli şəxsiyyətin bəxti onda gətirir ki, onlar həbsxanada bir kamerada olurlar. Məsələnin nə yerdə olduğunu başa düşən generallar onların yanına gələn qohumlarından birinə çörəyin içində kiçik kağız parçası ötürür və xahiş edirlər ki, onu Nərimanova çatdırsın. Xəbəri eşidən XKS sədri generalları xilas etməyin yolunu yalnız onları Moskvaya -Leninin sərəncamına göndərməkdə görür. İnqilab rəhbərinə yazdığı məktubla birlikdə onları Moskvaya göndərir. Lakin Leninin sərəncamına göndərilmələri də generalları bolşevik-daşnak təqiblərindən qurtara bilmir.
Hadisə belə olur. Nərimanov sərkərdələri Moskvaya yola salandan dərhal sonra köməkçisi Şahbazovun vasitəsi ilə Azərbaycanın Rusiyadakı nümayəndəsi Behbud bəy Şaxtaxtinskiyə teleqram vurur ki, filan vaxt vağzalda onları qarşılayıb Leninin kabinetinə kimi müşayiət etsin. Deyilən vaxtda qatarı qarşılayan Şaxtaxtinski generalları orada tapa bilmir. Dərhal Bakıya teleqram vurur. Nərimanov bu xəbərdən çox həyəcanlanır və Azərbaycanın Moskvadakı agentinə məsələni araşdırmağı tapşırır. Üç gündən sonra oradan Bakıya belə bir məlumat daxil olur: “Dəqiqləşdirdik. Generallar Moskvaya çatmamış həbs ediliblər və hazırda Butırka həbsxanasında saxlanılırlar.” Nərimanov vaxt itirmədən belə məsələlərə baxan Stalinlə əlaqə yaradır. Stalinin qırmızı karandaşla dərkənar qoyduğu aşağıdakı məzmunda məktub bu gün də Azərbaycan Respublikasının Dövlət Arxivində saxlanılır: “Ne vinovatı eti znaminıtıye qeneralı. Osvobodit!” Bundan sonra bir müddət Moskvada işlədikdən sonra 1921-ci ildə Nərimanovun xahişi ilə Bakıya qaytarılan generallar təəssüf ki, yenə də təqibdən yaxa qurtara bilmirlər.
Əfsanəvi sərkərdəyə küçə süpürtdürənlər kimlər idi?..
Şahidlərin söylədiklərinə görə, 1923-cü ildə qoca Mehmandarovu əlində süpürgə Bakının küçələrini süpürən görüblər. Bəs, görəsən, yüz minlərlə əsgərə, zabitə silah tutmağı öyrədən, Rus-Yapon və Birinci Dünya müharibələrinin qəhrəmanının, AXC-nin hərbiyyə naziri olmuş tam artilleriya generalı, 67 yaşlı Səməd bəy Mehmandarovun əlinə süpürgə verib küçə süpürtdürənlər, onu bu dərəcədə alçaldanlar kimlər idi?
Arxiv sənədləri sübut edir ki, bu alçaq əməli həyata keçirənlər Mərkəzdən bir vaxtlar “Ne vinovatı eti znaminıtıye qeneralı. Osvobodit!” qərarını verən Stalinin fitvası ilə Nərimanovun mövqeyini zəiflətməyə çalışan Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Bakı Komitəsinin katibi L.Mirzoyan, onun əlaltıları S.Qutin, Sərkis və digər bolşevik-daşnak cəlladları olublar. Bütün mənalı həyatı boyu heç kimin qarşısında əyilməyən, ömrü-günü mübarizələrdə keçmiş igid sərkərdə bu kimi alçaldıcı təhqirlərə, insanlıqdan bixəbər daşnak tör-töküntülərinin, quduz it kimi ətrafını gəmirən bolşeviklərin bitib-tükənməyən təhdidlərinə dözə bilmir və 1931-ci il fevralın 12-də ömrünün 75-ci ilində dünyasını dəyişir…
Ailə həyatı: Sevincli və faciəli illər...
Səməd bəy 1903-cü ilin əvvəllərində, 47 yaşında ikən Kiyev Qadın Gimnaziyasının məzunu, Port-Artur hərbi səhra xəstəxanasında şəfqət bacısı işləyən Yelizaveta Teslavla ailə həyatı qurur. 1908-ci ildə Mehmandarovun həyatında biri-birindən əlamətdar iki hadisə baş verir - iyulun 13-də general-leytenant rütbəsinə layiq görülür, noyabrın 18-də isə İrkutsk şəhərində onun ilk və yeganə övladı dünyaya gəlir. Səməd bəy ona Pir adı verir (sonralar hansısa səbəbdən onun adını dəyişib İqor qoyurlar).
Amma yazıqlar olsun ki, Azərbaycanda aprel çevrilişindən sonra bolşevik hökuməti təkcə generalın özünün deyil, ailəsinin də qəniminə çevrilir. Sovet hakimiyyətinin ilk illərində Səməd bəyin məsləhəti ilə bir müddət Sankt-Peterburqda yaşayan ana və oğul sonradan Bakıya qayıda bilmirlər. Məsələ burasındadır ki, həmin vaxtlar Yelizaveta Mehmandarova general ailəsi kimi həbs edilir. Generalın ölümündən sonra o, azad edilsə də Mehmandarovlar ailəsinə qarşı təzyiqlər, təqiblər səngimir. 1937-ci ildə ana və oğul Peterburqdan Saratova sürgün edilirlər. 1941-ci ildə isə ana-bala Mehmandarovların sürgün yolu bu dəfə Saratovdan Sibirə uzanır. Yolda Yelizaveta xanım alman faşistlərinin partlatdığı qatarda faciəli surətdə həlak olur. İqor isə sonralar uzun müddət Rusiyanın Kalininqrad şəhərində yaşayır. Yalnız 1977-ci ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Birinci katibi Heydər Əliyevin dəvəti ilə oğul Mehmandarov Bakıya gəlir və burada hər cür qayğı ilə əhatə olunur. Səməd bəyin yeganə övladı İqor 1989-cu ildə Bakıda vəfat edir.
Epiloq əvəzi
Və ya asta yeri, burada general Mehmandarov uyuyur...
El arasında belə bir ibrətamiz deyim var: “Kiminin əvvəli, kiminin axırı.” Nə yazıqlar ki, məmləkətimizə, xalqımıza, o cümlədən millətimizin fəxri, YENİLMƏZ SƏRKƏRDƏ Səməd bəy Mehmandarovun özünə və ailəsinə olmazın faciələr yaşatmış vandal xislətli, qaniçən bolşevik hakimiyyəti məşhur generalın ölümündən sonra ona öz doğma Vətən torpağında rahat uyumağı da çox görür. 1936-cı ildə Azərbaycanın bolşevik rəhbəri Mircəfər Bağırov Stalinə xoş gəlmək üçün görkəmli sərkərdənin uyuduğu Çəmbərəkənd qəbiristanlığının yerləşdiyi ərazidə (indiki Şəhidlər xiyabanının yerində) bolşevik Kirova abidə qoymaq qərarına gəlir. Əhaliyə elan verirlər ki, qəbiristanlığın ərazisində mədəniyyət və istirahət parkı salınacaq. Kim istəsə doğmalarının nəşini götürüb başqa qəbiristanlıqda dəfn edə bilər. O zaman çoxları əzizlərinin nəşini aparıb başqa qəbiristanlıqda dəfn edirlər. Lakin Rus-Yapon, Birinci Dünya müharibələrinin əfsanəvi qəhrəmanı, Azərbaycan Xalq Cümhuriyyətinin ilk və son müdafiə naziri, tam artilleriya generalı Səməd bəy Mehmandarovun heç kimi olmadığına görə onun qəbri orada qalır. Sonralar isə həmin ərazidə qəbirləri buldozerin qabağına verib yerlə-yeksan edirlər.
Şahidlərin xatırlamalarına görə, hazırda Səməd bəyin dəfn olunduğu yer iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun məzarının sağ tərəfindəki ərazidədir. Burada Səməd bəyə abidə qoyulması bir yana qalsın, görəsən heç olmasa həmin əraziyə bir xatirə daşı qoyub üstünə bu sözləri həkk etmək olmazmı: “Burada görkəmli sərkərdə, tam artilleriya generalı, Azərbaycan Xalq Cümhuriyyətinin hərbiyyə naziri Səməd bəy Sadıq bəy oğlu Mehmandarov uyuyur.”
İnanmaq istərdik ki, görkəmli sərkərdənin 170 illik yubileyi ərəfəsində bu məsələ öz həllini tapacaq. Axı, Səməd bəy Mehmandarov heç kimlə müqayisə olunmayan generallardan, tarixin tək-tək yetişdirdiyi parlaq şəxsiyyətlərdən biri idi…
Əhməd Qurbanoğlu, “İki sahil”