16 aprel 2026 19:58
115

Şəhər inkişafında gənclərin rolu ilə bağlı fikir və təcrübələrini bölüşüblər

Aprelin 15-də ABŞ-da BMT-nin Baş Qərargahında BMT İqtisadi və Sosial Şurasının Gənclər Forumu 2026 və 13-cü Dünya Şəhərsalma Forumu çərçivəsində “Şəhər inkişafında gənclərin rolu” mövzusunda yan tədbir təşkil olunub.

“İki sahil” xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən, BMT Məskunlaşma Proqramının (UN-Habitat) Nyu-York Əlaqələndirmə Ofisi və Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyinin dəstəyi ilə, Türkiyə Respublikasının Gənclər və İdman Nazirliyi, Somali Federativ Respublikasının Gənclər və İdman Nazirliyi və Özbəkistan Respublikasının Gənclər Agentliyi ilə birgə təşkil edilib.

Tədbirin açılış nitqini Azərbaycanın BMT yanında Daimi Nümayəndəsi Tofiq Musayev edib. Rəsmi hissədə BMT Məskunlaşma Proqramının Nyu-York Əlaqələndirmə Ofisinin direktoru Toni-Şei Freklton və Serbiya Respublikasının Turizm və Gənclər Nazirliyinin Gənclər üzrə köməkçi naziri İvana Antonijeviç çıxış ediblər. Tədbirdə Azərbaycanın BMT Gənclər Nümayəndəsi Ayxan Məmmədov, Özbəkistan Respublikasının Gənclər Ofisinin direktoru Ruxsora Şakirova və NAYORA-nın sədr müavini Güldanə Dadaşova moderatorluq ediblər.

Ümumilikdə 80-ə yaxın iştirakçının qatıldığı tədbirdə Braziliya, Almaniya, Pakistan, Serbiya, Somali, İspaniya və Amerika Birləşmiş Ştatlarından olan 15 gənc spiker şəhər inkişafında gənclərin rolu ilə bağlı fikir və təcrübələrini bölüşüblər.