17 aprel 2026 00:15
126

Səssiz təhlükə…

B12 vitamini çatışmazlığı insan sağlamlığı üçün ciddi risklər yaradır. Mütəxəssislər bildirirlər ki, xüsusilə sinir sistemi üçün mühüm əhəmiyyət daşıyan bu vitaminin azlığı vaxtında aradan qaldırılmadıqda həm nevroloji, həm də ürək-damar problemlərinə səbəb ola bilər.

Araşdırmalara görə, B12 çatışmazlığı əsasən mədə və bağırsaq problemləri, o cümlədən Kron və Çölyak kimi xəstəliklər, eləcə də vitaminin mənimsənilməsini çətinləşdirən digər faktorlarla əlaqədar yaranır. Həmçinin heyvan mənşəli qidaların kifayət qədər qəbul edilməməsi, xüsusilə vegan və bəzi vegeterian pəhrizlər də bu riskləri artırır. Uzunmüddətli B12 çatışmazlığı sinir sistemi pozğunluqları, ürək fəaliyyətində problemlər, müvəqqəti sonsuzluq, hamiləlik müddətində ağırlaşmalar və bəzi hallarda ürək çatışmazlığı ilə nəticələnə bilər.

Xəstəlik özünü bir sıra əlamətlərlə göstərir. Bunlara güclü yorğunluq, enerji çatışmazlığı, ətraflarda keyimə, dilin iltihabı, əzələlərin zəifliyi, yaddaş problemləri, depressiya və zehni bulanıqlıq daxildir. Həkimlər vurğulayırlar ki, diaqnozun dəqiqləşdirilməsi üçün qan analizi vacibdir. Müalicə isə adətən B12 vitamininin inyeksiya və ya tablet formasında qəbulu ilə həyata keçirilir.

Qeyd olunur ki, B12 vitamini əsasən ət, balıq, yumurta və süd məhsullarında mövcuddur. Bu səbəbdən balanslı qidalanma onun çatışmazlığının qarşısını almaqda əsas rol oynayır. Mütəxəssislər uzunmüddətli halsızlıq və ya sinir sistemi ilə bağlı əlamətlər müşahidə edildikdə, gecikmədən həkimə müraciət etməyi tövsiyə edirlər.

Şahnigar Əhmədova, “İki sahil”