13 aprel 2026 10:55
138

Azərbaycanda kommersiya qurumlarının sayı 7 faizə yaxın artıb

Bu il aprel ayının 1-nə qeydiyyatda olan kommersiya qurumlarının sayı 206.986 təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 6,8 faiz çoxdur.

“İki sahil” xəbər verir ki, bu barədə Dövlət Vergi Xidmətindən məlumat verilib.

Məlumata görtə, cari ilin mart ayında 750 vahid kommersiya qurumu dövlət qeydiyyatından keçib. Onların 91,3 faizi yerli investisiyalı, 8,7 faizi isə xarici investisiyalı müəssisələrdir. Kommersiya qurumlarının 86,9 faizi elektron qaydada qeydiyyata alınıb. 2026-cı ilin yanvar-mart aylarında qeydiyyatdan keçmiş yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi isə 97,2 faiz təşkil edib.

Aprel ayının 1-nə dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 92,1 faizi məhdud məsuliyyətli cəmiyyət formasında yaradılıb.

Bundan əlavə, aprel ayının 1-nə respublika üzrə uçotda olan 1.696.283 vergi ödəyicisinin 86,8 faizi fiziki şəxslər, 13,2 faizi hüquqi şəxslər və digər təşkilatlar olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 5,1 faiz, o cümlədən fiziki şəxslərin sayı 4,9 faiz, hüquqi şəxslərin sayı 6,2 faiz artıb.