13 aprel 2026 10:26
121

"PAŞA Bank" IPO çərçivəsində abunə yazılışına başlayıb

"PAŞA Bank" İlkin Kütləvi Təklif (IPO) çərçivəsində abunə yazılışına start verib.

Bununla bağlı aprelin 13-də keçirlən mətbuat konfransında "PAŞA Bank"ın İdarə Heyətinin üzvü, baş maliyyə inzibatçısı Murad Süleymanov bildirib ki, abunə yazılışı 13 aprel-12 mat tarixlərində davam edəcək. Bank kapitalının 5 faizini təşkil edən 932,926 ədəd adi, adlı səhm investorlara təqdim olunur. Səhmlərin ilkin yerləşdirmə qiyməti 55 manat olaraq müəyyənləşdirilib, minimal alış 1 səhmdir və maksimum limit tətbiq edilmir. Abunə dövründə əvvəlcədən ödənilmiş məbləğlərə illik 5 faiz faiz gəliri hesablanır. Səhmlərin yerləşdirilməsi Bakı Fond Birjası vasitəsilə həyata keçirilir.
İnvestorlar "Paşa Bank", "Birbank Invest", həmçinin əsas anderrayter "PAŞA Kapital", "ABB-Invest", "Unıcapital" və "Leobank" platformaları və mobil tətbiqləri vasitəsilə IPO-da iştirak ed bilərlər. Fiziki olaraq isə proses "PAŞA Bank", "Kapital Bank" və "Unibank" filiallarında, eləcə də "PAŞA Kapital" ofisində mümkündür. 
"PAŞA Bank"ın İdarə Heyətinin üzvü, baş maliyyə inzibatçısı Murad Süleymanov IPO-nin bankın strateji inkişaf mərhələsində mühüm addım olduğunu vurğulayıb. 
"İnvestorlar üçün şəffaf, dayanıqlı və uzunmüddətli dəyər yaradan bir maliyyə institutu olaraq bu addımı strateji baxımdan vacib hesab edirik. Bu qərarla, biz illərdir qurduğumuz, müştərilərimizlə və tərəfdaşlarımızla birlikdə yaratdığımız dəyəri daha geniş auditoriya ilə bölüşmək istəyirik. Biz bu addımı, eyni zamanda, ölkədə kapital bazarlarının inkişafına real töhfə kimi görürük. Daha çox insanın investisiya imkanlarına çıxış əldə etməsi bizim üçün önəmlidir", - deyə M.Süleymanov qeyd edib.
Bakı Fond Birjasının İdarə Heyətinin sədri Ruslan Xəlilov, "PAŞA Kapital"ın İdarə Heyətinin sədri Ceyhun Hacıyev, "Unıcapital"ın baş direktoru Vüqar Namazov  "ABB-Invest"in baş icraçı direktoru Nadir Babazadə çıxış edərək bu təşəbbüsün ölkənin kapital bazarlarının inkişafındakı rolu barədə fikirlərini bölüşüblər. 
Qeyd edək ki, yerləşdirmə emissiya prospektində göstərilən ardıcıllığa uyğun olaraq icra ediləcək.

Orxan Vahidoğlu, "İki sahil"