08 aprel 2026 13:34
186

Regionun gələcəyi üçün mühüm əhəmiyyət kəsb edən strateji əməkdaşlıq

Qarşılıqlı hörmət, ortaq maraqlara əsaslanan əməkdaşlıq regionda yeni siyasi mədəniyyət formalaşdırır ki, bu baxımdan Azərbaycan Gürcüstan əlaqələri mühüm faktordur. İki ölkə arasında münasibətlər yalnız coğrafi qonşuluqla məhdudlaşmır, eyni zamanda bu münasibətlər dərin tarixi köklərə və qarşılıqlı etimada əsaslanan strateji tərəfdaşlıq modelidir.

Aprelin 6-da Gürcüstana səfəri çərçivəsində Prezident İlham Əliyev siyasi-iqtisadi münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərir. Xüsusən son illərdə iki ölkə arasında ticarət dövriyyəsinin artım dinamikası xüsusi diqqət çəkir. 800 milyon dollardan artıq olan ticarət həcmi və cari ildə bu göstəricinin daha da yüksəlməsi iqtisadi əlaqələrin sabit və davamlı xarakter daşıdığını göstərir. Cənab Prezidentin mətbuata bəyanatla etdiyi çıxışında qeyd olunduğu kimi, mövcud temp qorunarsa, yaxın perspektivdə ticarət dövriyyəsinin bir milyard dollara çatması tam real görünür. Bu isə artıq münasibətlərin yeni iqtisadi miqyas qazandığını deməyə əsas verir.

Səfər çərçivəsində prezidentlərin mətbuata verdiyi birgə bəyanat zamanı Dövlət başçısı İlham Əliyevin “iki qardaş ölkə hər zaman bir yerdədir” fikri xüsusi əhəmiyyətə malikdir: “Müzakirə etdiyimiz məsələlər bir daha onu göstərir ki, Gürcüstan və Azərbaycan hər zaman olduğu kimi bir yerdədir. Bizim tarixi əlaqələrimiz dövlətlərarası əlaqələrimiz üçün möhkəm zəmindir. Əsrlər boyu gürcü və Azərbaycan xalqları dostluq, qardaşlıq şəraitində yaşamışlar və bu gün bu ənənələr davam etdirilir. Bu gün iki müstəqil dövlət kimi Gürcüstan və Azərbaycan inamla inkişaf edir. Fürsətdən istifadə edərək, Gürcüstanın əldə etdiyi uğurlar münasibətilə Sizi və hökumətinizi təbrik etmək istəyirəm”.

Dövlət başçısı Azərbaycanın enerji siyasətində Gürcüstanın rolundan da danışıb: “Azərbaycan energetika sahəsində uzun illər bir çox ölkələrin enerji təhlükəsizliyini gücləndirən addımlar atmışdır. Bu gün Azərbaycan qazı 16 ölkəyə ixrac edilir. Ancaq bu ixrac yenə də Gürcüstandan başlayır və Gürcüstan burada birinci ölkədir. Həm Azərbaycan nefti, qazı Gürcüstan vasitəsilə dünya bazarlarına çıxarılır, həm də Xəzərin şərq sahillərindən neft resursları Azərbaycan, Gürcüstan üzərindən keçirilir. Biz bu mövcud infrastruktur haqqında kifayət qədər danışmışıq. Bütün bu infrastruktur göz önündədir və artıq 20 ildir ki, Bakı-Tbilisi-Ceyhan neft kəməri uğurla fəaliyyət göstərir. Cənub Qaz Dəhlizi də ondan sonra icra edilmişdir və bu gün bu infrastruktur, əslində, böyük coğrafiya üçün mühüm əhəmiyyət daşıyır. Biz sonra bu dəhlizlər üzərindən nəqliyyat dəhlizlərini də inşa etdik və bu gün nəqliyyat dəhlizlərinin genişləndirilməsi istiqamətində işlər aparılır. Orta Dəhliz Azərbaycan və Gürcüstan üzərindən keçir. Bu bizim üçün əsas nəqliyyat damarıdır və bunu genişləndirmək üçün əlavə səylər də göstərilir və göstəriləcəkdir”.

Ümumilikdə reallaşan səfər Azərbaycan Gürcüstan münasibətlərinin təkcə ikitərəfli çərçivədə deyil, bütövlükdə regionun gələcəyi üçün mühüm əhəmiyyət kəsb edən strateji əməkdaşlıq platforması olduğunu deməyə əsas verir.

Mətanət Səfərli,

YAP Nəsimi rayon təşkilatının əməkdaşı