07 aprel 2026 11:43
139

Azərbaycan-Gürcüstan münasibətləri strateji əhəmiyyət daşıyır

Azərbaycan və Gürcüstan uzun illərdir ki, Cənubi Qafqaz regionunda sabitlik və əməkdaşlığın əsas təminatçılarından biri kimi çıxış edirlər. Prezident İlham Əliyevin bu səfəri iki ölkə arasında siyasi dialoqun yüksək səviyyədə davam etdiyini bir daha nümayiş etdirdi. Səfər zamanı keçirilən görüşlərdə regional təhlükəsizlik, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı dəstək məsələləri müzakirə olunmuşdur.

Bu səfər həmçinin regionda yeni geosiyasi reallıqlar fonunda Azərbaycan-Gürcüstan tandeminin rolunu daha da gücləndirdi. Xüsusilə nəqliyyat və logistika dəhlizlərinin inkişafı baxımından tərəflərin ortaq maraqları bir daha təsdiqləndi. Gürcüstanın Azərbaycan üçün Qərbə açılan əsas qapı olması, Azərbaycanın isə Gürcüstan üçün etibarlı enerji tərəfdaşı kimi çıxış etməsi bu əməkdaşlığın strateji mahiyyətini artırır.

Azərbaycanın həyata keçirdiyi iri enerji layihələri – neft və qaz kəmərləri – Gürcüstan üzərindən keçərək Avropa bazarına çıxır. Bu baxımdan Gürcüstan Azərbaycanın enerji strategiyasında mühüm tranzit ölkədir. Eyni zamanda, nəqliyyat sahəsində Bakı-Tbilisi-Qars dəmir yolu xətti kimi layihələr regionun iqtisadi inteqrasiyasına ciddi töhfə verir.

Gürcüstanda hazırda çox müsbət sərmayə iqlimi mövcuddur və məhz buna görə bir çox investorlar, o cümlədən Azərbaycan investorları Gürcüstana böyük maraq göstərirlər. Təbii ki, bütün uğurların təməlində əsas şərt, əsas amil siyasi sabitlikdir. 
Bu günə qədər Azərbaycan tərəfindən Gürcüstan iqtisadiyyatına 3,7 milyard dollar sərmayə qoyulmuşdur. Biz bu gün həm Azərbaycan, həm də Gürcüstan üçün yeni investisiya layihələri haqqında fikir mübadiləsi aparmışıq və nə vaxtsa üçüncü ölkələrə də birgə sərmayə qoyuluşu nəzərdə tutula bilər

Səfərin əsas istiqamətlərindən biri iqtisadi əməkdaşlığın genişləndirilməsi olmuşdur. Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsinin artırılması, investisiya imkanlarının genişləndirilməsi və birgə layihələrin həyata keçirilməsi məsələləri ön planda olmuşdur. Xüsusilə enerji sahəsində əməkdaşlıq hər iki ölkə üçün prioritet istiqamət olaraq qalır.

Görüş zamanı alternativ enerji, yaşıl enerji və rəqəmsal iqtisadiyyat sahələrində əməkdaşlıq imkanları da müzakirə olunmuşdur. Bu isə gələcəkdə iki ölkə arasında iqtisadi münasibətlərin daha da şaxələndirilməsinə şərait yaradır.

Prezident İlham Əliyevin Gürcüstana səfəri yalnız ikitərəfli münasibətlər baxımından deyil, həm də regional əməkdaşlıq prizmasından mühüm əhəmiyyət kəsb edir. Cənubi Qafqaz regionunun sabitliyi və inkişafı üçün Azərbaycan-Gürcüstan əməkdaşlığı əsas sütunlardan biri hesab olunur.

Bu səfər həmçinin Avropa ilə Asiya arasında körpü rolunu oynayan Orta Dəhlizin inkişafına da müsbət təsir göstərir. Azərbaycanın və Gürcüstanın bu layihədə fəal iştirakı onların beynəlxalq iqtisadi sistemdə mövqelərini daha da gücləndirir.Prezident İlham Əliyevin Gürcüstan səfəri Azərbaycan-Gürcüstan münasibətlərinin yüksək səviyyədə olduğunu bir daha təsdiqləyir. Səfər həm siyasi, həm iqtisadi, həm də regional baxımdan mühüm nəticələr doğurmuş və gələcək əməkdaşlıq üçün yeni imkanlar açmışdır. Bu əməkdaşlıq yalnız iki ölkənin deyil, bütövlükdə regionun inkişafı və sabitliyi üçün mühüm rol oynamağa davam edəcəkdir.

Əminə Ağazadə, 

Milli Məclisin deputatı