07 aprel 2026 01:03
107

ABŞ Prezidenti: NATO-nun nüfuzuna dəyən ləkə yaddaşımdan silinməyəcək

NATO-nun Hörmüz boğazının açılması məsələsində ABŞ-a dəstək verməkdən imtina etməsi alyansın nüfuzuna xələl gətirib.

“İki sahil” xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp brifinq zamanı bildirib.

“Bu hadisə heç vaxt yaddaşımdan silinməyəcək”, – deyə o vurğulayıb.

ABŞ Prezidenti alyansdan “çox məyus” olduğunu qeyd edib.

Trampın sözlərinə görə, NATO üzvləri əvvəlcə dəstək vəd etsələr də, sonradan ABŞ-a kömək etməmək üçün müxtəlif addımlar atıblar: “Onlar əvvəlcə “biz bunu edəcəyik, biz onu edəcəyik” deyirdilər, amma əslində, bizə kömək etməmək üçün əllərindən gələni etdilər”.

Tramp əlavə edib ki, fikir ayrılıqları müəyyən mənada Qrenlandiya məsələsi ilə başlayıb: “Həqiqəti bilmək istəyirsinizsə, hər şey Qrenlandiyadan başlayıb. Biz Qrenlandiyanı istəyirik, onlar isə bundan imtina etmək istəmirlər. Mən də “əlvida” dedim”.

Bununla yanaşı, o, NATO-nun baş katibi Mark Rutteni “əla insan” kimi dəyərləndirib və çərşənbə günü keçiriləcək görüşdə iştirak edəcəyini bildirib.

Prezident qeyd edib ki, Yaxın Şərqdəki böhranla bağlı olaraq NATO ilə yanaşı, Cənubi Koreya, Avstraliya və Yaponiya da ABŞ-a dəstək verməkdən imtina edib. Eyni zamanda, Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn, Qətər və Küveytin ABŞ-a yardım göstərdiyi bildirilib.