Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) bu gün səhər Buşehr Atom Elektrik Stansiyasının (AES) ərazisi yaxınlığına endirilmiş zərbə barədə məlumatlandırılıb. Bu, son həftələr ərzində artıq dördüncü belə insidentdir.
“İki sahil” xəbər verir ki, bu barədə agentliyin rəsmi "X" səhifəsində dərc olunan məlumatda qeyd edilib.
“İran həmçinin BAEA-yə bildirib ki, obyektin fiziki mühafizə xidmətinin əməkdaşlarından biri qəlpə dəyməsi nəticəsində həlak olub, stansiyanın ərazisindəki binalardan biri isə partlayış dalğası və mərmi qalıqları nəticəsində zədələnib. Radiasiya səviyyəsində artım qeydə alınmayıb”,- deyə məlumatda vurğulanıb.
BAEA-nin baş direktoru Rafael Qrossi baş verən hadisədən narahatlığını ifadə edərək vurğulayıb ki, atom elektrik stansiyaları və onlara bitişik ərazilər hücum hədəfinə çevrilməməlidir. O, həmçinin nüvə qəzası riskinin qarşısını almaq üçün tərəfləri maksimal hərbi təmkinliliyə çağırıb.
Xatırladaq ki, Buşehr AES-in birinci bloku 2011-ci ildə fəaliyyətə başlayıb. 2013-cü ildə blokun istismarı Rusiya atom şirkətindən İran tərəfinə təhvil verilib. 2013-cü ildən etibarən blok maksimum həcmdə — 1000 meqavat-saat elektrik enerjisi istehsal edib. 10 il ərzində AES-də elektrik enerjisi istehsalı 65 milyard kilovat-saatı ötüb. 2013-cü ildən 20 mart 2025-ci il tarixinədək isə AES-də elektrik enerjisi istehsalı 72,4 milyard kilovat-saat təşkil edib.
Qeyd edək ki, 2015-ci ildə İran və 5+1 qrupu arasında İranın nüvə proqramı ilə əlaqədar Hərtərəfli Birgə Fəaliyyət Planı üzrə razılıq əldə olunub və BMT Təhlükəsizlik Şurası 2231 saylı qətnaməni qəbul edib. Bu qətnamə İran əleyhinə tətbiq olunan öncəki 6 qətnamələri və İranın nüvə proqramı ilə əlaqədar genişhəcmli sanksiyaların dayandırılması ilə nəticələnib.
2018-də ABŞ sözügedən plandan çıxması ilə İrana qarşı sanksiyalar tətbiq edib. İranın mərhələli şəkildə planda nəzərdə tutulan məhdudiyyətləri dayandırması digər ölkələr tərəfindən birmənalı qarşılanmayıb. Nəticədə 28 sentyabr 2025-də İran əleyhinə BMT Təhlükəsizlik Şurasının qətnamələri yenidən bərpa olunub.
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin 2025-ci ilin may ayında yayımladığı hesabata əsasən, İranın zənginləşdirdiyi uranın həcmi 9 247 kiloqram təşkil edib və 60%-dən yuxarı zənginləşdirilən uranın həcmi isə 408 kiloqramdır.
ABŞ və İran arasında İranın nüvə proqramı ilə bağlı iki dəfə ayrı zamanlarda müzakirələr aparılsa da, tərəflər arasında konkret razılaşma əldə olunmayıb və hər iki müzakirə qarşıdurma ilə nəticələnib. Sonuncu olaraq 28 fevraldan etibarən ABŞ və İsrail İrana hərbi hava hücumlarına başlayıb.
Buna cavab olaraq İran da həmin gündən etibarən İsrailə və ABŞ-nin region ölkələrindəki hərbi obyektlərinə raket və dronlarla hücum edib. Sonradan qarşıdurma daha da genişlənərək Yaxın Şərqin müxtəlif ölkələrini əhatə edib.
Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb. İran Hörmüz boğazına nəzarəti tam şəkildə özündə saxlayaraq sadəcə lazım bildiyi gəmilərin boğazdan keçməsinə icazə verir.