01 aprel 2026 17:12
107

Süni intellektin tətbiqi elm və təhsildə keyfiyyətcə yeni mərhələ yaradır - Akademik Əli Abbasov

Hazırda elmdə süni intellektin inkişaf trayektoriyası ətrafında müzakirələr genişlənir, tətbiq sahələrinin şaxələndirilməsi üzrə aparılan tədqiqatlar artıq real nəticələr verir. Bu baxımdan 2024-cü il Kimya üzrə Nobel Mükafatının kompüter əsaslı zülal dizaynı və zülal strukturunun proqnozlaşdırılması sahəsində mühüm nailiyyətlər əldə etmiş alimlərə təqdim olunması təsadüfi deyil.

“İki sahil” xəbər verir ki, bu fikirləri akademik Əli Abbasov Azərbaycan Dövlət İqtisad Universitetində hər il ənənəvi olaraq keçirilən “Elm Günləri” adlı tədbirdə çıxışı zamanı səsləndirib.

Akademik Əli Abbasov tədbirdə “Süni intellekt dövründə elm və təhsil: transformasiya və səmərəli strategiyalar” mövzusunda məruzə ilə çıxış edərək, elmin müasir inkişaf mərhələsinə yüksəlməsində yeni düşüncə modellərinin və neyron şəbəkələrin tətbiqinin həlledici rol oynadığını vurğulayıb. Bu texnologiyaların süni intellektin imkanlarını əhəmiyyətli dərəcədə genişləndirdiyini söyləyən məruzəçi Azərbaycan alimlərinin süni intellektin çoxşaxəli problemlərinin tədqiqinə xüsusi diqqət ayırdıqlarını və bu sahədə ölkəmizdə mühüm elmi nəticələrin əldə olunduğunu bildirib. Alim qeyd edib ki, xüsusilə neyron şəbəkələrinin inkişafı istiqamətində aparılan araşdırmalar müasir elmi tədqiqatların əsas istiqamətlərindən birinə çevrilib.

Bu sahədə görülən işlərdən bəhs edən akademik Əli Abbasov 2023-cü ildə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş tədbirlər çərçivəsində Azərbaycan Dövlət İqtisad Universiteti, ADA Universiteti və keçmiş İdarəetmə Sistemləri İnstitutunun birgə təşkilatçılığı ilə keçirilmiş konfransın önəminə toxunub. Həmin tədbirdə təqdim olunan süni intellekt proqramlarının məhz Azərbaycan alim və mühəndislərinin müəllifliyi ilə hazırlanmış yerli məhsullar olduğunu diqqətə çatdırıb.

Alim, eyni zamanda, keçmiş İdarəetmə Sistemləri İnstitutunda süni intellektin bədii yaradıcılıqda tətbiqinə dair maraqlı eksperimentin həyata keçirildiyini bildirərək Xalq yazıçısı Anarın altıcildlik rəqəmsal əsərlər toplusu əsasında, onun üslubuna uyğun “Sonuncu sərnişin” adlı hekayə yaradıldığını deyib. Vurğulayıb ki, daha sonra yazıçının səsi klonlaşdırılaraq mətn səsləndirilib və paralel olaraq digər texnoloji həllər sınaqdan keçirilib.

Akademik Əli Abbasov beynəlxalq və milli sistemlərin sintezi istiqamətində də mühüm addımların atıldığını söyləyib. Onun sözlərinə görə, təhsil sektorunda süni intellekt texnologiyalarının tətbiqi müəllim əməyinin avtomatlaşdırılmasına və tədris prosesinin səmərəliliyinin artırılmasına xidmət edir. Bu kontekstdə alim ötən il Dubayda Microsoft İnnovasiya Mərkəzində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nümayəndə heyəti ilə şirkətin regional komandası arasında süni intellekt və təhsil sahəsində əməkdaşlıq imkanlarına dair keçirilmiş görüşlərin əhəmiyyətini xüsusi qeyd edib.

“Rəqəmsal əkiz texnologiyalarının praktik tətbiqinin genişlənməsi və bu sistemlərin real mühitlə daha dərindən inteqrasiyası yaxın gələcəkdə ölkənin rəqəmsal transformasiya proseslərinə əlavə impuls verəcək”, – deyə qeyd edən akademik Əli Abbasov bildirib ki, burada əsas məsələ insanın rəqəmsal əkizinin real şəxsin bilik, davranış və mövqeyini nə dərəcədə dəqiq əks etdirməsi, eyni zamanda bu texnologiyaların etik və hüquqi çərçivədə tənzimlənməsidir. Akademik Əli Abbasov ölkəmizdə ilk dəfə olaraq özünün süni intellekt əsaslı rəqəmsal əkizinin yaradıldığını da diqqətə çatdırıb.

Böyük dil modelləri əsasında Azərbaycan dili üçün məqsədyönlü, ixtisaslaşmış kiçik dil modellərinin hazırlanmasının vacibliyini vurğulayan məruzəçi, mətnin linqvistik strukturunun süni intellekt tərəfindən düzgün anlaşılması üçün müvafiq infrastrukturun formalaşdırılmasının zəruriliyini qeyd edib.

Ölkə Prezidenti cənab İlham Əliyevin AMEA-nın 80 illik yubileyindəki çıxışına istinad edən akademik Əli Abbasov kibertəhlükəsizlik, süni intellekt və milli dilin qorunması məsələlərinin dövlət səviyyəsində prioritet istiqamətlərdən olduğunu vurğulayıb. Bildirib ki, bu baxımdan Azərbaycanda aparılan tədqiqatlar süni intellekt infrastrukturlarının formalaşmasında mühüm fərqlər yaradır.

Akademik Əli Abbasov əlavə edib ki, 2025-ci il 19 mart tarixində Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası”, eləcə də “Azərbaycanın yeni rəqəmsal arxitekturası”na dair vahid fəaliyyət planına həsr olunmuş müşavirə bu sahədə strateji yanaşmanın formalaşdığını göstərir. Bununla yanaşı, bu ilin 27 fevral tarixində “Rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı”nın təsdiqlənməsi institusional bazanın möhkəmlənməsində mühüm rol oynayacaq.

Qeyd olunub ki, dövlət qurumları, özəl sektor və akademik institutlar arasında əməkdaşlığın gücləndirilməsi süni intellekt sahəsində davamlı inkişaf üçün əsas şərtlərdəndir. Eyni zamanda, rəqəmsallaşma proseslərinin dərinləşməsi də kibertəhlükəsizlik risklərini də artırır. Bu səbəbdən süni intellekt sistemlərinin milli suverenliyinin təmin olunması aktual məsələ kimi ön plana çıxır.

Akademik Əli Abbasov çıxışının sonunda birgə səylər və koordinasiyalı fəaliyyət nəticəsində bu problemlərin effektiv həllinin mümkünlüyünə diqqət çəkib.