31 mart 2026 22:57
107

Samvel Nikola “iş” verəcək

Ancaq bilinmir ki, bu “iş” məhkəmə hökmü ilə olacaq, yoxsa?..

Parlament seçkiləri yaxınlaşdıqca Ermənistanda siyasi vəziyyət gərginləşir. Əslində bu vəziyyəti yaradanlar ermənilər deyil, onları kənardan idarə edənlərdir.

“Samvel Karapetyan yeni və güclü baş nazir olacaq. Biz heç bir başqa partiyaya səs verməyəcəyik. 300 000 yeni iş yeri yaradacağıq və biznes üçün 0% vergi tətbiq edəcəyik. Möhkəm və uzunmüddətli sülhü təmin edəcəyik”.

Bu sözləri hazırda İrəvanda ev dustaqlığında olan, dünyanın ikinci ən varlı ermənisi, rusiyalı milyarder Samvel Karapetyanın üfürüb şişirtdiyi “Güclü Ermənistan” Partiyasının fəalı, Samvelin qohumu Narek Karapetyan deyib: “İki aydan sonra Paşinyan özünə iş axtaracaq. Ola bilsin, biz ona da bir iş yeri təklif elədik”.

Karapetyanın uydurmalarına görə, bütün sorğulara əsasən, növbəti baş nazir məhz Samvel Karapetyan olacaq... Narek unudur ki, Kremlin ifşa olunmuş desantı sayılan Samvel Karapetyanın ikili vətəndaşlığı var. Bu da ona baş nazir postunu tutmağa imkan vermir. Hərçənd onun partiyası bəyan edir ki, “qələbədən” sonra bu əngəl aradan qaldırılacaq. O məntiqlə ki, “qalibi mühakimə etmirlər”. Ancaq necə, bilinmir...Bu sözlər ondan xəbər verir ki, karapetyanlar qalib gəlmək üçün qüvvədə olan qanunları pozmağa, hətta cinayət törətməyə belə hazırdırlar.

Nikol Paşinyana vəd olunan “iş yerinə” gəlincə, bu da şəksiz ki, lağlağıdır. İş deyəndə bu, yalnız məhkəmənin kəsəcəyi iş şəklində təsəvvür edilir. Aydındır ki, Samvel Karapetyan onu həbsxanaya atan, nüfuzunu sındıran şəxsin və onun komandasının başını tumarlamaz.  Şübhəsiz ki, burada ağa-hakim rolunu Moskvadakı ağaları oynayacaq.

Bunu baş nazir Nikol Paşinyan da yaxşı bilir. Nəinki bilir, vaxtaşırı bu barədə cəmiyyətə lazımi mesajlar və siqnallar göndərir. Son günlər isə açıq deyir ki, parlamentə başqaları gəlsə sentyabr ayında müharibə olacaq. Çalışır toplumu ayıltsın ki, Karapetyanın hakimiyyətə gəlməsi ilə sadə erməniləri hansı dəhşətlər gözləyir. Hərçənd, davakar daşnak tör-töküntüləri cəmiyyətə özlərini “sülh göyərçinləri”, “milli xilaskarlar” kimi tanıtmağa cəhd edirlər. Əslində isə onlar quzu dərisinə bürünmüş qart canavarlardır və hakimiyyətə gələn kimi köhnə dağıdıcı ritorikanı rəsmiləşdirəcəklər. O səbəbə baş nazir yorulmadan radikalların maskasını cırır və əhaliyə xəbərdarlıq edir ki, iyunun 7-də hərblə sülh arasında düzgün seçim etsin...

Keçən həftə həmin bu Narek Karapetyan xarici mediaya müsahibəsində hamının bildiyi tarixi faktı kobud şəkildə təhrif edərək köhnə bayatını oxuyub. Guya ötən əsrin əvvəlində Sovet dövlətinin rəhbəri İosif Stalin “Dağlıq Qarabağı Ermənistandan alaraq Azərbaycana verib”.

Amma bu siyasi dələduz özünə bir azca əziyyət verib heç olmasa, Rusiya mənbələrinə baxsaydı, bilərdi ki, Qarabağ heç vaxt Ermənistan adlı qondarma dövlətin tərkibində olmayıb, çünki bu oyuncaq dövlət özü o vaxt mövcud olmayıb. Lenin, Stalin, Orconikidze, Mikoyan və başqalarının təhdid və təzyiqləri ilə ərazilər Azərbaycandan alınaraq Ermənistan “düzəldilib.” Kommunist (bolşevik) Partiyasının Qafqaz Bürosunun qərarında isə “Dağlıq Qarabağ Azərbaycanın tərkibində saxlanılsın” ifadəsi yer alır. Yəni, öz sahibinin tərkibində. Adı da üstündə. “Qarabağ” nə vaxtdan erməni sözü, erməni yer adı olub?! Yüz il ondan əvvəl Qərbi Azərbaycanda erməni kütləsi var idimi? Əlbəttə, yox idi. 1828-ci ildən sonra ermənilər İrandan, Türkiyədən və Suriyadan köçürülərək Qərbi Azərbaycana və Qarabağa gətirildilər. İndi beş-on dılqır erməninin “quyruqlu” yalanlarına kim inanacaq?

Həyasız daşnaklar və revanşistlər bu sərsəm ideyanın təsirindən ayılmaq istəmir, zəhərlədikləri erməni toplumunu yeni müharibəyə çəkməyə çalışırlar. Qarabağ savaşları göstərdi ki, haqq nə qədər nazilsə də ancaq üzülmədi.

Vəli İlyasov, “İki sahil”