01 aprel 2026 10:00
97

Ərzaq təhlükəsizliyinin təmin olunmasına töhfə - TƏHLİL

Dövlət başçısı İlham Əliyev Şamaxı rayonuna səfəri zamanı açılışında iştirak etdiyi “Şirvan Aqro” heyvandarlıq kompleksinin əməkdaşları ilə görüşündə bildirdi ki, müəssisənin həm rayonun, həm də ümumilikdə ölkəmizin kənd təsərrüfatının inkişafı üçün çox böyük əhəmiyyəti vardır

Cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı gündən «Neft kapitalını insan kapitalına çevirək!» çağırışını etdi və bu hədəfi də açıqladı ki, iqtisadi artım qeyri-neft sektorunun hesabına olmalıdır. Son 22 ildən artıq dövrün iqtisadi mənzərəsinə diqqət yetirdikdı regionların sosial-iqtisadi inkişafının prioritetliyini aydın şəkildə görmək mümkündür. Belə ki, regionların sosial-iqtisadi inkişafına dair 4 Dövlət Proqramının icrası, həmçinin Prezidentin bölgələrə səfərindən sonra həmin rayonların sosial-iqtisadi inkişafını daha da sürətləndirmək üçün əlavə Tədbirlər Planının təsdiqlənməsi, Prezidentin Ehtiyat Fondundan vəsaitlərin ayrılması və sair kimi mühüm addımlar bunun bariz nümunəsidir. Hazırda işğaldan azad edilmiş ərazilərimizin bərpası ilə bağlı görülən işlərə diqqət yetirdikdə də bu bölgələrin malik olduğu potensialdan səmərəli istifadənin prioritetliyi diqqətdən kənarda qalmır. Dövlət başçısı İlham Əliyevin “Qarabağ və Şərqi Zəngəzur iqtisadi inkişafımızın yeni bir dayaq nöqtəsi olacaq. O bölgələrdə həm kənd təsərrüfatı, həm bərpaolunan enerji ilə bağlı layihələr, həm də turizm layihələri qeyri-neft sektoruna böyük dəstək verəcəkdir” çağırışı da özündə mühüm məqamları ehtiva edir.

Bu reallığı xüsusi vurğulamalıyıq ki, tarixi Zəfərə imza atdığımız 2020-ci ildən bu günədək azad edilmiş ərazilərimizin bərpası əsas hədəf olsa da digər bölgələrin inkişafı da diqqətdən kənarda qalmır. Cənab İlham Əliyevin hər bir bölgəyə səfəri mühüm sosial obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi, həmçinin ictimaiyyət nümayəndələri ilə görüşü ilə diqqətdə olur. Bu baxımdan Prezident İlham Əliyevin Şamaxı rayonuna səfəri də diqqətdədir. Dövlətimizin başçısı səfər çərçivəsində Heydər Əliyev Fondu tərəfindən inşa edilmiş Şamaxı Avropa liseyinin yeni binasının açılışında iştirak etdi. Qeyd edək ki, Liseyin yeni binası Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən “Yeniləşən Azərbaycana yeni məktəb” Proqramı çərçivəsində inşa edilib. Ümumiyyətlə, Azərbaycanda təhsil sahəsinin inkişafı dövlət siyasətinin əsas prioritetlərindən biridir. Dövlət səviyyəsində bu istiqamətdə həyata keçirilən işlərə Heydər Əliyev Fondu da böyük töhfələr verir. Fondun “Yeniləşən Azərbaycana yeni məktəb” Proqramı çərçivəsində indiyədək ölkəmizdə 500-dən çox məktəb istifadəyə verilib. Paytaxt Bakı ilə yanaşı, bölgələrdə də bu cür layihələrin icrası ilk növbədə regionlarda yaşayan şagirdlərin yüksək səviyyədə təhsil almalarına, onların elmin sirlərinə daha dərindən yiyələnmələrinə hərtərəfli şərait yaradır. Bu, eyni zamanda, ölkəmizdə ümumilikdə təhsil sahəsinin inkişafını əyani şəkildə göstərir.

Hər bir bölgə müasir tələblərə uyğun olaraq yeniləşir, təkmilləşir. Regional inkişaf proqramları, hazırda isə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” qarşıya qoyulan hədəflərə yüksək səviyyədə nail olmağa stimul verir. Rayonlar arasında sağlam rəqabətin aparılması davamlı inkişafı şərtləndirən amillər sırasındadır. Cənab İlham Əliyevin çağırışlarında bu məqam da xüsusi vurğulanır ki, gələcəkdə azad edilmiş ərazilərdə tətbiq edilən müasir idarəçilik sistemi bütün bölgələrdə yaradılacaq.

Prezident İlham Əliyev bölgələrə səfəri zamanı görülən işlərlə yaxından tanış olur, ictimaiyyət nümayəndələri ilə görüşür, onları narahat edən məsələləri özlərinin dilindən eşitməyi daha məqsədəuyğun hesab edir. Regionların inkişafı, eyni zamanda, qeyri-neft sektorunun inkişafı kimi dəyərləndirilir. Yaradılan şərait bazar iqtisadiyyatının aparıcı qüvvəsi olan sahibkarlığın inkişafına geniş təkan verir. Məhz bu baxımdan ölkə Prezidenti İlham Əliyev bildirir ki, sahibkarlığın inkişafı haqqında danışarkən mütləq Regional İnkişaf proqramlarını qeyd etməliyik. Birinci proqram 2004-cü ilin əvvəlində - fevral ayında qəbul edilmişdir. Bu proqramın qəbul edilməsi dövlət başçısının 2003-cü ildə seçkiqabağı platformasının bir hissəsi idi. Cənab İlham Əliyev həmin vaxt bəyan etmişdi ki, əgər xalq etimad göstərərsə, regionların inkişafı əsas vəzifələrdən biri olacaq və belə də oldu. 2004-cü ildə birinci, 2009-cu ildə ikinci, 2014-cü ildə üçüncü, 2019-cu ildə dördüncü Regional inkişaf proqramları qəbul olundu və uğurla icra edildi. Ölkənin davamlı inkişafında iqtisadiyyatın düzgün əsaslar üzərində qurulması əhəmiyyətli rol oynayır. Bölgələrin inkişafını yeni iş yerlərinin yaradılması kimi dəyərləndirən dövlət başçısı İlham Əliyev qarşıya qoyulan məqsədlərə yüksək səviyyədə nail olmaq üçün infrastrukturun yenilənməsini, beynəlxalq standartlara uyğunlaşdırılmasını vacib amil kimi diqqətə çatdırır. Atılan addımlarda əsas məqsəd bölgələrin inkişafına nail olmaqla yanaşı, sahibkarlara dəstək göstərməkdir. İnfrastrukturun yenilənməsi öz növbəsində iş adamlarının fəaliyyətlərini daha yüksək səviyyədə qurmalarını şərtləndirir. Bu gün ailə təsərrüfatlarının inkişafından bəhs edirik. Asan dəstək funksiyasını yerinə yetirən ABAD mərkəzlərinin normal fəaliyyətində bu amillərin rolu böyükdür. Həmçinin son illərdə dövlət başçısı İlham Əliyev ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafını qarşıya prioritet məsələ kimi qoyub. Bütün bu hədəflər özlüyündə kompleks tədbirlərin həyata keçirilməsini bir zərurət kimi şərtləndirir.

Dövlət başçısı İlham Əliyev Şamaxı rayonuna səfəri zamanı “Şirvan Aqro” heyvandarlıq kompleksinin açılışında iştirak etdi. Bildirildi ki, 100 hektara yaxın ərazini əhatə edən kompleksin yaradılmasında məqsəd ölkə əhalisinin yüksəkkeyfiyyətli süd və ət məhsulları ilə təmin olunmasına, bu məhsulların ixracına, həmçinin regionun inkişafına, xüsusən də Şamaxı və ətraf rayonlarda məşğulluğun artırılmasına töhfə verməkdir. Ən son texnologiyalarla təchiz edilən və süni intellekt vasitələri ilə idarə olunan bu kompleks Qafqaz regionunda və MDB məkanında ən böyük heyvandarlıq müəssisələrindən biridir. Bura ölkəmizdə alternativ və yaşıl enerjidən istifadə edən ilk heyvandarlıq kompleksidir. Kompleksdə yüksəkixtisaslı mütəxəssislərin hazırlanması üçün dünyanın qabaqcıl texnologiyalarının tətbiqini öyrədəcək Təlim-Tədris Mərkəzi də fəaliyyət göstərəcək.

Müəssisədə Azərbaycanın və Cənubi Qafqazın ən böyük “Karusel” tipli süd sağımı, həmçinin “Paralel” sağım sistemləri yaradılıb. Hər bir sağım nöqtəsində süd keyfiyyətinin onlayn analizatoru quraşdırılıb. Ölkədə südün 32 dərəcədən 4 dərəcəyədək sürətli soyudulması üçün qabaqcıl sistem, həmçinin dünyadakı ən son genetik materiallar əsasında fəaliyyət göstərən, süd həcminin artırılmasını təmin edən ilk Reproduksiya Mərkəzi yaradılıb. Müəssisədə Şamaxı və ətraf rayonların 200-dən çox sakini işlə təmin olunub. Kompleksin ərazisində digər rayonlardan buraya işləməyə gələnlər və xarici mütəxəssislərin qalması üçün yaşayış binası da var.

Dövlətimizin başçısı İlham Əliyev müəssisənin əməkdaşları ilə görüşündə bildirdi ki, yüzlərlə iş yeri, gözəl şərait yaradırıq. Bu müəssisənin həm Şamaxı rayonunun, həm də ümumilikdə ölkəmizin kənd təsərrüfatının inkişafı üçün çox böyük əhəmiyyəti var. Bu, nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük həm ətlik, həm südlük təsərrüfatıdır. Bizdə indi idxal həcminin azaldılması istiqamətində işlər aparılır. Biz elə etməliyik ki, özümüzü həm ətlə, həm südlə, süd məhsulları ilə 100 faiz təmin edək. Buna yaxınıq, amma hələ ki, buna nail ola bilməmişik. Belə təsərrüfatların fəaliyyətə başlaması bu məqsədi də təmin edəcək və gələcəkdə biz hətta ət və süd məhsullarını ixrac edə də bilərik. bu kompleks kənd təsərrüfatı və kənd təsərrüfatı məhsullarının emalı sahəsində ən müasir təsərrüfatlardan biridir. Burada tətbiq edilən texnologiyalar qabaqcıl şirkətlərin texnologiyalarıdır. Dünyanın ən yüksəksəviyyəli iş yanaşması burada tətbiq olunur. Şamaxı rayonunda məşğulluğun artırılması üçün də bu müəssisənin çox böyük əhəmiyyəti olacaq.

“Şamaxı ölkəmizin turizm mərkəzlərindən birinə çevrilib” söyləyən cənab İlham Əliyev bildirdi ki, bir çox müasir istirahət zonaları, hotellər, iaşə, mədəniyyət, təhsil obyektləri yaradılıb. Şamaxı-Bakı avtomobil yolu da çox müasirdir. İndi həm Bakı ilə, həm ölkəmizin həm qərb, şimal-qərb bölgələri ilə əlaqə üçün yeni imkanlar var. İndi Şamaxı-İsmayıllı-Qəbələ yeni avtomobil yolu inşa edilir. Orada inşa olunan körpü ölkəmizdə ən böyüyüdür. Yəqin ki, gələn il istifadəyə veriləcək. Ölkə ərazisində bağlantılar məsələləri də öz həllini tapır. Elə etməliyik ki, insanlarımız daha yaxşı yaşasın, iş yerləri olsun, dolanışıq yaxşı olsun.

Qeyd edək ki, bu cür müasir kompleksin istifadəyə verilməsi ilk növbədə kənd təsərrüfatının mühüm sahələrindən olan heyvandarlığın inkişafına və ərzaq təhlükəsizliyinin təmin olunmasına töhfə verir. Layihənin icrası, həmçinin ümumilikdə regionun kənd təsərrüfatı potensialının artırılmasında böyük rol oynayır. Bu cür təsərrüfatlarda müasir texnologiyaların tətbiqi isə məhsuldarlığın artırılmasına, heyvanların sağlam şəraitdə saxlanmasına və istehsal xərclərinin azaldılmasına zəmin yaradır. Bu kompleksin fəaliyyətə başlaması, eyni zamanda, ölkəmizin ixrac potensialının artırılmasına müsbət təsir edəcək.

Ümumilikdə bölgələrdə yeniliklər özünü aydın şəkildə nümayiş etdirir. Buna görə də yalnız paytaxt Bakımız deyil, bölgələrimiz də sosial-iqtisadi inkişafı ilə dünyanın diqqətindədir. Bütün bölgələrimiz, o cümlədən işğaldan azad edilmiş ərazilərimiz beynəlxalq tədbirlər üşün ideal məkan kimi qəbul olunurlar. Bircə faktı qeyd etmək kifayətdir ki, ötən il Xankəndi şəhəri İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə Görüşünə ev sahibliyi etdi. Cənab İlham Əliyev Zirvə görüşündəki çıxışında ölkəmizdə əlverişli sərmayə iqliminin mövcudluğundan geniş bəhs etdi. Ölkə iqtisadiyyatına yatırılan 350 milyard dollar sərmayənin yarısının xarici sərmayə olduğunu buna bariz nümunə kimi vurğuladı.

Azərbaycanın hazırda 16 ölkəyə qaz ixrac etməsi də malik olduğu iqtisadi imkanlardan səmərəli istifadəsinin göstəricidir. Təbii ki, ölkə iqtisadiyyatının inkişafında neft-qaz amili əsasdır. Onlardan əldə edilən gəlirlərin düzgün istiqamətləndirilməsi, şəffaflığın yüksək səviyyədə qorunması iqtisadiyyatın şaxələndirilməsi siyasətinin uğurla həyata keçirildiyini təsdiqləyir. Hazırda Azərbaycan yaşıl enerjiyə keçid ilə də diqqətdədir. Bərpaolunan enerji potensialından səmərəli istifadə yeni əməkdaşlıq formatlarının yaradılmasına stimul verir.

Bu gün Azərbaycanın iqtisadi mənzərəsindən bəhs edərkən yeni iqtisadi və sosial çağırışların müzakirə edildiyi məkan, innovasiyalar ölkəsi kimi nüfuz qazanmasını da xüsusi qeyd etməliyik. Ölkəmizdə iqtisadi tərəqqi güclü sosial siyasətlə tamamlanır. Cənab İlham Əliyevin 22 iyul 2022-ci il tarixli “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında” Sərəncamı da özündə hədəflərə çatmaq üçün icra mexanizmlərini və nəzarəti ehtiva edir. Azərbaycanın gələcəkdə dayanıqlı inkişafının yüksək səviyyədə qorunması və təmin edilməsi üçün möhkəm baza mövcuddur.

Bir sözlə, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş iqtisadi inkişaf strategiyasının 2003-cü ildən sonra uğurla davam etdirilməsi nəticəsində ölkəmizdə makroiqtisadi sabitlik qorunub saxlanılmış, qeyri-neft sahələrinin və regionların inkişafı sürətlənmiş, strateji valyuta ehtiyatları dəfələrlə artmış və ondan səmərəli istifadə təmin olunmuş, sahibkarlığa dövlət dəstəyi güclənmiş, təhsil və digər sosial sahələrin inkişafı davam etmiş və əhalinin rifahı davamlı olaraq yaxşılaşmışdır. Ötən dövr ərzində Azərbaycanın beynəlxalq əlaqələri əhəmiyyətli dərəcədə genişlənmiş, beynəlxalq aləmdə nüfuzu güclənmiş və Cənubi Qafqazın lider dövləti kimi öz mövqeyini qoruyub saxlamışdır. Azərbaycanda bundan sonra da həyata keçiriləcək iqtisadi islahatların məqsədi yüksək insan kapitalına və innovasiyalara əsaslanan dayanıqlı, rəqabətli iqtisadiyyatını formalaşdırılması olacaqdır. Dövlət başçısı İlham Əliyev bildirir: “İnkişaf etmiş ölkələrin təcrübəsinə nəzər salsaq görərik ki, o uğurların təməlində intellektual potensial, texnoloji tərəqqi, elmin inkişafı və təhsil səviyyəsi dayanır. Gələcəkdə bu amillər daha da böyük rol oynayacaq. Çünki bu gün istər iqtisadi sahədə, sənaye istehsalının inkişafında, hər bir sahədə müasir texnologiyalar hər şeyi həll edir.»

Kompleks tədbirlər Azərbaycanın dayanıqlı inkişafının əsasıdır. Azərbaycan dünyaya təkmil inkişaf modelini təqdim edir. Lakin bu model daim dövrün çağırışlarına uyğun olaraq yeniliklərin əlavə edilməsi ilə diqqətdədir.

Yeganə Əliyeva, “İki sahil”