01 aprel 2026 01:54
92

Evdəki “gizli təhlükə”...

Təmizlik qoxusu kimi qəbul edilən spreylər sağlamlığa zərər verə bilər

Evlərdə və ofislərdə tez-tez təmizliyin əlaməti kimi qəbul edilən, xoş ətir yayan otaq spreyləri bilindiyinin əksinə heç də havanı təmizləmir. Mütəxəssislər xəbərdarlıq edirlər ki, geniş istifadə olunan otaq spreyləri və avtomatik qoxu cihazları tənəffüs yolları üçün ciddi risk yarada bilər.

Pulmonoloq, professor Cüneyt Saltürkün sözlərinə görə, xüsusilə kimyəvi tərkibli avtomatik spreylər gözlənildiyindən daha təhlükəli təsirə malikdir və bəzi hallarda astma tutmalarına da səbəb ola bilir.

Təmizlik qoxu ilə ölçülmür

Professor qeyd edib ki, cəmiyyətdə təmizlik anlayışı yanlış olaraq xoş qoxu ilə əlaqələndirilir: “Bir mühitin xoş qoxulu olması onun havasının təmiz olduğu mənasını daşımır. Təəssüf ki, evlərdə və iş yerlərində bu məhsullardan geniş istifadə olunur. Otaq spreyləri uçucu üzvi birləşmələr və aerozollar ehtiva edir. Bu maddələr astması və allergiyası olan şəxslərdə, hətta sağlam insanlarda belə tənəffüs yollarının daralmasına, xırıltı, öskürək və asqırmaya səbəb ola bilər.”

Avtomatik sprey cihazları daha böyük risk yaradır

Mütəxəssis nəzarətsiz işləyən avtomatik qoxu cihazlarının daha təhlükəli olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu cihazlar gecə boyu fasiləsiz şəkildə kimyəvi maddələr yayaraq ciddi sağlamlıq problemlərinə yol aça bilər: “Cihazlar aktiv vəziyyətdə qaldıqda otağa davamlı aerozol buraxır. Nəticədə insanlar səhər saatlarında nəfəs darlığı, allergik reaksiyalar və astma tutmaları ilə tibb müəssisələrinə müraciət edirlər. Bu hallarla praktikada tez-tez rastlaşırıq.”

Ən effektiv üsul təbii havalandırmadır

Professor Saltürk bildirib ki, sağlam mühit üçün əsas şərt düzgün havalandırmadır. Onun fikrincə, müntəzəm olaraq pəncərələrin açılması, mexaniki havalandırma sistemlərindən istifadə və zərurət olduqda hava təmizləyici cihazların tətbiqi daha təhlükəsiz yanaşmadır. Eyni zamanda, evdə toz, allergen və mikroorqanizmlərin azalması üçün səthlərin mütəmadi təmizlənməsi vacib hesab olunur.

Parfüm istifadəsində də ehtiyatlı olunmalıdır

Mütəxəssis əlavə edib ki, yalnız otaq spreyləri deyil, gündəlik istifadə olunan parfümlər də nəzarətli şəkildə tətbiq edilməlidir: “Parfümlər birbaşa bədənə və ya geyimə həddindən artıq miqdarda vurulmamalıdır. Xüsusilə allergiyaya meyilli şəxslər bəzi məhsullardan ümumiyyətlə uzaq durmalıdır. Bu vasitələrin əksəriyyəti uçucu kimyəvi maddələrdən ibarətdir və tənəffüs yollarına təsir edir.”

Amma, eyni zamanda, o da vurğuanır ki, xoş qoxu hər zaman sağlam mühit demək deyil. Xüsusilə tənəffüs yolu xəstəliklərinə meyilli şəxslər üçün kimyəvi tərkibli ətir yayan vasitələrdən istifadə etmək riskli ola bilər. Daha sağlam seçim isə təbii yollarla havanın təmizlənməsidir.

Şahnigar Əhmədova, “İki sahil”