01 aprel 2026 00:15
103

Aprel döyüşləri: Tarixi Zəfərin başlanğıcı

10 il öncə - 2016-cı ilin aprelində Ermənistan silahlı qüvvələrinin qoşunların təmas xəttində ardıcıl təxribatlarına cavab olaraq keçirilmiş əks-hücum əməliyyatı zamanı qazanılmış Qələbə Azərbaycan Ordusunun gücünü, xalqımızın yenilməz ruhunu və ədalətin bərpa olunacağını göstərdi

Azərbaycan Ordusunun parlaq tarixi qələbələrindən olan şanlı Aprel döyüşlərindən 10 il ötür. 2016-cı il aprelin 2-də ordumuz düşməni ağır məğlubiyyətə uğradaraq, Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2 min hektardan çox hissəsini azad etdi. Həmçinin minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçdi. Azərbaycan Ordusu dördgünlük Aprel döyüşləri ilə 23 ildən sonra xalqımıza ilk böyük qələbə sevinci bəxş etdi. On il əvvəl baş verən müharibə ordumuzun qüdrətini, gücünü bütün dünyaya göstərməklə yanaşı, həm də “güclü Ermənistan ordusu” mifini darmadağın etdi, dünya erməniliyini pərişan duruma saldı, məyusluğa uğratdı. Xalqımız ordumuzun gücünə bir daha inandı və onunla qürur duydu. Prezident, Ali Baş Komandan İlham Əliyevin Aprel döyüşlərinin ildönümü ilə əlaqədar bir qrup hərbçi ilə görüşündə dediyi sözlər həmin qələbənin strateji əhəmiyyətini tam dəqiqliyi ilə ifadə edir: “Aprel döyüşləri, eyni zamanda, ordumuzun peşəkarlığını göstərmişdir. Ordumuz əlverişsiz mövqelərdən əks-hücum əməliyyatı apararaq strateji mövqelərə sahib oldu. Bu gün bu strateji yüksəkliklər, mövqelər, işğaldan azad edilmiş ərazilər bizə imkan verir ki, təmas xəttində mövcud olan vəziyyətə tam nəzarət edək və istədiyimiz tədbiri görə bilək”.

Aprel hadisələrində cəbhənin ən gərgin istiqaməti Ağdərə-Tərtər-Ağdam və Füzuli istiqaməti oldu. Azərbaycan Silahlı Qüvvələrinin bölmələri aprelin əvvəlində qısa müddətdə düşmənin öndə və dərinlikdə cəmləşən qüvvələrini müəyyənləşdirib və qəti zərbələrlə sıradan çıxardı. Uğurlu əməliyyatlar nəticəsində Naftalan şəhərinə təhlükə yaradacaq Talış kəndi istiqamətindəki yüksəkliklər işğalçılardan təmizləndi. Həmçinin Horadiz şəhərinin düşmən təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən olduqca strateji əhəmiyyətli Lələtəpə yüksəkliyi azad edildi. Ordumuzun qəti zərbələri nəticəsində düşmənin 30-dək tankı, 25-dən çox artilleriya qurğusu və digər zirehli texnikası məhv edildi, 320 hərbçisi öldürüldü, 500-dən artıq döyüşçüsü yaralandı. Ağdərə-Suqovuşan istiqamətində yolların nəzarətdə saxlanılması təmin edildi. Ermənistan ordusunun təxribatlarına cavab olaraq 2016-cı il aprelin əvvəllərində Azərbaycan Ordusunun həyata keçirdiyi əks-həmlə əməliyyatları nəticəsində yaranan rezonans bu ölkənin siyasi-hərbi rəhbərliyində dərin çatların əmələ gəlməsinə səbəb oldu. Bunun nəticələrini biz bu gün də Ermənistan cəmiyyətində müşahidə edirik. Nəticədə bu ölkədə işğalçılığın və separatizmin dövlət səviyyəsində dəstəkləndiyi təsdiq olundu. Aprel zəfərində illərlə yaradılan “məğlubedilməz erməni ordusu” mifi dağıldı və erməni xalqı işğalçılıq siyasətinin iflasa uğradığını dərk etdi.

Aprel qələbəsi əsgərlərimizin döyüş ruhunun, ordu ilə xalqın birliyinin təcəssümü oldu. Dünya ictimaiyyəti də başa düşdü ki, işğal edilmiş ərazilərin hərb yolu ilə azad edilməsi mümkündür. Azərbaycan xalqı, dövləti və ordusu buna tam qadirdir. Uğurlu Aprel əməliyyatından sonra Ermənistanın işğalçılıq siyasəti danılmaz faktlarla yenidən təsdiqləndi. Döyüşlərdə ölənlərin əksəriyyətinin Ermənistan hərbi qulluqçularının olması, onların Ermənistan hökuməti tərəfindən mükafatlandırılması, yaralıların böyük bir hissəsinin Ermənistanın tibb müəssisələrində müalicə alması və dövlət tərəfindən “separatçı cəlladların” könüllü adı altında yenidən Qarabağa göndərilərək erməni ordusunun qoyub qaçdığı səngərlərə doldurulması cəhdi və sair faktlar buna əyani sübutdur.

Ermənistan ordusunun təmas xəttində törətdiyi təxribatlar zamanı dinc əhali arasında da həlak olan və yaralananlar oldu, yaşayış məntəqələrimizə böyük ziyan dəydi. Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanması, erməni işğalçılarının 2016-cı il aprelin 2-dən 5-dək qoşunların təmas xəttində törətdikləri silahlı təxribatların qarşısının alınması və düşmənin dinc əhaliyə hücumlarının dəf edilməsi zamanı göstərdikləri qəhrəmanlıq və igidliyə görə Azərbaycan hərbçilərinin xüsusi fərqlənən bir qrupu 2016-cı il aprelin 19-da Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə yüksək fəxri ada layiq görüldü, orden və medallarla təltif edildi. Vətən qarşısındakı xidmətlərinə görə təltif edilənlər arasında “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına, “Azərbaycan Bayrağı” və “Vətənə xidmətə görə” ordenlərinə, “Vətən uğrunda”, “İgidliyə görə” və “Hərbi xidmətlərə görə” medallarına layiq görülənlər vardır.

Aprel döyüşlərinin ən böyük tarixi əhəmiyyəti bu qələbə sayəsində “Böyük Qayıdış” prosesinə start verilməsi oldu. Lələtəpə yüksəkliyinin azad edilməsi nəticəsində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində mülki əhalinin yaşayışı üçün təhlükə tamamilə aradan qaldırıldı. Dövlətimizin başçısının Cocuq Mərcanlı kəndinin bərpası və əhalinin yerləşdirilməsi ilə bağlı 2017-ci il 24 yanvar tarixli Sərəncamı ilə Böyük Qayıdış prosesinə start verildi. Artıq bu kəndin əhalisinin 23 illik fasilədən sonra doğma torpaqlarına qayıtması işğal altındakı digər ərazilərimizin də tezliklə azad olunmasına bütün xalqımızda dərin inam yaratdı. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın təmas xəttinə gedərək, Ermənistan ordusunun atəşləri nəticəsində yaşayış məntəqələrimizə dəyən ziyanla yerində tanış olmaları, yerli əhali, eləcə də ön xətdə şəxsi heyətlə görüşü xalqımızın və ordumuzun düşmən üzərində qəti qələbəyə ümidlərini daha da artırdı.

Aprel döyüşlərindən iki il sonra Naxçıvanda “Günnüt” əməliyyatı keçirildi, strateji yüksəkliklər nəzarətə götürüldü. Uğurlu Aprel qələbəsindən daha da ruhlanan Azərbaycan Ordusu iki il sonra daha bir böyük zəfər qazandı. 2018-ci ilin mayında Əlahiddə Ümumqoşun Ordu tərəfindən Günnüt kəndi və ətraf ərazilərin nəzarət altına alınması bir daha göstərdi ki, əsgər və zabitlərimiz qarşıya qoyulan istənilən tapşırığı yerinə yetirmək əzmindədir. Prezident İlham Əliyevin dediyi kimi: “Naxçıvanın 1990-cı illərin əvvəllərində ermənilər tərəfindən zəbt edilmiş 11 min hektar torpağı Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu tərəfindən aparılmış uğurlu əməliyyat nəticəsində azad edildi. Çox böyük mühəndislik və kəşfiyyat işləri aparıldı. Naxçıvan əməliyyatı yüksək məharətlə, peşəkarlıqla həyata keçirildi. Azərbaycan hərbçisi bir daha qəhrəmanlıq, rəşadət göstərmişdir. Naxçıvan əməliyyatı bir daha onu göstərdi ki, Azərbaycan Ordusu güclü ordudur”.

Azərbaycan Silahlı Qüvvələri 44 günlük Vətən müharibəsində tarixi Qələbə qazanaraq ölkəmizin ərazi bütövlüyünün bərpasına nail olmaqla yeni zəfər salnaməsi yaratdı. Azad edilmiş torpaqlarda qaldırılmış Azərbaycan bayraqları 2020-ci il dekabrın 10-da Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradında nümayiş etdirildi. Azərbaycanın ərazi bütövlüyü və tarixi ədalət bərpa olundu. Bu Qələbə son 200 illik tariximizin ən böyük Zəfəridir. Bəhs olunan tarixdə biz heç vaxt itirilmiş torpaqlarımızın geri qaytarılmasına nail olmamışdıq.

2023-cü il sentyabrın 19-da Azərbaycan tarixinə yeni bir qəhrəmanlıq salnaməsi yazıldı. Qarabağda mövcud olan Ermənistan silahlı qüvvələrinin və separatçı dəstələrin təxribatları artıq son həddə çatmışdı. Məhz bu məqamda Ali Baş Komandan İlham Əliyevin dəmir iradəsi və qətiyyətli siyasəti nəticəsində lokal xarakterli antiterror əməliyyatı başlandı. Azərbaycan Ordusu qısa müddətdə misilsiz peşəkarlıq nümayiş etdirərək qarşıya qoyulan bütün vəzifələri yerinə yetirdi. Cəmi 23 saat 43 dəqiqə ərzində separatçılar ağ bayraq qaldırmağa məcbur oldular, on minlərlə silahlı qüvvə tərksilah edildi, yüzlərlə texnika məhv edildi və ölkəmiz dövlət suverenliyini tam bərpa etdi.

Sevinc Azadi, “İki sahil”