31 mart 2026 23:16
92

Xalqımıza qarşı törədilmiş soyqırımları heç vaxt unutmamalıyıq.

Tarixi Qarabağ zəfərimizdən sonra suverenliyimizin tam bərpa olunması bir çox həqiqətlərə, eləcədə zaman-zaman xalqımıza qarşı törədilən soyqırımı hadisələrinə yenidən işıq saldı. 1918-ci ilin 31 Mart soyqırımı qan yaddaşımızdan heç zaman silinməyəcəkdir.

Ermənilərin azərbaycanlılara qarşı zaman-zaman törətdikləri soyqırımı hadisələri təkcə insanların kütləvi məhvi ilə məhdudlaşmayıb. Onlar həm də dəyərlərimizə - abidələrimizə, maddi və qeyri maddi tarixi, mədəni, mənəvi irsimizə, hətda mətbəximizə, musiqimizə, qarşı təcavüzdən, özününküləşdirməkdən çəkinməyiblər. Təsüf ki, uzun onilliklər ərzində mənfur qonşularımızın xalqımıza qarşı törətdiyi soyqırımlar öz hüquqi-siyasi qiymətini ala bilməmişdi. Ulu Öndər Heydər Əliyevin qətiyyəti, ölkəmizdə və dünyad baş verən hadisə və prosesələrə verdiyi sərrast qiymət, xalqımızın başına gətirilən müsibətlərə, eləcəcdə soyqırımı hadisələrinə işıq saldı. Heydər Əliyevin; - “1998-ci ildən başlayaraq hər il 31 mart azərbaycanlıların soyqırımı günü kimi dövlət səviyyəsində qeyd olunur. Həmin gün soyqırımı qurbanlarının anma tədbirləri keçirilir, dünya ictimaiyyətinin diqqəti xalqımıza qarşı aparılan cinayətkar siyasətə cəlb olunur. Həm də qeyd olunmalıdır ki, xalqımıza qarşı yeridilmiş soyqırımı siyasətinin uzun tarixi olsa da, bu barədə əsl həqiqətlər yalnız Azərbaycan rəhbərliyinin qətiyyəti sayəsində son illərdə dünya ictimai fikrinə çatdırılmağa başlamışdır. Bu işdə Azərbaycan vətəndaşlarının, ictimaiyyətin, xarici ölkələrdəki azərbaycanlı icmalarının üzərinə böyük məsuliyyət düşür. Xalqımıza qarşı törədilmiş soyqırımı haqqında həqiqətləri real faktlar, dəlillər əsasında dünya dövlətlərinə, nüfuzlu beynəlxalq təşkilatlara çatdırmaq, saxta erməni təbliğatı nəticəsində formalaşmış yalan təsəvvürləri dəyişdirmək, ona hüquqi-siyasi qiymət verdirmək nə qədər çətin olsa da, şərəfli və müqəddəs bir iş kimi bu gün də, gələcəkdə də davam etdirilməlidir. Bu, soyqırımı qurbanlarının xatirəsi qarşısında indiki nəslin müqəddəs borcudur” deməsi soyqırımı hadisələrinə baxış üçün yeni bir dövrün başlanğıcı, həm də bu mövzuda hər bir azərbaycanlı üçün məsuliyyətli olmaq çağırışı idi.

Soyqırımlarla bağlı tarixin səhifələri vərəqləndikcə yeni-yeni faktlar, erməni vəhşiliyinin tükürpədici səhnələri üzə çıxır. Xüsusilə son illər məlumatların dəqiqləşdirilməsi istiqamətində axtarışlar genişləndirilir, təkzibolunmaz arxiv sənədləri, soyqırımları təsdiqləyən çoxsaylı dəlil-sübutlar aşkarlanır. 31 mart 1918-ci il soyqırımı ilə bağlı aparılan araşdırmalarla müəyyən olunub ki, təkcə Şamaxıda 1918-ci ilin mart-aprel aylarında öldürülənlərin sayının 8-12 min nəfər, bir çox mənbələrdə isə hətda 40 min nəfər olduğu göstərilir. O zamankı Azərbaycan hökuməti tərəfindən yaradılan Fövqəladə İstintaq Komissiyasının istintaq sənədlərində 1918-ci ilin mart-aprel aylarında Şamaxı qəzasında azərbaycanlılar yaşayan 58 kəndə ermənilərin hücumu zamanı 3632 kişinin, 1771 qadının, 956 uşağın vəhşicəsinə öldürüldüyü qeyd olunurdu. Lakin ekspertlərin digər arxiv sənədləri əsasında apardıqları hesablamalara görə, Şamaxı qəzasının təkcə 53 kəndində 8027 azərbaycanlı qətlə yetirilib. Onlardan 4190 nəfəri kişi, 2560 nəfəri qadın, 1277 nəfəri uşaq olub. Digər bir mənbədə isə Şamaxının 72 kəndində ermənilərin 7 min nəfəri, o cümlədən 1653 qadın və 965 uşağı öldürdüyü göstərilir. Fövqəladə İstintaq Komissiyası tərəfindən həmin dövrdə Şamaxı qəzasındakı 120 kəndin 86-sının erməni təcavüzünə məruz qaldığı təsdiqlənib. Komissiya öz işini dayandırdığından sonra digər 34 kənd haqqında məlumat toplamaq mümkün olmayıb.

Şamaxıda 1918-ci ilin mart-aprel aylarında öldürülənlərin sayının dəqiqləşdirilməsi ilə bağlı ötən əsrin 90-cı illərindən etibarən yerli tədqiqatçılar da bir sıra araşdırmalar aparıblar. Onların tədqiqatı nəticəsində (yüz nəfərə yaxın şahiddən toplanan xatirə və məlumatlar) müəyyən edilib ki, erməni cinayətkarları - S.Şaumyan, S.Lalayev, Z.Arestisyan, T.Əmirov və A.Əmiryan qardaşlarının rəhbərliyi ilə Şamaxı şəhərində təqribən 14-16 min nəfər, onun 40 kənd və obasında 6-8 min nəfər qətlə yetirilib. Şamaxı qəzasından didərgin düşənlərin sayı isə 18 min nəfərdən çox olub.
Ermənilərin silahlı hücumu nəticəsində 1918-ci ilin ilk beş ayı ərzində Quba qəzasında isə 16 mindən çox insan xüsusi qəddarlıqla qətlə yetirilmiş, 167 kənd dağıdılmışdı. Erməni-daşnak dəstələrinin Quba qəzasında azərbaycanlıları kütləvi şəkildə qətlə yetirmələrinə dair bir sıra yeni faktlar üzə çıxıb. Bu faktların biri də 2007-ci ildə Quba şəhərində kütləvi məzarlıqların aşkar edilməsidir. Amazaspın rəhbərliyi ilə erməni hərbi birləşmələri Qubada türk-müsəlman əhalisi ilə yanaşı, yəhudilərə qarşı da qırğınlar törətmişlər. Aparılan tədqiqatlar nəticəsində 1918-1919-cu illərdə Qubada ermənilər tərəfindən 3 min nəfərə qədər yəhudinin də qətlə yetirildiyi məlum olub.

Ermənilərin azərbaycanlılara qarşı soyqırımı siyasəti müasir dövrümüzdə də davam etdirilib. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərində daha bir dəhşətli soyqırımı törədilib. Gecə vaxtı şəhərə xain hücum nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq və 70 nəfər qoca xüsusi qəddarlıqla öldürülüb, 487 nəfər, o cümlədən 76 uşaq ağır yaralanıb, 1275 nəfər girov götürülüb.

Dövlət müstəqilliyimizin bərpasından sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini ortaya qoymaq imkanı yarandı. Mart soyqırımı haqqında həqiqətlərin dünyaya çatdırılması üçün Azərbaycan dövləti bütün zəruri addımları atdı. Bu sahədə məqsədyönlü fəaliyyət Ümummilli Lider Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətə qayıdandan sonra başladı. Ulu Öndərin 1998-ci il martın 26-da imzaladığı Fərmanla 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edildi. Bununla yanaşı, Heydər Əliyevin “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSRİ ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” 1997-ci il 18 dekabr tarixli Fərmanı da Ermənistan SSRİ ərazisindən azərbaycanlıların deportasiyasının hərtərəfli tədqiq edilməsi, bu cinayətə hüquqi-siyasi qiymət verilməsi və onun beynəlxalq ictimaiyyətə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edidi. Bu fərmanlar təkcə tariximizin qanlı səhifələrinin öyrənilməsi və yaddaşlarda həkk olunması deyil, eləcə də erməni şovinizmi və terrorizminin ifşa olunması baxımından da əhəmiyyətlidir.
Azərbaycanlılara qarşı törədilən bu bəşəri cinayət barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin 2018-ci ildə 31 mart soyqırımın 100 illiyi ərəfəsində Sərəncam imzalamışdir. Bu məqsədlə xüsusi tədbirlər planı hazırlanaraq həyata keçirilib.

Zaman ötdükcə bu sahədəki tədqiqtlar yeni tarixi fakları aşkarlamaqla yanaşı, həm də hər azərbaycanlıdan daim ayıq-sayıq olmağı, bir daha soyqırımına məruz qalmamağımız üçün hər zaman dövlətimizin yanında olmaqla, Müzəffər Ali Baş komandanımızın yürütdüyü siyasəti dəstəlkləməyi, dövlət adından həyata keçirilən tədbirlərin icraçısı və iştirakçısı olmağı vəzifə kimi qarşımıza qoyur.

Ermənilərin tarix boyu xalqımıza qarşı törətdikləri bütün cinayətlərin cavabı isə 2020-ci ilin sentyabrından başlayan və 44 gün davam edən Vətən müharibəsində, eləcə də 2023-cü ilin antiterror əməliyyatlarında verildi. 200 ildən çoxdur ermənilərin “böyük Ermənistan” xülyası ilə törətdikləri vəhşiliklərin və qəhrəman şəhidlərimizin qısasını Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə döyüş meydanında aldı. Ermənistanın 30 ildən artıq davam edən işğalına son qoyuldu, ölkəmizin ərazi bütövlüyü və suverenliyi bərpa edildi.

Kamil Qurbanlı,
Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının sədri