30 mart 2026 20:47
110

Daşkənddə TDT-nin kosmik agentliklərinin rəhbərləri bir araya gəliblər

Özbəkistanın paytaxtı Daşkənd şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) kosmik agentliklərinin rəhbərlərinin 5-ci iclası keçirilib.

Toplantıda kosmik sahədə strateji əməkdaşlığın daha da gücləndirilməsi məqsədilə üzv və müşahidəçi dövlətlərdən yüksəksəviyyəli nümayəndələr bir araya gəliblər.

Bu barədə AZƏRTAC-a TDT-dən məlumat verilib.

Bildirilib ki, iclasda çıxış edən TDT-nin Baş katibi Kubanıçbek Ömüraliyev kosmik sahədə əməkdaşlığın Türk dünyası daxilində inteqrasiyanın mühüm sütunlarından birinə çevrildiyini vurğulayıb. 12U TDT-SAT kub peyk layihəsi çərçivəsində əldə olunan sabit irəliləyişə diqqət çəkən Baş katib bu təşəbbüsün iştirakçı ölkələrin ortaq potensialını, texniki təcrübəsini və paylaşılmış baxışını əks etdirdiyini bildirib.

Kosmik agentlik rəhbərləri peykin istehsal prosesinin son mərhələlərini nəzərdən keçirib, onun buraxılışı ilə bağlı fikir mübadiləsi aparıblar. Tərəflər layihənin uğurla tamamlanması və istismarının birgə innovasiyanın qabaqcıl nümunəsi kimi həyata keçirilməsi istiqamətində qətiyyətlərini bir daha təsdiqləyiblər.

İclasda, həmçinin kosmik sənaye, infrastruktur və yeni texnologiyalar sahələrində əməkdaşlıq üçün strukturlaşdırılmış və perspektivyönümlü çərçivənin yaradılmasını nəzərdə tutan “Türk Dövlətləri Təşkilatı çərçivəsində Kosmik Sənaye Əməkdaşlığı potensialının inkişafına dair Saziş” layihəsinin yekunlaşdırılması müzakirə edilib.

İştirakçılar, eyni zamanda, təhsil və potensialın inkişafı sahəsində əməkdaşlığı müzakirə edib, bugünədək üzv və müşahidəçi dövlətlərdən 170-dən çox tələbənin qatıldığı Türk Kosmik Tədqiqatçılar Akademiyasının inkişafı istiqamətində görülən işləri qiymətləndiriblər.

Tərəflər TDT əməkdaşlığının qlobal səviyyədə inkişafını və təsirini artırmaq məqsədilə böyük beynəlxalq tədbirlər çərçivəsində Türk Dünyası Kosmos Günlərinin təşkili ilə bağlı təşəbbüsləri də müzakirə ediblər.

İclas Türk dünyası üzrə kosmik sahədə əməkdaşlığın dərinləşdirilməsi, korporativ əlaqələrin möhkəmləndirilməsi və innovasiyaya əsaslanan inkişafın təşviqinə dair ortaq iradənin bir daha təsdiqlənməsi ilə başa çatıb.