28 mart 2026 17:57
119

Qara dənizdə təhlükəli vəziyyət Türkiyədə narahatlığı artırır –  ANALİTİKA

Türkiyə rəsmiləri, siyasi xadimlər, ekspert icması və bir sıra media orqanları Qara dənizdə təhlükəli vəziyyət ilə bağlı artan narahatlıqlarını ifadə edirlər.

Bu məsələ 26 mart hadisələrindən sonra getdikcə daha da aktuallaşıb. Həmin hadisə zamanı 140 min ton Rusiya nefti daşıyan “Altura” tankerinə Türkiyə sahillərindən təxminən 15 mil məsafədə hücum edilib.

Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli bildirib ki, Ankara Qara dənizdə tankerə edilən hücuma böyük narahatlıqla yanaşıb. Diplomat qeyd edib: ”Qara dəniz bölgəsində eskalasiyanın daha da artmasının qarşısını almaq üçün müvafiq tərəflərlə əlaqələri davam etdiririk".

Bu, Qara dənizin Türkiyə sektorunda ilk belə hadisə deyil. 2025-ci ilin noyabr ayının sonunda Rusiyaya gedən iki tanker – “Kairos” və “Virat” Türkiyənin Kocaeli və Kastamonu əyalətlərinin sahillərində hücuma məruz qalıb və dekabrın 10-da Komor adaları bayrağı altında üzən “Daşan” tankeri “Sea Baby” pilotsuz uçuş aparatı ilə vurulub.

Məhz 2026-cı il martın 21-də - “Altura” tankerinə hücumdan bir neçə gün əvvəl Türkiyənin şimal-şərqindəki Ordu əyalətinin Qara dəniz sahillərində mühərrikinin sıradan çıxması səbəbindən sahilə çıxmış başqa bir pilotsuz qayıq aşkar edildi.

Türkiyə Milli Müdafiə Nazirliyi bu məsələ ilə bağlı bildirib ki, Ankara Rusiya ilə Ukrayna arasında davam edən müharibə fonunda Qara dənizdə pilotsuz uçuş aparatlarının geniş istifadəsi ilə bağlı riskləri nəzərə alır.

Türkiyə əhalisinə, xüsusən də balıqçılara və dənizçilərə son dərəcə ehtiyatlı olmaq, hər hansı şübhəli əşyanı hakimiyyət orqanlarına bildirmək tapşırılıb.

Bu arada, Türkiyənin Cümhuriyyət Xalq Partiyasının sədr müavini Yankı Bağcıoğlu rəsmi qurumları Qara dənizdə təhlükəsizlik tədbirlərini artırmağa çağırıb. “Rusiya-Ukrayna müharibəsinin başlanğıcından bəri Ankaranın mövqeyi dərhal sülhə yönəlib, lakin pilotsuz uçuş aparatlarının zərbələri bu müsbət atmosferi pozur və milli təhlükəsizliyə ciddi təhdid yaradır”, - deyə Ankaranın Qara dənizə əlavə Türkiyə dəniz qüvvələri və vasitələri göndərməsini təklif edən müxalifət siyasətçisi bildirib.

Eyni zamanda, rəsmi Ankara Qara dənizdəki hadisələrə qarşı təmkinli mövqe tutur və “İstanbul prosesi”ni bərpa etmək, habelə münaqişə tərəfləri ilə açıq dialoq kanallarını qorumaq istəyini gizlətmir.

Prezident Rəcəb Tayyib Ərdoğan ölkənin regional münaqişələrdə iştirakının qəbuledilməz olduğunu dəfələrlə bildirib və Türkiyəni “bölgədə sabitlik adası” adlandırıb.

Bu arada, bəzi media orqanları və ekspertlər Türkiyə sularında dron hücumunu təxribat və Ankaranı Ukraynadakı müharibəyə cəlb etmək cəhdi adlandırıblar.

Nəşrlər, həmçinin Qara dənizdəki mina təhlükəsi ilə əlaqəli gəmiçilik problemlərini qeyd ediblər ki, bu da Türkiyəni 11 yanvar 2024-cü ildə Bolqarıstan və Rumıniya ilə “MCM Black Sea” adlı birgə mina əleyhinə missiya yaratmağa sövq edib.

Martın 28-də Türkiyə Milli Müdafiə Nazirliyi bildirib ki, missiyanın bir hissəsi olaraq bu günə qədər Türkiyə Hərbi Dəniz Qüvvələri Qara dənizdə 275 şübhəli obyekt aşkarlayıb, 10 mina, 8 ədəd kamikaze dron və 11 pilotsuz qayıq məhv edilib.

“Akıt” qəzeti Qara dənizdə və Yaxın Şərqdəki vəziyyətin regional sülhə və sabitliyə yaratdığı riskləri vurğulayan bir neçə türk mütəxəssisinin fikirlərinə istinad edib. Analitiklər qeyd edirlər ki, Qara dənizdə dronların aktiv istifadəsi regionda enerji böhranı təhlükəsi yaradır.

Eyni zamanda, hadisələrin göstərdiyi kimi, Ankara Qara dənizdəki hücumların təhlükəsizliyi pozmasının qarşısını almaq səyləri fonunda bu proseslərə balanslı yanaşmanı qorumaq üçün əlindən gələni edir.

AZƏRTAC