27 mart 2026 01:50
108

Lavrov Rusiyanın İrana kəşfiyyat məlumatları ötürməsi ilə bağlı xəbərləri təkzib edib

Rusiya ABŞ və İsrailin Tehrana qarşı əməliyyatı fonunda İrana kəşfiyyat məlumatları ötürmür.

“İki sahil” TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov "France Televisions"a müsahibəsində bildirib.

"Biz İrana müəyyən növ hərbi təyinatlı məhsullar tədarük etmişik, lakin İrana kəşfiyyat məlumatları ilə kömək etdiyimizə dair ittihamlarla razılaşa bilmərik", - o bildirib.

Lavrov qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putin və onun rəsmi nümayəndəsi Dmitri Peskov Tehrana kəşfiyyat məlumatlarının ötürülməsi mövzusu ilə bağlı artıq şərhlər veriblər.

"Onlar bildiriblər ki, Rusiyanın, həqiqətən də, İranla sıx münasibətləri var. Bizim hərbi-texniki əməkdaşlıq haqqında sazişimiz mövcuddur", - Rusiya xarici siyasət idarəsinin rəhbəri qeyd edib.

O əlavə edib ki, Fars körfəzi ölkələrindəki Amerika hərbi bazalarının koordinatları regionda hamıya məlumdur: "İranın onlara hücum etməsi məndə təəccüb doğurmur".

Daha əvvəl ABŞ-ın Yaxın Şərq münaqişəsinə son qoymaq üçün İran hakimiyyətinə 15 maddəlik plan göndərdiyi bildirilib.

Xatırladaq ki, ABŞ və İsrailin 28 fevralda İrana qarşı birgə əməliyyat başlatmasından qısa müddət sonra İsrail Müdafiə Qüvvələri ilə "Hizbullah" arasında silahlı qarşıdurma yenidən başladı. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-ın Fars körfəzi ölkələrində yerləşən hərbi bazalarına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb. Həmin gün İranın ali dini rəhbəri Əli Xamenei ABŞ və İsrailin hücumları nəticəsində öldürülüb.