26 mart 2026 22:15
97

Hollandiyada bir həftədə bir neçə bankomat partladılıb

Hollandiyada bir həftə ərzində bir sıra bankomat partlayışları baş verib, hadisələrdən birində yeniyetmə qız yaralanıb.

“İki sahil”in “ANP” agentliyinə istinadən verdiyi məlumata görə, polis hücumlar arasında əlaqənin mümkünlüyünü istisna etmir.

İlk partlayışlardan biri Lopik şəhərində (Utrext əyaləti) qeydə alınıb. Nəticədə bankomatın yerləşdiyi binaya ciddi ziyan dəyib, ikinci mərtəbədəki mənzilin sakinləri təxliyə edilib. Nağd pulun oğurlanması ilə bağlı məlumatlar dəqiqləşdirilir.

Amsterdamın Nyu-Vest məhəlləsində baş verən digər partlayış zamanı bankomat tamamilə dağılıb, partlayış dalğası binanın pəncərələrini sındırıb. Hadisə nəticəsində yeniyetmə qız qəlpə yaraları alaraq xəstəxanaya yerləşdirilib. Vəsaitlərin oğurlanması ilə bağlı məlumat verilməyib.

Bundan əlavə, Amsterdamın Badxuverdorp və Landsmeer şəhərətrafı ərazilərində bir-birindən təxminən 30 dəqiqə fərqlə daha iki bankomat partladılıb.