26 mart 2026 17:25
106

Yaponiya artıq Çini “yüksək səviyyəli tərəfdaş” hesab etmir

Yaponiya Xarici İşlər Nazirliyinin ölkənin xarici siyasəti və beynəlxalq diplomatiyası haqqında illik hesabat layihəsində Çin artıq “yüksək səviyyəli tərəfdaş” deyil, "mühüm qonşu ölkə" kimi təsvir olunub.

“İki sahil” Yaponiya mediasına istinadla xəbər verir ki, bu söz dəyişikliyi Yaponiya Baş nazir Sanae Takaiçinin ötən ilin noyabrında Tayvan münaqişəsinə Yaponiya Özünümüdafiə Qüvvələrinin potensial cavabları ilə bağlı açıqlamalarından sonra ikitərəfli münasibətlərdəki azalmanı əks etdirir. Hesabat layihəsində Pekin son bir ildə Yaponiyanın maraqlarına qarşı birtərəfli təzyiqini və məcburi tədbirlərini artırdığına görə tənqid olunur.

Hesabat layihəsində geniş qlobal təhlükəsizlik məsələləri müzakirə olunur, İranın regional hücumları pislənir və Şimali Koreyanın kiberfəaliyyətlərinin təhlükəsi vurğulanır. Hesabatın təsdiqlənmiş variantı aprel ayında rəsmi olaraq yayımlanacaq.

Qeyd edək ki, Yaponiyanın yeni Baş naziri Sanae Takaiçinin Tayvana hərbi müdaxilənin ölkəsinə təhdid olacağı barədə bəyanatından sonra Çin ilə Yaponiya arasında münasibətlərdə gərginlik yaranıb. Çin öz vətəndaşlarına Yaponiyaya səyahət etməməyi tövsiyə edib. Çin aviaşirkətləri Yaponiya istiqamətindəki uçuşları azaldıb. Bundan başqa, Çin Yaponiyadan dəniz məhsullarının idxalını yenidən qadağan edəcəyini açıqlayıb. Çin tərəfi iki ölkə arasında elmi və mədəni tədbirləri də ləğv edib.