24 mart 2026 10:42
88

Beynəlxalq Enerji Agentliyi: Yaxın Şərqdə 40-dan çox enerji obyekti zədələnib

Beynəlxalq Enerji Agentliyinin (BEA) rəhbəri Fatih Birol bildirib ki, Yaxın Şərqdə doqquz ölkədə 40-dan çox enerji obyekti ciddi zərər görüb.

“İki sahil” xəbər verir ki, bu barədə o, Avstraliyanın Milli Mətbuat Klubunda çıxışı zamanı bildirib.

F. Birol qeyd edib ki, neft yataqları, neft emalı zavodları və boru kəmərlərinin fəaliyyətinin bərpası müəyyən vaxt tələb edəcək.

Onun sözlərinə görə, mövcud vəziyyət təsir baxımından 1970-ci illərin iki böyük neft böhranı və 2022-ci il qaz böhranı ilə müqayisə oluna bilər.

Üç həftədən çox davam edən Yaxın Şərq münaqişəsi enerji daşıyıcılarının tədarük zəncirlərini pozub və Hörmüz boğazının, demək olar ki, tam bağlanmasına səbəb olub. Bu isə neft, təbii qaz və yanacaq qiymətlərinin kəskin artmasına gətirib çıxarıb.

BEA rəhbəri əlavə edib ki, yaranmış fasilələr təkcə neft və qaz sahəsinə deyil, həm də neft-kimya, gübrə, kükürd və helium kimi qlobal iqtisadiyyat üçün vacib sahələrə təsir göstərəcək.