24 mart 2026 09:30
118

Yaponiya silah istehsalını dövlət nəzarətinə götürə bilər

Yaponiya hökuməti ölkənin müdafiə qabiliyyətini və hərbi istehsalı artırmaq məqsədilə sursat və silah fabriklərinin milliləşdirilməsi imkanlarını araşdırır.

“İki sahil” xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb.

Məlumata görə, bu məsələnin 2026-cı ildə təhlükəsizlik strategiyasının yenidən nəzərdən keçirilməsi çərçivəsində qərara alınması gözlənilir.

Milliləşdirmə variantı zavodların dövlət büdcəsi hesabına birbaşa maliyyələşdirilməsinə imkan verə bilər. Bununla belə, istehsalın idarə olunmasının özəl şirkətlərə həvalə edilməsi də mümkün ssenarilərdən biri kimi nəzərdən keçirilir.

Qeyd olunur ki, Yaponiyada uzun müddət silah ixracına qoyulan məhdudiyyətlər hərbi istehsalın kiçik həcmdə qalmasına səbəb olub. Bu isə xərclərin artmasına və gəlirliliyin azalmasına gətirib çıxarıb, nəticədə bir sıra şirkətlər müdafiə sənayesindən çəkilib.

Eyni zamanda, Yaponiya Müdafiə Nazirliyi sursat çatışmazlığı ilə bağlı narahatlığını artırır. “Nikkei” qəzetinin məlumatına görə, mövcud ehtiyatlar maksimum iki aylıq intensiv döyüşlər üçün kifayət edə bilər.