Pakistan hakimiyyəti İran hökuməti ilə ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff, həmçinin Amerika liderinin kürəkəni Cared Kuşner arasında gizli mesaj mübadiləsinin təşkilinə köməklik göstərib.
“İki sahil” xəbər verir ki, bu barədə "Financial Times" (FT) mənbələrə istinadən məlumat yayıb.
"Məsələdən agah olan iki şəxs bildirib ki, Pakistanın yüksək səviyyəli nümayəndələri Tehran ilə Uitkoff və Kuşner arasında gizli kommunikasiya kanalının fəaliyyətini təmin ediblər", - nəşr yazıb.
Qəzetin mənbələri izah ediblər ki, Pakistanın Vaşinqtonla müttəfiqlik münasibətlərinə baxmayaraq, ölkə ərazisində ABŞ hərbi bazalarının olmaması İslamabada Vaşinqton və Tehran arasında vasitəçi rolunu öz üzərinə götürməyə imkan verib.
Bununla belə, nəşrin həmsöhbətləri dəqiqləşdiriblər ki, diplomatik səylər kifayət qədər ilkin xarakterli mesajların ötürülməsindən ibarət olub.