Londonun şimalında yəhudi icmasına məxsus xeyriyyə təşkilatının təcili yardım maşınlarına qarşı törədilmiş yanğın hadisəsi ilə bağlı araşdırmanı terrorla mübarizə polisi aparır.
“İki sahil” AZƏRTAC-a istinadla xəbər verir ki, hadisə Qolders Qrin ərazisində yerləşən Hayfild-Roud küçəsində baş verib.
Yerli vaxtla gecə saat 01:40 radələrində hadisə yerinə cəlb olunan London Yanğın Xidməti dörd təcili yardım avtomobilinin alov içində olduğunu bildirib.
Metropoliten Polisi hadisəni antisemit nifrət zəminində törədilmiş cinayət kimi qiymətləndirir. Bununla belə, hüquq-mühafizə orqanları qeyd edir ki, hadisə hələlik terror aktı kimi rəsmən təsnif edilməyib. Eyni zamanda, internet üzərindən məsuliyyəti üzərinə götürdüyünü iddia edən qrup barədə məlumatlar da araşdırılır.
Yanğın zamanı avtomobillərdə olan qaz balonlarının partlaması nəticəsində yaxınlıqdakı yaşayış binalarının pəncərələrinə ziyan dəyib. Hadisənin söndürülməsi üçün 6 yanğınsöndürən maşın və təxminən 40 xilasedici cəlb olunub.
Təhlükəsizlik məqsədilə ətraf evlər boşaldılıb, təxminən 30 nəfər müvəqqəti sığınacağa yerləşdirilib. Hadisə nəticəsində xəsarət alan olmayıb və yanğın tam söndürülüb. Polis bildirir ki, indiyədək heç kim saxlanılmayıb.