Almaniyada sərnişin qatarə naməlum şəxslərin relslərin üzərinə qoyduğu beton plitələrə çırpılıb.
“İki sahil” xəbər verir ki, bu barədə "Bild" qəzeti məlumat yayıb.
Hadisə ötən gecə Rur bölgəsində baş verib. Axendən Hamma hərəkət edən qatar Kamen şəhəri yaxınlığında plitələrə çırpılıb. Maşinist onları görərək təcili əyləci işə salsa da, qəzanın qarşısını almaq mümkün olmayıb.
Polisin məlumatına görə, qatarda olan maşinist və 309 sərnişin xəsarət almayıb. Lakin qatara ciddi ziyan dəydiyi üçün hərəkətini davam etdirə bilməyib və sərnişinlər üçün əlavə qatar ayrılıb.
Hüquq-mühafizə orqanları hesab edir ki, plitələr relslərin üzərinə qəsdən qoyulub. Polis hadisənin siyasi motivli ola biləcəyini də istisna etmir.