22 mart 2026 17:07
117

Estoniyada Azərbaycan mədəniyyəti rüzgarı: Novruz və "Ocaq"ın 38 illik fəaliyyəti qeyd olunub

Estoniyanın paytaxtı Tallin şəhərində Novruz bayramına və Estoniya Azərbaycan icması “Ocaq”ın fəaliyyətinin 38 illiyinə həsr olunmuş tədbir keçirilib.

“İki sahil” xəbər verir ki, tədbir Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi, Estoniya Azərbaycan icması “Ocaq” və Azərbaycan Evinin təşkilatçılığı ilə Lindakivi konsert zalında baş tutub.

Tədbirdə Estoniya–Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Maria Jufereva-Skuratovski, Tallin şəhərinin vitse-meri, sabiq mədəniyyət naziri Tiit Terik, sabiq xarici işlər naziri Kristiina Ojuland, Mədəniyyət Nazirliyinin nümayəndəsi Artjem Tepuljok, İnteqrasiya Fondunun nümayəndəsi Aljona Stadnik, Milli Azlıqlar Forumunun prezidenti Natalja Ermakova, müxtəlif milli icmaların, eləcə də Estoniyada fəaliyyət göstərən türk xalqlarının icmalarının nümayəndələri, kütləvi informasiya vasitələrinin nümayəndələri və çoxsaylı soydaşlarımız iştirak ediblər.

Bayram proqramı çərçivəsində Azərbaycandan dəvət olunmuş tanınmış sənətçilərin çıxışları iştirakçılara unudulmaz anlar yaşadıb. Səhnədə Əməkdar artist, tarzən Ələkbər Ələkbərov, xanəndə Rəvan Qaçayev, Əməkdar artist, kamança ifaçısı Toğrul Əsədullayev və nağara ifaçısı Əli Məlikov çıxış edərək Azərbaycan milli musiqisini yüksək peşəkarlıqla təqdim ediblər.

Eyni zamanda, Estoniyada yaşayan, beynəlxalq müsabiqələrin dəfələrlə laureatı olan Nuran və Aman Niftəliyevlər də öz çıxışları ilə tədbirə xüsusi rəng qataraq tamaşaçıların böyük rəğbətini qazanıblar.

Tədbirin sonunda qonaqlara Azərbaycan milli mətbəxinin ləziz təamlarından ibarət zəngin Novruz süfrəsi təqdim olunub.

Tallində keçirilən bu bayram tədbiri dostluq, birlik, həmrəylik və multikultural dəyərlərin təntənəsi kimi yadda qalıb.