22 mart 2026 01:35
109

"Axios": Ağ Ev İranla mümkün sülh danışıqları ilə bağlı hazırlıqlara başlayıb

Amerika administrasiyasının nümayəndələri İranla ehtimal olunan sülh danışıqlarının keçirilməsinə hazırlıqla bağlı məsələlərin müzakirəsinə başlayıblar.

“İki sahil” xəbər verir ki, bu barədə mənbələrə istinadən "Axios" portalı yazıb.

Məlumata görə, ABŞ Prezidenti Donald Trampın administrasiyası İranla sülh danışıqlarının mümkün formatının ilkin müzakirəsinə başlayıb. Ağ Evdə hesab edirlər ki, "hərbi əməliyyatlar daha iki-üç həftə davam edəcək".

Portalın qeyd etdiyinə görə, Amerika Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Trampın kürəkəni Cared Kuşner "mümkün diplomatik təşəbbüslərə toxunan müzakirələrə cəlb olunublar". Mövcud məlumatlara əsasən, "son günlərdə Vaşinqtonla Tehran arasında birbaşa ünsiyyət baş verməyib, lakin Misir, Qətər və Böyük Britaniya hər iki tərəf arasında mesajlar ötürərək vasitəçi qismində çıxış edib".

"Misir və Qətər ABŞ və İsrailin diqqətinə çatdırıb ki, İran danışıqlar prosesində maraqlı olduğunu nümayiş etdirir, lakin olduqca sərt şərtlər irəli sürür. İran tərəfi atəşkəs, gələcəkdə hərbi əməliyyatların bərpa olunmayacağına dair zəmanət və kompensasiyaların ödənilməsini tələb edir", - materialda qeyd olunub.

Portal vurğulayıb ki, Vaşinqtonun mövqeyinə görə, münaqişənin dayandırılması şərtləri "Hörmüz boğazından sərbəst keçidin təmin edilməsini", Tehranın raket proqramının inkişafını beş illik müddətə dayandırmaq, uranın zənginləşdirilməsini durdurmaq və "Natanz, İsfahan və Fordodakı nüvə reaktorlarını istismardan çıxarmaq" öhdəliklərini nəzərdə tutmalıdır.

Bundan əlavə, Birləşmiş Ştatlar İranda "sentrifuqaların, eləcə də nüvə silahının hazırlanması proqramının həyata keçirilməsi üçün tətbiq oluna biləcək əlaqədar avadanlıqların istehsalı və istifadəsi üzərində" nəzarət qurmaq və "region dövlətləri arasında raket arsenalının min ədəddən çox olmamaqla məhdudlaşdırılmasını nəzərdə tutan silahların nəzarəti sahəsində sazişlərin imzalanmasına" nail olmaq niyyətindədir. Vaşinqton həmçinin İranın Livandakı "Hizbullah" təşkilatına, Yəməndəki husilərə, eləcə də Qəzza zolağındakı HƏMAS hərəkatına dəstək verməyi dayandırmasına çalışır.

Portal dəqiqləşdirib ki, Amerika Prezidenti İrana reparasiyaların ödənilməsi məsələsini nəzərdən keçirmək niyyətində deyil. Bununla belə, mənbələrdən birinin bildirdiyinə görə, Amerika tərəfi "dondurulmuş İran aktivlərinin qaytarılması məsələsinin müzakirəsini" mümkün hesab edir.