22 mart 2026 01:10
95

Nazir: Britaniya İrana qarşı hücum əməliyyatlarında iştirak etməyi planlaşdırmır

Tehranın Hind okeanında yerləşən Dieqo Qarsiya adasındakı birgə Britaniya-Amerika bazasına mümkün raket hücumundan sonra Birləşmiş Krallıq İrana qarşı hücum əməliyyatlarında iştirak etməyi planlaşdırmır.

“İki sahil” xəbər verir ki, bu barədə Böyük Britaniyanın xarici işlər naziri İvet Kuper “Sky News” telekanalına açıqlamasında bildirib.

Nazir qeyd edib ki, Baş nazir Kir Starmerin də vurğuladığı kimi, London İranın təhdidlərinə qarşı müdafiə dəstəyi verməyə hazırdır, lakin hücum əməliyyatlarında iştirak etməyib və bu mövqeyini qoruyacaq. O əlavə edib ki, Böyük Britaniya vəziyyətin mümkün qədər tez diplomatik yollarla həllinə sadiqdir.

Daha əvvəl “The Wall Street Journal” İranın Dieqo Qarsiyadakı bazaya iki ballistik raket atdığını, lakin onların hədəfə çatmadığını yazıb. BBC isə Böyük Britaniya Müdafiə Nazirliyinin bu məlumatı nə təsdiq, nə də təkzib etdiyini bildirib.

Martın 2-də Starmer Böyük Britaniyanın ABŞ-ın İrandakı raket anbarlarına zərbə endirməsi üçün öz hərbi bazalarından istifadəyə icazə verdiyini açıqlamışdı. Bu bazalara RAF Fairford və Dieqo Qarsiya daxildir. Bununla belə, Londonun birbaşa hücum əməliyyatlarına qoşulmayacağı vurğulanıb.

Martın 20-də Baş nazirin sözçüsü Böyük Britaniyanın ABŞ-a Hörmüz boğazı və regiondakı digər hədəflərlə bağlı əməliyyatlar üçün hava bazalarından istifadə etməyə icazə verdiyini də bildirib.