Ermənistanda iyunun 7-nə təyin edilmiş parlament seçkiləri ərəfəsində siyasi gərginlik pik həddə çatıb. Sülh gündəminə mənfi münasibət sərgiləyən, revanşist hisslərlə hərəkət edən müxalifət sosial-iqtisadi narazılıqları, idarəetmədəki boşluqları və xarici siyasətdəki ziddiyyətləri qabardaraq alternativ gündəm formalaşdırmağa səy göstərir. Bir neçə gün öncə Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, Koçaryan, Karapetyan və Tsarukyanın rəhbərlik etdiyi siyasi qüvvələrin Ermənistanla Azərbaycan arasında sülh müqaviləsini yenidən nəzərdən keçirmək siyasəti yürütdüyü açıq şəkildə görünməkdədir: “Bu o deməkdir ki, onlar müharibəyə qapı açmağa doğru irəliləyirlər”.
Paşinyan müxalifətin sülh gündəmini yenidən nəzərdən keçirmək planlarının qaçılmaz müharibə ilə nəticələnəcəyini bildirib. O, bu təhlükənin xüsusilə cari ilin payızında reallaşa biləcəyini vurğulayıb: “Analizlərimiz göstərir ki, onlar sentyabrda ağır nəticələri olacaq yeni “sentyabr müharibəsi” hazırlayırlar… Onlar sülhə qarşı olmadıqlarını deyirlər, lakin hakimiyyətə gələrlərsə, sülh müqaviləsini yenidən nəzərdən keçirəcəklərini bildirirlər. Bu isə müharibə deməkdir”. O bildirib ki, mövcud razılaşmaların yenidən nəzərdən keçirilməsi danışıqlar prosesinin tamamilə çökməsinə və yeni eskalasiyaya səbəb ola bilər. Şübhəsiz, bununla da onlar Ermənistanın təhlükəsizliyi üçün ölümcül təhdid yaradırlar. Bu qüvvələrin müharibədən nə qazanacaqları ilə bağlı suala cavab olaraq Paşinyan onları xarici ölkələrin maraqlarına xidmət edən “emissarlar” adlandıraraq vurğulayıb ki, onlar müharibədən forpostlar kimi faydalanacaqlar, bu, onlar üçün maliyyə baxımından sərfəlidir. Ermənistanın baş naziri Nikol Paşinyan, həmçinin rəhbərlik etdiyi siyasi qüvvənin iyunun 7-də keçiriləcək parlament seçkisində parlamentdə çoxluq yaratmaq üçün kifayət qədər səs toplayacağına ümid etdiyini də vurğulayıb. Yeri gəlmişkən, İrəvandakı brifinqdə Ermənistanın müdafiə naziri Suren Papikyan da baş nazir müxalifəti Azərbaycanla müharibəyə təhrik etməyə cəhddə günahlandırıb.
Xatırladaq ki, Ermənistanla Azərbaycan arasında de-fakto sülh bərqərar olub. Sərhədimizdə sakit vəziyyət hökm sürür, atəş açılmır, heç bir qurban və itki yoxdur. Azərbaycan Qazaxıstandan və Rusiyadan Ermənistana yüklərin daşınması ilə bağlı bütün məhdudiyyətləri aradan qaldırmaqla yanaşı, bu ölkəyə neft məhsullarının təchizatına da başlayıb. Ermənistan və Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri arasında ikitərəfli görüşlər keçirilib və bu proses davam etməkdədir. Azərbaycanın əsas hissəsi və Naxçıvan Muxtar Respublikası arasında maneəsiz əlaqəni təmin edəcək, eyni zamanda, ölkəmiz üzərindən keçən beynəlxalq nəqliyyat və tranzit marşrutlarının şaxələndirilməsinə xidmət göstərəcək “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) – Zəngəzur dəhlizinin əsası qoyulub. Görünür, bütün bunlar Koçaryan, Karapetyan və Tsarukyanın və digərlərinin ürəyincə deyil. Amma bütün bunlar Ermənistanın Azərbaycanla sülhdən başqa alternativ yolu olmadığını yaxşı anlayan sadə xalq tərəfindən təqdir olunur. Bu mənada demək olar ki, onlar 7 iyunda erməni xalqından tutarlı zərbə alacaq və bununla da birdəfəlik siyasi səhnəni tərk edəcəklər.
Qvami Məhəbbətoğlu, “İki sahil”