18 mart 2026 23:47
152

Qarayaxma kompaniyasının arxasında dayanan vətən xainləri üzə çıxmalıdır

Prezident ailəsinə qarşı aparılan qarayaxma kampaniyaları təsadüfi xarakter daşımır və bu proseslərin arxasında məqsədli şəkildə fəaliyyət göstərən qüvvələrin olduğu şübhə doğurmur. Bu hücumlar ayrı-ayrı şəxsləri hədəf almaqla kifayətlənmir, bütövlükdə dövlətin nüfuzuna və ictimai sabitliyə qarşı yönəlmiş planlı təzyiq aləti kimi çıxış edir. İllərdir davam edən bu çirkin informasiya hücumları artıq sistemli xarakter alıb.

Bu fikirləri “İki sahil”ə açıqlamasında politoloq Ramiz Alıyev bildirib.

“Aydındır ki, bu kampaniyaların ideya müəllifləri, təşkilatçıları və maliyyə mənbələri mövcuddur və onlar müəyyən siyasi məqsədlərə xidmət edirlər. Bu qüvvələrin ifşa olunması yalnız zəruri deyil, həm də qaçılmazdır. Müasir dövrdə informasiya müharibəsi ənənəvi münaqişə formalarını əvəz edərək daha təhlükəli mərhələyə qədəm qoyub. Sosial media platformaları üzərindən idarə olunan dezinformasiya, saxta gündəm yaratmaq cəhdləri və ictimai rəyin manipulyasiyası bu prosesin əsas alətlərinə çevrilib. Bu isə dövlətlərin informasiya təhlükəsizliyinə birbaşa təhdid yaradır”, - R.Alıyev əlavə edib.

Politoloq qeyd edib ki, belə şəraitdə hüquqi mexanizmlərin sərtləşdirilməsi, məsuliyyətin qaçılmazlığının təmin edilməsi və bu kampaniyaları idarə edən şəbəkələrin ifşası dövlətin qarşısında duran əsas vəzifələrdən biridir. Cəmiyyət də bu cür manipulyativ təsirlərə qarşı ayıq olmalı və obyektiv mövqedən çıxış etməlidir. Qarayaxma kampaniyalarına qarşı mübarizə təkcə reputasiyanın qorunması deyil, milli təhlükəsizliyin və dövlətçilik maraqlarının müdafiəsi məsələsidir.