18 mart 2026 22:53
108

Vens martın 19-da neft şirkətlərinin rəhbərləri ilə görüşəcək

ABŞ-nin vitse-prezidenti Cey Di Vens ABŞ və İsrailin İrana qarşı əməliyyatının səbəb olduğu enerji böhranı fonunda martın 19-da neft şirkətlərinin rəhbərləri ilə görüş keçirəcək.

“İki sahil” "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, görüş Vaşinqtondakı Amerika Neft İnstitutunda baş tutacaq.

Qeyd olunub ki, Vaşinqton administrasiyası yanacaq qiymətinin artması məsələsi ilə bağlı güclü siyasi təzyiqlə üzləşir. Analitiklərin fikrincə, ABŞ hakimiyyətinin enerji resurslarının qiymətlərini saxlamaq imkanları məhduddur.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayaraq respublikanın şəhərlərinə hava zərbələri endirib. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən hərbi bazalarına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb. Həmin gün İranın ali dini rəhbəri Əli Xamenei ABŞ və İsrailin hücumları nəticəsində öldürülüb.

İran Silahlı Qüvvələrinin "Xatəm əl-Ənbiya" Mərkəzi Qərargahının nümayəndəsi bildirib ki, İran dünya neft ixracının təxminən beşdə birinin keçdiyi Hörmüz boğazından ABŞ-yə və onun müttəfiqlərinə aid olan heç bir neft yükünün keçirilməsinə icazə verməyəcək.