Təl-Əviv yaxınlığındakı Ben Qurion hava limanında raket qəlpələrinin düşməsi nəticəsində üç özəl təyyarə zərər görüb.
“İki sahil” yerli mediaya istinadən xəbər verir ki, bu barədə İsrail Hava Limanları İdarəsi məlumat yayıb.
"Bu gün səhər saatlarında düşən qəlpələr nəticəsində üç özəl təyyarə zədələnib", - bəyanatda bildirilib.
Qurumun məlumatına görə, hadisələr son bir neçə gün ərzində baş verib. Təyyarələrdən biri yanıb, digər ikisi isə cüzi zədələr alıb.
Zərərçəkənlər barədə məlumat yoxdur.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.