18 mart 2026 20:20
111

Misir enerjiyə qənaət rejiminə keçir

Misirdə enerji istehlakını azaltmaq üçün bir sıra tədbirlər planlaşdırılır. Hökumətin qəbul etdiyi qərara görə, mağazalar, ticarət mərkəzləri və restoranlar martın 28-dən etibarən həftə içi günlərdə saat 21:00-da, cümə axşamı və cümə günləri isə saat 22:00-da bağlanacaq.

“İki sahil” xəbər verir ki, bu barədə Misirin Baş naziri Mustafa Məduli deyib. Qeyd olunub ki, enerji sahəsində böhran vəziyyəti aradan qalxan zaman bu qərar ləğv edilə bilər.

Vurğulanıb ki, yanacağın və enerjinin qənaətlə istifadəsi vacibdir. Ramazan bayramından dərhal sonra yeni inzibati paytaxtda yerləşən hökumət idarələrində işıqlandırma və enerji şəbəkəsi saat 18:00-dan sonra dayandırılacaq.

Baş nazir əlavə edib ki, Misir həftədə bir və ya iki gün məsafədən iş sisteminin tətbiqini nəzərdən keçirir. Lakin qeyd edilən sistem fabrik və zavodlara şamil edilməyəcək. “Ölkənin prioriteti sənaye və istehsal sisteminin davamlılığını təmin etməkdir”, - deyə Baş nazir vurğulayıb.

Beynəlxalq institutların ABŞ və İsrailin İrana qarşı müharibəsinin mənfi nəticələri ilə bağlı xəbərdarlıq etdiyini bildirən Baş nazir bu kontekstdə baş verənləri “ən böyük və ən çətin böhran” adlandırıb.