18 mart 2026 18:36
115

Paşinyan, Karapetyan, yoxsa Koçaryan?..

Ermənistanda 7 iyun parlament seçkiləri günü yaxınlaşdıqca müxalifət partiyaları fəallıqlarını artırmağa başlayıblar. Eks-prezident Levon Ter-Petrosyanın lideri olduğu “Erməni Milli Konqresi” Partiyasının qurultayı keçirilib. Partiyaya faktiki olaraq Levon Zurabyanın rəhbərlik etdiyinə görə, qurultay məhz onun baş nazirliyə namizədliyini irəli sürüb. "Erməni Milli Konqresi" Partiyası Samvel Karapetyanın "Güclü Ermənistan" Partiyası və digər siyasi qüvvələrlə konsolidasiya prosesinə başlamağa hazır olduğunu da bəyan edib. Bu isə ondan xəbər verir ki, müxalifət düşərgəsi hakim partiyaya qarşı ciddi hazırlıq içindədir və ciddi bloklaşma, birləşmə müşahidə olunacaq. Bundan əlavə, “Hayastan” bloku keçmiş prezident Robert Koçaryanın parlament seçkilərində baş nazir vəzifəsinə namizədliyini irəli sürüb.  Bu barədə blokun martın 16-da keçirilən yığıncağında qərar qəbul olunub.

Qeyd edək ki, “Hayastan” blokuna “Daşnaksütyun”, “Dirçələn Ermənistan”, və “Vahid Ermənistan” partiyaları daxildir. Sonuncu tədbirdə “İrəli” Partiyasının da bloka qoşulmaq barədə müraciəti qəbul olunub. Lakin “Hayastan”ın sıralarında “Daşnaksütyun” Erməni İnqilabi Federasiyası və “Dirçələn Ermənistan” Partiyasının üzvləri çoxluq təşkil edir. Ümumilikdə, bloka daxil olan partiyalar radikal baxışlı və siyasi mübarizə vasitəsi kimi terrorçuluğa üstünlük verən qüvvələrdən ibarətdir. Qarşıdan gələn seçkilərdə “Hayastan” bloku “Biz birlikdə bacararıq” şüarı ilə çıxış edəcəyini bildirib. Robert Koçaryanın komanda üzvləri əsas hədəflərinin Nikol Paşinyan hakimiyyətini dəyişmək olduğunu bəyan ediblər.

Hazırda parlamentdə 29 deputat mandatı ilə təmsil olunan “Hayastan” bloku 2021-ci ildə keçirilmiş parlament seçkilərində 21,9 faiz səs toplamışdı. Lakin həmin vaxt Pobert Koçaryan deputat mandatından imtina edərək parlamentə getməmişdi. Bu dəfə isə onun baş nazirliyə namizədliyini irəli sürməsi sabiq prezidentin parlamentin işində iştirak etmək niyyətindən xəbər verir.

Robert Koçaryanın siyasi “kölgə”dən çıxaraq fəallaşması, ilk növbədə, seçki prosesində əsas rəqabətin hansı qüvvələr arasında gedəcəyini deməyə imkan verir. Bu baxımdan, hazırda baş nazir Nikol Paşinyanın liderlik etdiyi “Vətəndaş Müqaviləsi” Partiyası, rusiyalı milyarder və hazırda həbsdə olan Samvel Karapetyanın sədrlik etdiyi “Güclü Ermənistan” Partiyası, eyni zamanda, Robert Koçaryanın rəhbərlik etdiyi “Hayastan” blokudur. Bundan başqa, keçmiş prezident Levon Ter-Petrosyanın “Erməni Milli Konqresi” Partiyası, Serj Sarkisyanın sədrlik etdiyi “Ermənistan Respublika Partiyası”, Aram Sarkisyanın “Respublika Partiyası” da seçkilərə qatımaq niyyətindədir. Lakin əsas seçki yarışının və siyasi konsolidasiyanın Nikol Paşinyan, Samvel Karapetyan və Robert Koçaryan arasında gedəcəyi gözlənilir.

Bütün rəy sorğuları “Vətəndaş Müqaviləsi” Partiyasının qalib gəlmək şansının yüksək olduğunu deməyə əsas verir. Dekabr ayında keçirilmiş sorğuda respondentlərin 16,5 faizi hakim partiyaya, 7 faizi “Güclü Ermənistan”a, 6,8 faizi isə “Hayastan” blokuna səs verməyə hazır olduğunu bildirmişdi. Mart ayının əvvəlində keçirilən sorğularda isə “Vətəndaş Müqaviləsi”nə səs vermək istəyənlərin sayı 29 faiz, “Güclü Ermənistan”ı seçənlərin sayı 10 faiz, “Hayastan” blokuna səs verəcəyini deyənlər isə 8 faiz təşkil etmişdi. Bütün bu göstəricilər müxalifətin qalib gəlmək şansının olmadığını göstərir. Son bir ildə keçirilən digər sorğuların müqayisəli təhlili Ermənistanda Koçaryanın sabit elektoratının 6,4-8 faiz təşkil etdiyini göstərir. Ona görə də “Hayastan” fraksiyanın seçkilərdə hakimiyyətə gələcəyi real görünmür.

Bir məqami da bildirək ki, Ermənistan Seçki Məcəlləsinə edilən son dəyişikliklər bu istiqamətdə Koçaryana əlavə maneə yaradır. Yeni qanunvericiliyə görə, partiya blokları üçün seçki barajı 7 faizdən 8 və 10 faizə qaldırılıb. “Ermənistan” blokuna 3-dən artıq partiya daxil olduğuna görə seçkilərdə 10 faizlik barajı aşmalıdır. Bu isə 8 faizlik reytinqə malik Koçaryanın komandası üçün ciddi problemlər deməkdir. Koçaryanın baş nazir postuna namizədliyini irəli sürməsi, ilk növbədə, Rusiyaya ünvanlanmış mesaj kimi qiymətləndirilə bilər. Rusiya Prezidenti Valdimir Putinin dostu olan Koçaryan seçkilərdə Kremlin Samvel Karapetyana verilə biləcək dəstəyi məhz özünə yönəltməyə çalışır. Bu baxımdan Robert Koçaryanın baş nazirliyı iddiasını ortaya qoyması Nikol Paşinyana deyil, daha çox Karapetyana qarşı demarş kimi şərh edilə bilər.

Bir sözlə, seçkilərə Nikol Paşinyanın timsalında vahid komanda və vahid liderlə gedən hakim “Vətəndaş Müqaviləsi” Partiyasından fərqli olaraq, müxalifət düşərgəsində pərkəndəlik müşahidə olunur. Eks-prezidenti Serj Sarkisyanla Robert Koçaryan arasında siyasi ziddiyyətləri də bura əlavə etsək, Rusiyaya bağlı müxalifətin birləşə bilməməsi Paşinyanın qələbə imkanlarını artırır.

Sevinc Azadi, “İki sahil”