18 mart 2026 18:15
113

Şirin içkilərin tərkibindəki gizli risk…

Gənclərin gündəlik həyatında geniş yayılmış bəzi qidalanma vərdişləri onların psixoloji sağlamlığına gözlənilmədən mənfi təsir göstərə bilər. Mütəxəssislərin qənaətinə görə, xüsusilə şəkərli içkilərin müntəzəm istehlakı yeniyetmələrdə narahatlıq səviyyəsinin artması ilə əlaqəli ola bilər.

Türkiyəli klinik psixoloq Aybige Üstüner qeyd edib ki, yeniyetməlik dövründə formalaşan qidalanma vərdişləri psixoloji rifaha birbaşa təsir göstərir. Onun sözlərinə görə, Böyük Britaniyada bir neçə universitet və tədqiqat qurumunun iştirakı ilə aparılan genişmiqyaslı araşdırmada 2000-2025-ci illər arasında dərc olunan elmi işlər təhlil edilib. Araşdırma nəticələrinə əsasən, şəkərli içkilərin, yəni bunlara daxil olan qazlı içkilər, enerji içkiləri, şirinləşdirilmiş sular, şəkərli çay və qəhvə kimi məhsulların yüksək səviyyədə istehlakı ilə yeniyetmələrdə narahatlıq, həyəcan pozuntuları arasında əlaqə müəyyən olunub. Meta-analiz göstərib ki, bu tip içkiləri çox istifadə edən gənclərdə narahatlıq pozuntusu riski təxminən 34 faiz daha yüksəkdir.

Mütəxəssislər vurğulayırlar ki, yeniyetməlik dövrü həm fiziki, həm də psixoloji inkişaf baxımından həssas mərhələdir. Bu dövrdə beyin inkişafı davam etdiyi üçün qidalanma vərdişləri uzunmüddətli təsirlər yarada bilər. Şəkər tərkibi yüksək, lakin qida dəyəri aşağı olan içkilərin tez-tez istehlakı yalnız fiziki sağlamlıq üçün deyil, eyni zamanda, psixoloji vəziyyət üçün də risk hesab olunur.

Araşdırmanın nəticələrində qeyd olunub ki, yüksək şəkər qəbulu qanda qlükoza səviyyəsinin kəskin şəkildə dəyişməsinə səbəb olur. Bu isə əvvəlcə qısamüddətli enerji artımı yaratsa da, daha sonra sürətli azalma ilə nəticələnərək yorğunluq, əsəbilik və gərginlik hisslərini artırır. Belə dalğalanmalar xüsusilə həssas yaş qruplarında narahatlıq əlamətlərini gücləndirə bilər.

Mütəxəssislər hesab edirlər ki, gənclərin qidalanma vərdişlərinin formalaşmasında ailə və məktəb mühüm rol oynayır. Sağlam həyat tərzinin erkən yaşlardan aşılanması, gündəlik su istehlakının artırılması və yüksək şəkərli içkilərin məhdudlaşdırılması həm fiziki, həm də psixoloji sağlamlığın qorunması baxımından vacibdir.

Şahnigar Əhmədova, “İki sahil”