18 mart 2026 16:45
97

Türkiyədə daxili reyslər üzrə 867 ƏLAVƏ UÇUŞ PLANLAŞDIRILIR

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Ramazan bayramı və məktəblərin tətilinin eyni dövrə təsadüf etməsi ilə əlaqədar hava nəqliyyatında gözlənilən sərnişin artımına qarşı bütün zəruri planlaşdırma işlərinin həyata keçirildiyini bildirib.

“İki sahil” Türkiyə mediasına istinadla xəbər verir ki, A.Uraloğlu qeyd edib ki, bayram və tətil dövründə artan sərnişin tələbatını qarşılamaq məqsədilə aviaşirkətlərlə koordinasiyalı şəkildə iş aparılıb: “Vətəndaşlarımızın səfərlərini daha rahat və planlı şəkildə həyata keçirə bilmələri üçün daxili reyslər üzrə 867 əlavə uçuş planlaşdırmışıq. Əlavə reyslər bayram tətilinin sonunadək davam edəcək.”

Məlumata görə, əlavə reyslərin ən böyük hissəsini Türk Hava Yolları həyata keçirəcək. Belə ki, şirkət daxili xətlər üzrə 368 əlavə uçuş yerinə yetirəcək. “Pegasus” Hava Yolları 271, “AJet” 178, “SunExpress” isə 50 əlavə reyslə daşıma gücünün artırılmasına töhfə verəcək.

Ümumilikdə 867 əlavə uçuşun həyata keçirilməsi ilə xüsusilə bayram ziyarətləri və istirahət məqsədli səfərlər zamanı yarana biləcək sıxlığın azaldılması nəzərdə tutulur. Nazir bildirib ki, yaradılan əlavə tutum hesabına sərnişinlər daha geniş uçuş seçim imkanına malik olacaqlar: “Vətəndaşlarımızın hava nəqliyyatına artan tələbatını qarşılamaq üçün bütün tərəfdaşlarımızla birgə fəaliyyətimizi davam etdiririk.”