18 mart 2026 16:20
112

Gənc məşqçi və hakimlər hazırlamaq məqsədi ilə təlimlər keçirilib

Şirvan şəhərində Dünya Badminton Federasiyasının (BWF) "Shuttle Time" layihəsi çərçivəsində məktəblilər arasında badmintonun kütləviliyini artırmaq, gənc məşqçi və hakimlər hazırlamaq məqsədi ilə təlimlər keçirilib. 

“İki sahil” xəbər verir ki, proqram çərçivəsində regional müəllimlər üçün "Shuttle Time Teachers" kursları təşkil olunaraq, badmintonun şagirdlərə öyrədilməsi üzrə praktiki məşğələlər təşkil edilib. Azərbaycan Badminton Federasiyası tərərfindən təyin edilmiş mütəxəssilər tərəfindən həyata keçirilən təlim Təhsil Respublika İdman Mərkəzinin Şirvan Şəhəri Uşaq Gənclər İdman Şahmat Məktəbində baş tutub. Məktəblilər təlim çərçivəsində badmintonla yaxından tanış olaraq nəzəri və praktik biliklərə yiyələniblər. 
BWF tərəfindən hazırlanmış, dünyanın ən yaxşı badminton layihələri sırasına daxil edilmiş, əyləncəli oyun əsaslı təlim sistemi uşaqların fiziki bacarıqlarını (sürət, çeviklik, koordinasiya) inkişaf etdirir, dözümlülüyü artırır. Layihənin əsas məqsədi ölkəmizdə badmintonun kütləviliyinə nail olmaqla yanaşı əlçatanlığını təmin etmək, məktəblilər arasında bu idman növünə maraq oyatmaq və gənc badminton məşqçiləri hazırlamaqdır. 

Proqramın cari ildə müxtəlif regionlarda keçirilməsi, bununla da badmintonun ölkə üzrə coğrafiyasının genişləndirilməsi nəzərdə tutulur.  Cari ildə “Shuttle Time” proqramının icrasına ilk olaraq Gəncədə yerləşən Mir Cəlal Paşayev adına 39 nömrəli tam orta məktəbdə icrasına başlanılıb.

Layihə Dünya Badminton Federasiyası, Avropa Badminton Konfederasiyası (BEC), Azərbaycan Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi və Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilir.