18 mart 2026 13:03
106

Peris Hilton qadın sahibkarlar üçün YARDIM FONDU YARADIB

Peris Hilton təbii fəlakətlərdən zərər çəkmiş qadın sahibkarları dəstəkləmək məqsədilə yeni proqram başladığını elan edib. Bu təşəbbüs ulduzun 2025-ci ildə Los-Ancelesdə baş verən yanğınlardan sonra başladığı xeyriyyə fəaliyyətinin davamıdır. Həmin yanğınlarda Hilton özü də evini itirmişdi.

“İki sahil” xəbər verir ki, bu barədə "Kommersant" məlumat yayıb.

Yeni yaradılan fond "Back in Business Recovery Fund" adlanır. Fond üçün Hiltonun şirkəti ilkin olaraq 350 min dollar ayırıb. Layihənin məqsədi mart ayının sonuna qədər ən azı 1 milyon dollar vəsait toplamaqdır. Tərəfdaşlar arasında 11:11 Media Impact və GoFundMe.org yer alır.

Peris Hilton bildirib ki, qadınlara məxsus bizneslər bir çox icmaların əsasını təşkil edir və onların dəstəklənməsi həyatların yaxşılaşmasına kömək edir.

Qeyd edək ki, daha əvvəl bu təşəbbüs çərçivəsində yanğınlardan zərər çəkmiş qadın sahibkarlara məxsus onlarla müəssisəyə ümumilikdə 1 milyon dollardan çox vəsait ayrılıb. Bu dəstək çörəkxana, kitab mağazası və gözəllik salonu kimi bizneslərin icarə xərclərini ödəməyə, əməkhaqqı verməyə və avadanlıqları yeniləməyə imkan yaradıb.

Yeni fond ABŞ-da fəaliyyət göstərən 152 qadın biznes mərkəzi vasitəsilə qrantlar paylayacaq. Bu mərkəzlər sahibkarlara təlim və məsləhət xidmətləri göstərir. Hazırda ABŞda qadınlara məxsus 14,5 milyon müəssisə fəaliyyət göstərir ki, bu da ümumi bizneslərin 39%-ni təşkil edir.