18 mart 2026 12:23
98

ABŞ İrana zənginləşdirilmiş uranla bağlı NƏ TƏKLİF EDİB?

ABŞ İrana enerji reaktorlarında istifadə oluna bilən aşağı zənginləşdirilmiş uranı pulsuz və daimi əsasda tədarük etməyi təklif edib.

“İki sahil” xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb.

Məqalədə qeyd olunur ki, İran ətrafında vəziyyət o qədər gərginləşib ki, bu, ABŞ-ı hücumdan az əvvəl İranın xarici işlər naziri Abbas Araqçi tərəfindən irəli sürülən təklifə yenidən baxmağa vadar edə bilər.

Nəşrin məlumatına görə, Araqçi bildirmişdi ki, Tehran mövcud bütün nüvə materiallarını enerji reaktorlarında istifadə olunan səviyyəyədək zənginləşdirməyə hazırdır və bu proses MAQATE-nin nəzarəti altında həyata keçirilə bilər. Lakin İran bu materialların ölkədən çıxarılmasına razı deyil.

ABŞ nümayəndələri isə bu yanaşmanı rədd edərək bildiriblər ki, heç bir halda İranın nüvə yanacağı ehtiyatlarına sahib qalmasına icazə verilməməlidir.

Məlumata görə, Vaşinqton alternativ variant kimi İrana aşağı zənginləşdirilmiş uranın daimi və pulsuz tədarükünü təklif edib. Lakin Araqçi bu ideyanı qəbul etməyib.

Tərəflərin daha bir görüş keçirmək ehtimalını müzakirə etdiyi, lakin fevralın 28-də səhər saatlarında baş verən ABŞ–İsrail hücumu səbəbindən bu planın baş tutmadığı qeyd olunur.