17 mart 2026 12:06
93

Qlobal proseslərə təsir göstərən aktor

XIII Qlobal Bakı Forumu beynəlxalq münasibətlərin müzakirəsi baxımından xüsusi diqqət çəkən tədbirdir. “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusuna həsr olunmuş forumda çıxış edən cənab İlham Əliyev bir sıra məsələlərə diqqət yönəltdi. Dövlət başçısının çıxışında Azərbaycanın son onilliklərdə keçdiyi siyasi-hərbi yol, regional sülh təşəbbüsləri, enerji təhlükəsizliyinə verdiyi töhfə və beynəlxalq nəqliyyat-kommunikasiya layihələrində oynadığı rol xüsusi vurğulandı.

Prezident İlham Əliyev Azərbaycan ərazilərini güc vasitəsilə azad etdikdən sonra Ermənistanla siyasi dialoq yolu ilə sülhə nail olduğunu diqqətə çatdırdı. Qeyd etdi ki, müasir tarixdə nadir hallarda rast gəlinən bu model göstərir ki, beynəlxalq hüquqa əsaslanan mövqe və güclü siyasi iradə sülhün təmin olunmasına gətirib çıxara bilər. Dövlət başçısının sözlərinə görə, Azərbaycan və Ermənistan arasında sülh prosesinin sürətlə irəliləməsi də mühüm siyasi hadisədir. 2023-cü ilin sentyabrında baş vermiş son hərbi qarşıdurmadan sonra 2025-ci ilin avqustunda sülh sazişinin paraflanması regionda yeni siyasi reallıqlar yaradıb. Bu gün artıq sərhəddə sabitlik hökm sürür və tərəflər sülhün real nəticələrini görməyə başlayıblar.

Prezident İlham Əliyevin çıxışında mühüm istiqamətlərindən biri də enerji təhlükəsizliyi məsələsi idi. Dövlət başçısının qeyd etdiyi kimi, boru kəmərləri vasitəsilə təbii qaz ixracatçısı kimi, ölkələrin coğrafi əhatəsinə görə Azərbaycan dünyada birinci yerdədir: “İxrac həcmi artmaqda davam edir və artacaq, bu isə bir çox ölkə üçün enerji təhlükəsizliyi baxımından mühüm amildir. Azərbaycan beynəlxalq bazara etibarlı neft təchizatçısı kimi enerji təhlükəsizliyinə töhfəsini verməyə davam edəcək”.

Forum çərçivəsində keçirilən müzakirələr göstərir ki, müasir dövrdə qlobal problemlərin həlli üçün beynəlxalq təşkilatların fəaliyyətinin daha da gücləndirilməsi, regional əməkdaşlıq mexanizmlərinin inkişaf etdirilməsi və dövlətlər arasında etimad mühitinin möhkəmləndirilməsi zəruridir. Bu baxımdan Qlobal Bakı Forumu kimi platformalar müxtəlif baxışların qarşılıqlı anlaşma və dialoq mühitində müzakirə olunmasına şərait yaradır.

Bütün bu faktlar bir daha göstərir ki, Azərbaycan son illərdə təkcə regional münaqişəni həll edən ölkə kimi deyil, həm də təhlükəsizlik, enerji və nəqliyyat sahələrində qlobal proseslərə təsir göstərən aktor kimi çıxış edir.

Mətanət Səfərli,

YAP Nəsimi rayon təşkilatının əməkdaşı