Efiopiya Federativ Demokrativ Respublikasında “ASAN xidmət” modeli əsasında yaradılmış növbəti “MESOB” dövlət xidməti mərkəzlərinin açılışı olub.
“İki sahil” xəbər verir ki, Efiopiya tərəfinin dəvəti əsasında Dövlət Agentliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Məhəmmədəli Xudaverdiyev Adama şəhərində baş tutmuş açılış mərasimində iştirak edib. Efiopiya tərəfindən isə Federal Dövlət Xidməti Komissiyasının rəhbəri Mekuria Hayle, Oromiya regionunun vitse-prezidenti Avelu Abdi və digər rəsmi şəxslər qatılıblar.
Müvafiq xidmət mərkəzlərində əhaliyə dövlət qurumları və özəl təşkilatlar tərəfindən ümumilikdə 130-dan çox xidmət təqdim olunur. Mərkəzlərin infrastrukturuna xidmət masaları, məlumat məntəqələri, gözləmə otaqları, özünəxidmət nöqtələri və uşaq guşəsi daxildir. Hazırda Efiopiyada “ASAN xidmət” təcrübəsi əsasında 36 xidmət mərkəzi fəaliyyət göstərir. Cari ilin sonuna qədər 200-dən çox xidmət mərkəzinin açılışı planlaşdırılır.
Xatırladaq ki, “ASAN xidmət” təcrübəsinin Efiopiyada tətbiqi ilə bağlı 2024-cü ilin may ayında Dövlət Agentliyi ilə Efiopiyanın müvafiq qurumu arasında Anlaşma Memorandumu imzalanıb.