XIII Qlobal Bakı Forumu beynəlxalq siyasət, təhlükəsizlik və əməkdaşlıq məsələlərinin müzakirə olunduğu mühüm platformalardan biri kimi diqqət mərkəzində olub. “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusuna həsr olunan forum qlobal çağırışların müzakirəsi, müxtəlif ölkələrin mövqelərinin uzlaşdırılması və gələcək əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Forumda iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev çıxışında müasir beynəlxalq münasibətlər sistemində təhlükəsizlik, sabitlik və müdafiə məsələlərinin prioritetliyini vurğulayaraq bu istiqamətdə mühüm mesajlar verib.
Müasir dünyada baş verən geosiyasi proseslər, yeni gərginlik ocaqlarının yaranması və mövcud münaqişələrin davam etməsi təhlükəsizlik məsələsini hər bir ölkənin gündəliyində birinci sıraya çıxarıb. Təhlükəsizlik, sabitlik və müdafiə təmin olunmadan digər sahələrdə əldə olunan inkişaf və nailiyyətlər öz əhəmiyyətini itirə bilər. Uzun illər ərzində sosial-iqtisadi inkişaf üçün böyük səylər göstərmiş ölkələr bu gün müxtəlif risklərlə üz-üzə qalır. Bu baxımdan beynəlxalq əməkdaşlığın gücləndirilməsi və birgə səylərin artırılması xüsusi önəm kəsb edir.
Prezident İlham Əliyev çıxışında bildirib ki, regional təhlükəsizlik Azərbaycan üçün hər zaman bir nömrəli məsələ olub. Uzun illər ərzində ölkəmizin əsas məqsədi işğal altındakı ərazilərin azad edilməsi, suverenliyin və ərazi bütövlüyünün bərpası idi. Bu istiqamətdə aparılan mübarizə beynəlxalq hüququn norma və prinsiplərinə uyğun şəkildə həyata keçirilib. Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün bərpası təxminən 30 il davam edən mürəkkəb bir proses olub və bu, BMT Nizamnaməsinin 51-ci maddəsində təsbit edilən özünümüdafiə hüququ çərçivəsində reallaşdırılıb.
Azərbaycan işğal olunmuş ərazilərini güc vasitəsilə azad etməklə yanaşı, sonrakı mərhələdə sülhə siyasi yollarla nail olmağı bacarıb. Bu baxımdan dövlətimizin təcrübəsi müasir beynəlxalq münasibətlər sistemində nadir nümunələrdən biri hesab edilir. Təxminən 30 il ərzində ölkə ərazisinin 20 faizi işğal altında qalmış, milyonlarla insan etnik təmizləməyə məruz qalaraq doğma torpaqlarından didərgin düşmüşdü. Həmin dövrdə BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılmasını tələb edən qətnamələri qəbul olunsa da, uzun illər ərzində onların icrası təmin edilməmişdi.
Prezident İlham Əliyev çıxışında qeyd edib ki, əgər sülh yolu ilə həll üçün bütün ümid itir, ancaq həqiqət və ədalət, beynəlxalq hüquq sizin tərəfinizdədirsə, sülhə nail olmaq üçün gücdən istifadə etmək zəruridir. Azərbaycan da məhz belə bir şəraitdə öz suverenliyini və ərazi bütövlüyünü bərpa etdi. Daha sonra siyasi proseslər vasitəsilə regionda sülhün və sabitliyin təmin olunması istiqamətində mühüm addımlar atılıb.
Azərbaycan və Ermənistan arasında sülhün əldə olunması qlobal münaqişələr fonunda diqqətəlayiq nümunədir. 2023-cü ilin sentyabrında baş vermiş son qarşıdurmadan sonra 2025-ci ilin avqustunda sülhün əldə olunması normallaşma prosesinin olduqca qısa müddətdə həyata keçdiyini göstərir. Bu isə ilk növbədə güclü siyasi iradənin mövcudluğu və müharibənin davam etməsinin heç bir tərəfə fayda gətirmədiyinin dərk edilməsi ilə bağlıdır. Prezident İlham Əliyev vurğulayıb ki, sülhdən daha yaxşı heç nə yoxdur.
Dövlətimizin başçısı, həmçinin beynəlxalq hüququn və beynəlxalq təşkilatların qərarlarının icra edilməsinin vacibliyini vurğulayıb. Beynəlxalq hüquqa hörmət edilmədikdə və qəbul olunmuş qətnamələr icra olunmadıqda dövlətlərin ərazi bütövlüyü və suverenliyi təhlükə altına düşür. Bu baxımdan beynəlxalq münasibətlər sistemində hüquq normalarına əsaslanan yanaşma əsas prinsip kimi qorunmalıdır.
Prezident İlham Əliyev çıxışında Azərbaycanın sülhə sadiqliyini nümayiş etdirən addımlara da toxunub. Azərbaycan Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində mühüm addımlar atıb, o cümlədən müxtəlif istiqamətlərdən malların daşınmasına qoyulan məhdudiyyətləri aradan qaldırıb və ticarət əlaqələrinin bərpasına şərait yaradıb. Ermənistan üçün həyati əhəmiyyət daşıyan neft məhsullarının ixracına başlanılması da ölkəmizin regionda uzunmüddətli və davamlı sülhün tərəfdarı olduğunu göstərir.
Müasir dövrdə enerji təhlükəsizliyi ölkələrin milli təhlükəsizliyinin ayrılmaz tərkib hissəsinə çevrilib. Qlobal enerji bazarında baş verən dəyişikliklər, neft və qaz qiymətlərinin kəskin dalğalanması dünya iqtisadiyyatına ciddi təsir göstərir. Bu baxımdan enerji bazarında sabitliyin qorunması və proqnozlaşdırıla bilən qiymət siyasətinin aparılması mühüm əhəmiyyət kəsb edir.
Azərbaycan enerji sahəsində geniş imkanlara malik ölkə kimi beynəlxalq enerji təhlükəsizliyinə mühüm töhfələr verir. Ölkəmiz neft, qaz, neft-kimya məhsulları və elektrik enerjisinin istehsalı və ixracı ilə məşğuldur. Son illər ərzində Azərbaycanın təbii qaz ixrac etdiyi ölkələrin sayı əhəmiyyətli dərəcədə artıb. Əgər bir il əvvəl Azərbaycandan qaz alan ölkələrin sayı 12 idisə, artıq bu göstərici 16-ya çatıb. Bu isə dövlətimizin enerji bazarında etibarlı tərəfdaş kimi mövqeyinin daha da möhkəmləndiyini göstərir.
Dövlət başçısı çıxışında nəqliyyat və logistika sahəsində əldə olunan nailiyyətlərə də toxunub. Müasir dünyada nəqliyyat və logistika marşrutlarının təhlükəsiz və fasiləsiz fəaliyyəti qlobal iqtisadiyyat üçün mühüm əhəmiyyət daşıyır. Münaqişələr və siyasi gərginliklər isə bu marşrutların fəaliyyətinə mənfi təsir göstərir. Azərbaycan isə strateji mövqeyindən istifadə edərək regional və qlobal nəqliyyat dəhlizlərinin inkişafında mühüm rol oynayır.
Bu gün Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə əsas tərəfdaşlardan biridir. Ölkəmiz Orta Dəhlizin inkişafında fəal iştirak edir və bu istiqamətdə geniş infrastruktur layihələri həyata keçirib. Azərbaycanın ərazisində hər iki nəqliyyat dəhlizi üzrə əsas tikinti layihələri artıq tam şəkildə başa çatdırılıb. Bu isə ölkəmizin qlobal ticarət və logistika sistemində strateji mövqeyini daha da gücləndirir.
Beləliklə, XIII Qlobal Bakı Forumunda Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər müasir beynəlxalq münasibətlər sistemində təhlükəsizlik, sülh, enerji və nəqliyyat əməkdaşlığının əhəmiyyətini bir daha nümayiş etdirir. Azərbaycan öz siyasi iradəsi, balanslı xarici siyasəti və strateji təşəbbüsləri ilə regional sabitliyin təmin olunmasına, beynəlxalq əməkdaşlığın genişlənməsinə və qlobal təhlükəsizlik mühitinin möhkəmlənməsinə töhfə verməkdə davam edir.
Elşən Alıyev,
YAP Daşkəsən rayon təşkilatının sədr müavini